\"Hər an nəsə baş verə bilər\" - Yağışlardan sonra Bayılla bağlı SON VƏZİYYƏT

\
Xəbər verdiyimiz kimi, ötən ayın sonlarından etibarən Bayılda sürüşmə sahəsində - teleqüllədən 200-250 m cənub-şərqində torpaq qatında müxtəlif istiqamətli çatlar qeydə alınıb. Ekspertlərin sözlərinə görə yağışların yağması, çoxsululuq sürüşmə zonası üçün təhlükə yaradır. 
 

Maraqlıdır, yağış suları hazırda ərazidə hər hansı təhlükə yaradıbmı? Ərazidəki son vəziyyəti araşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovla əlaqə saxladıq.
 

Bu dəqiqələrdə sürüşmə zonasına baş çəkən Ə.Qaralov Sfera.az-a açıqlamasında bildirib ki, mövsümlə əlaqədar olaraq atmosfer çöküntülərinin miqdarından artıq düşməsi sürüşməyə meyilli ərazilərdə təhlükəyə səbəb olur:
 
 
"Beləcə sürüşməyəmeyilli torpaq qatı doyur, ağırlıq qüvvəsi isə artır. Nəticə torpaq qatında aralardakı dayanıqlılıq zəifləyir və yamacboyu sürüşmə baş verir”.
 
Ə.Qaralovun sözlərinə görə hazırda ərazidə yağışın yağmaması o demək deyil ki, təhlükə aradan qalxıb: "Demək olmaz ki, ərazidə vəziyyət sabitləşib. Hər an nəsə baş verə bilər”.
 

Hazırda sakinlərlə söhbətləşdiyini deyən mütəxəssis onların da narahatlığını ifadə edib:
 
"Onlar da narahatdır. Ərazidəki vəziyyəti öyrənmək üçün gündüz bura baş çəkir, belə soyuq havada isinmək üçün ocaq qalayıb bir müddət evlərinin ətrafında dayanırlar”.  

Ə.Qaralov bildirib ki, hazırda çatlar üzərində gözlə görünəcək hər hansı dəyişikliyi sezmək mümkünsüzdür:
 

"Əraziyə yağış yağsa da, çatlar arasında sulululuq müşahidə edilmir. Ehtimal ki, yağış suları yerin dibinə çöküb”.
 

Xatırladaq ki, ötən həftə Nazirlər Kabineti Bayılda sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı qərar qəbul edərək onlara kirayə pulu verib. Hazırda 98 ailə kirayədə yaşayır.
 
 
Aydan Lətifova

OXŞAR XƏBƏRLƏR