Xəzərdə baş verən qəzada itkin düşən neftçinin oğlu: \"Atamla axşam danışdıq, dedi hava küləklidi\"

Xəzərdə baş verən qəzada itkin düşən neftçinin oğlu: \

SOCAR-ın "Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində dənizdə itkin düşən 10 nəfərdən 5-i Ələt qəsəbəsinin, 1-i isə Hacıqabul rayonu Atbulaq kəndinin sakinidir. 

APA-nın Mil-Muğan müxbiri həmin neftçilərin ailələrində olub.

 Ələt sakini, maşinist, 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğlu 8 uşaq atasıdır. Onun 3 qızı, 5 oğlu var. İtkin düşən daha bir nəfər isə onun qardaşıdır. Operator, 1971-ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğlunun iki azyaşlı övladı var. 

Güloğlan Zülfüqarovun oğlu bildirib ki, atası ilə sonuncu dəfə dünən axşam danışıblar: "Axşam atamla danışdıq, hal-əhval tutduq, dedi ki, hava küləklidi. Səhər isə xəbəri  eşitdik. Atama zəng etdik, amma zəng çatmadı. 8 uşağıq, bir qardaşım evlidi, qalanlar subay, heç birimiz işləmirik, atamın qazancı ilə yaşayırdıq, dövlətdən kömək göstərməsini xahiş edirik”. 

Operator, 1958-ci il təvəllüdlü Qafarov İlham Əlihüseyn oğlu 3 uşaq atasıdır. Qəza nəticəsində dənizə düşən 10 nəfərdən hələlik yalnız onu meyiti tapılaraq çıxarılıb. 

Operator, 3 uşağı olan 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlunun bir övladı 6-cı, biri isə 4-cü sinifdə oxuyur. Digəri məktəbə getmir. 

Operator, 1967-ci il təvəllüdlü Bəhrəmov Cavid Ayatxan oğlunun da 3 övladı var. 

Onların ailə üzvləri də yaşanan faciədən sarsıntı keçiriblər. Amma onlar ümidlərini üzmürlər, yaxınlarının qayıdacağına ümid edirlər.

Hacıqabul rayonu Atbulaq kənd sakini, operator, 1979-cu il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlunun ailəsinin faciəsi isə daha dəhşətlidir.

Qorxmaz ailəli olub. Bir müddət əvvəl həyat yoldaşından ayrılan Qorxmazın övladı yoxdur.

Atası İsbat Rüstəmov bildirib ki, 5 il əvvəl 3 övladını yol qəzasında itirib: "5 il əvvəl 3 övladımı qohumlarımla birgə avtomobil qəzasında itirdim. Həmin qəzada övladlarımla birlikdə 14 qohumumu itirmişdim. Bir oğlum qalmışdı, o da dənizdə batdı, daha heç kimim qalmadı”.


OXŞAR XƏBƏRLƏR