Sərxoş azərbaycanlı təyyarədə dava saldı, belə tutuldu - VİDEO
Ötən gün martın 11-də Rusiyada Orenburq-Moskva reysi ilə uçan təyyarədə azərbaycanlı sərnişin dava salıb və tutulub.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, insident barədə əvvəlcə özünün Twitter bloqunda Orenburqun keçmiş meri Yuri Meşeryakov məlumat yayıb. O, aviaxuliqanın zərərsizləşdirilməsi zamanı polisin işini tərifləyib.
Daha sonra insident haqda Rusiya DİN-in sözçüsü İrina Volk məlumat yayıb. Onun bildirdiyinə görə, saat 20.30 radələrində hava gəmisinin kapitanı nəqliyyat polisi şöbəsinə təcili polis naryadının tələb edildiyi barədə məlumat göndərib. Nəqliyyat polisi operativ şəkildə hadisə yerinə-Orenburq aeroportuna gedib. Məlum olub ki, 37 yaşlı Azərbaycan vətəndaşı təyyarəyə oturduqdan sonra özünü qeyri-adekvat aparıb.
O, kobud ifadələr, söyüşlər işlədib və heyət üzvlərinin işinə mane olub. Bələdçilərin iradlarına məhəl qoymayıb. Xarici əlamətlərinə görə sərnişinin sərxoş olduğu təxmin edilib. Hava gəmisinin kapitanı sərnişini düşürmək qərarı verib. Nəticədə polis əməkdaşları sərnişini reysdən düşürüblər və növbətçi hissəyə aparıblar. Rusiya DİN-in mətbuat xidməti bildirir ki, sərnişin təyyarədə polisin qanuni tələblərinə məhəl qoymayıb və onlara fəal müqavimət göstərib, formalarından yapışıb. Nəticədə sərnişinə qarşı güc tətbiq edilib və neytrallaşdırılıb. Onun barəsində "hakimiyyət orqanının nümayəndəsini təhqir etmə” maddəsi üzrə cinayət işinin qaldırılması üçün materiallar toplanır.
Bu gün nəqliyyat polisi sərnişinin saxlanılmasına dair videogörüntüləri yayıb. Məlumata görə artıq onun barəsində cinayət işi başlanıb.
Orenburq vilayəti üzrə Daxili İşlər İdarəsi bildirir ki, təyyarə uçuş-enmə zolağına daxil olub uçuşa hazırlaşanda sərxoş Azərbaycan vətəndaşı xuliqanlıq edib. Heyətə mane olub, söyüş söyüb.
Təyyarəyə daxil olan polis əməkdaşları xuliqanı saxlayıblar və kadrlara əsasən o, polislərə fəal müqavimət göstərir. Onları söyür, təyyarədən çıxmaq istəmir. Sərxoş olduğu görünən azərbaycanlı sınıq-salxaq ruscası ilə deyir: "Ya zaplatil semdesyat tısyaç, nikuda ne vıydı...”
Şəxsin kimliyi hələlik açıqlanmayıb.