Cəmİyyət
Gündəm

Yağış suları iki qurumu üz-üzə qoydu - “Azərsu”dan Bakı meriyasının ittihamlarına cavab

Yağış suları iki qurumu üz-üzə qoydu - “Azərsu”dan Bakı meriyasının ittihamlarına cavab
"Azərsu” ASC Bakı Şəhər İcra hakimiyyətinin dünənki yağışla bağlı quruma ünvanladığı ittihamlara cavab verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, dünənki yağışdan sonra yaranmış problemin səbəbi qısa müddət ərzində aylıq normadan artıq yağıntının düşməsidir. O, dünən "Azərsu”nun gücləndirilmiş iş rejimində işlədiyini və təxliyə xətlərinin açılmasında hər hansı bir gecikmə olmadığını vurğulayıb: 

""Azərsu” yağıntıdan sonra təxliyyə xətlərini açmaqla Neftçilər prospekti və "Sahil” metrosunu su altında qalma təhlükəsindən xilas edib” deyən A. Cəbrayıllı bunları əlavə edib: "3 təxliyə xəttimiz var. Neftçilər və Azadlıq prospektləri istiqamətində və Səməd Vurğun prospektində. Biz şəhərdəki vəziyyətlə bağlı xəbər alan kimi dərhal həmin iki təxliyə xəttini açmışıq. Bununla da su normal şəkildə dənizə axıdılıb.

3-cü təxliyə xəttimiz Yusif Məmmədəliyev küçəsindədir. Y.Məmmədəliyev küçəsindəki təxliyə xəttinin arxa hissəsindən böyük həcmdə gələn suyun yaratdığı təzyiq nəticəsində çətinliklər yaranıb, lakin bu da qısa müddətdən sonra aradan qaldırıldı”.

Qurum rəsmisi kollektorların gücünün zəif olması ilə bağlı iddialara da cavab verib. Bildirib ki, həmin qurğular Sovet dövründə çəkilib:
"2010-2015-ci illərdə isə Almaniyadan gətirilmiş robotlarla yoxlanılıb, xüsusi maşınlarla yuyulub. 2 il öncə xətlərin 100 faiz ötürücülük qabiliyyəti tam təmin edilib”.

Qeyd edək ki, dünən Bakıda 1 saata yaxın yağış yağması şəhəri iflic vəziyyətə qoyub. Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı açıqlama yayaraq "Azərsu”nu ittiham edib.

"Mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olub. Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən çoxsaylı yeni tikililərin daha da çoxalması, həmçinin müstəqil qurum olan "Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi də səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılmaması da əlavə problem yaratmışdır. Sonradan bu problem aradan qaldırılmış və axıdılan suyun səviyyəsi kəskin azalmışdır. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün "Azərsu” ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir”, - deyə ittihamda qeyd edilir.
 
 /Azxeber.com
AdRiver

XƏBƏR LENTİ