“Yalançının metal girsin gözünə” – “Quska” məhkəmədə şeir dedi

“Yalançının metal girsin gözünə” – “Quska” məhkəmədə şeir dedi

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev deyir ki, onun haqqında hökmdə Türkiyədə tutulub Azərbaycana təhvil verildiyini göstərməyiblər. Bakı Hərbi Məhkəməsinin hökmündə yazılanlardan belə çıxır ki, onu Bakıda hava limanında saxlayıblar. 

Bakı Apelyasiya Məhkəməsində H.Abdullayevin 6 il azadlıqdan məhrum edilməsi haqqında hökmdən verdiyi şikayətə baxılır. O, məhkəmədə çıxışında bildirib ki, haqqındakı hökm əsassızdır, heç bir sübuta söykənmir. Onun sözlərinə görə, 6 il azadlıqdan məhrum edilməsi siyasi sifariş idi:

"Mən onlardan çox yox, heç olmasa, bircə dənə sübut və konkret bir dəlil göstərmələrini xahiş edirdim. Onlar isə çox aciz, heç bir xəcalət və utanc hissini keçirməyən baxışları ilə suallardan qaçırdılar. Bir vəzifə o qədərmi şirin oldu, həqiqəti, haqq sözünü görməz olduz. Göz önündə olanları bilməz oldunuz?" H.Abdullayev deyir ki, "məni Türkiyədə quldurcasına, İnterpolun axtarış qərarı olmadan tutublar".

Onun sözlərinə görə, Bakı Hərbi Məhkəməsi hökmdə 22 aprel 2018-ci ildə tutulub, Hava Nəqliyyatında polis idarəsinə təhvil verildiyini yazıb: "Lakin bir kəlmə də qeyd edilməyib ki, Hüseyn Abdullayev 21 aprel 2018-ci ildə Türkiyənin Terrorla Mübarizə Şöbəsinin 15 nəfər əməkdaşı tərəfindən, İstanbulun mərkəzində qanunsuz saxlanılıb, faktiki oğurlanıb. Bir gün sonra bütün beynəlxalq hüquq və prinsiplərə zidd olaraq, İstanbulda hava limanında Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib, zorakılıqla təyyarəyə oturdularaq, 22 aprel 2018-ci ildə Bakıya gətirilib".

Almaniyadan rəsmi siyasi mühacir statusu aldığını, bu ölkənin pasportunu daşıdığını vurğulayan H.Abdullayevin fikrincə, hökmü yazanlar da bunu bildiyi üçün faktları təhrif ediblər. O, məhkəmədən Almaniyanın Azərbaycandakı səfirliyinə də müraciət edib: "İnsan haqlarına böyük önəm verən Almaniya mənim ikinci vətənimdir. Buradan Almaniya səfirliyinin nümayəndələrinə bildirirəm ki, həyatım və səhhətim təhlükə altındadır. Xahiş edirəm, mənim qanunsuz həbsimə, hər gün məruz qaldığım mənəvi və ağır psixoloji işgəncələrə biganə qalmayın. Hakimiyyətin əsas hədəflərindən biri mənim fiziki məhvimə nail olmaqdır".

H.Abdullayev ona qarşı irəli sürülmüş vergidən yayınma, dələduzluq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlar haqqında danışıb. Bildirib ki, ittihamları təsdiqləyən bir dənə də sübut yoxdur, hamısı cəfəngiyyatdır: "Hərdən çox fikirləşirəm, içim özümü yandırır. 12 ildir ki davam edən təqiblər nəyin qarşılığı və nəyin təşəkkürüdür? Mən ona görə mübarizə aparmışdım ki, kimlərinsə şəxsi marağına və çirkin intriqalarına qurban gedim? Mən ona görə dəfələrlə həyatımı riskə atmışdım ki, məni hər yoldan keçənin ayağına versinlər? Keçmişdəki xidmətlərimin əziyyəti, xoş niyyəti və əsas məqsədi bir olub - vətənimdə azad, demokratik və sözün əsl mənasında hüquqi bir sistemin qurulması, dövlətçiliyimizin möhkəmlənməsi. Heç kim düşünməsin ki, bugünkü əmin-amanlıq, çox böyük çətinliklərə əldə edilmiş sabitlik göydən düşüb. Bu yolda öz cavanlığını və ən gözəl illərini qurban verən var".

H.Abdullayev ittihamda yer alan metal alveri haqda da danışıb. Bildirib ki, 1990-cı illərdə Azərbaycanda yox, Ukraynada metal biznesilə məşğul olub. 2000-ci ildən isə ümumiyyətlə, metal biznesi ilə məşqul olmayıb, Azərbaycanda heç vaxt kimsədən bir qram da metal alıb-satmayıb. O, metal alveri ittihamıyla əlaqədar yazdığı şeiri də məhkəmədə oxuyub:

Söz deyişi gəlib çıxıb indiyə

Aldanmayın şan-şöhrətə, kürsüyə.

Şər söyləyən əmindirsə özünə,

Yalançının metal girsin gözünə.

Yorulmuşam təkrar-təkrar deməyə

Burda nə var anlamağa, bilməyə?

Qoy dinməsin hörmət edən özünə

Yalançının metal girsin gözünə.

H.Abdullayev onunla birlikdə mühakimə olunan və Bakı Hərbi Məhkəməsinin hökmüylə cərimə cəzasına məhkum edilən anasının da günahsız olduğunu söyləyib. Onun sözlərinə görə, anasına 50 min dollar pul göndərməsi, onun həmin pulları ölkədən qanunsuz çıxmaq üçün sərhədçilərə verməsi barədə yazılanlar da yalandır. H.Abdullayev çıxışının sonunda ölkədə məhkəmə-hüquq sisteminin durumundan danışıb:

"Azərbaycandakı məhkəmələrə və hüquq sisteminə inanmaq səhranın ortasında su axtarmaq, yaxud da, alça gətirən ağacdan alma gözləmək kimi bir şeydir. Buna baxmayaraq, sizdən mənə bəraət verməyinizi xahiş edirəm. Bunu istəmək mənim hüququm və tam mübahisəsiz haqqımdır". Məhkəmə prosesi dekabrın 10-na qədər təxirə salınıb.

H.Abdullayev Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. / Criminal.az


OXŞAR XƏBƏRLƏR