Xeyiri Allahdan, zərəri özündən bilmək
Qurani-Kərimdə belə buyurulur: "Allah-Təala göyü yüksəltdi və ölçünü qoydu.
Ölçüdə həddi aşmayın".
Burada "göyü yüksəltdi" ifadəsinin altında çox mətləblər durur, yəni göyün təbəqələri
yerbəyer edildi, ekoloji tarazlıq yaradıldı və hər şey insanın istifadəsinə verildi. Və
insana sərt şəkildə tapşırıldı ki, bu tarazlığı, bu ölçünü pozmasın. "Ölçüdə həddi
aşmayın" tapşırığında çox şeylər var. Yəni qurulmuş bu nizamı dəyişməyə cəhd
göstərməyin, sizə aid olmayan işlərə baş aparıb özünüzə problem çıxarmayın,
lazım olmayan şeylərlə məşğul olmayın, öz işinizi bilin, öz vəzifənizi yerinə yetirin
və əgər həddi aşsanız, başınıza gələcəklərdən də xəbərdar olun.
Təbiətdə Allahın qoyduğu qanunlar var: suyun 0 dərəcədə donmağa başlaması,
100 dərəcədə qaynaması, göyə atılan daşın yenidən qayıdıb yerə düşməsi, ağacların
yazda oyanıb, qışda yuxuya getməsi, sıxılmış buludlardan yağmurun tökülməsi,
suyun yüksəkdən aşağıya doğru meyillənməsi, dəmirin paslanması, torpağa dişən
toxumun cücərməsi..., bunların hamısı Allah-Təalanın qoyduğu qanunlardır.
Əslində bizim üçün də bu kainat kitabında müəyyən vəzifələr təsbit edilmişdir.
Qurani-Kərimdə bildirilir ki, bu yerlər, göylər, dənizlər, heyvanat və nəbatat insanın
xidmətinə verilmişdir. İnsan yer üzünün əşrəfidir. Təbiət öz axarında inkişaf etdikdə
gözəldir. Əgər insan əli çayın məcrasını dəyişirsə, dağı əridib yerində göydələn tikirsə
, səhralarda meşə salmaq istəyirsə, demək, bu İlahi nizamı pozmağa cəhd edir.
Uzağa getməyək, adicə bir misal göstərək: təbiətdə sizin adını belə bilmədiyiniz
bir həşəratın yoxa çıxması silsilə fəlakətlərə səbəb ola bilir. Alimlər deyirlər ki, yer
üzündə arıların nəslinin kəsildiyi vaxtdan bəşəriyyətinə məhvinə qədər çox qısa bir
zaman kəsiyi qalır. Allah-Təala Qurani-Kərimdə açıq-aydın şəkildə bildirir: "Ölçü
qoyuldu və siz ölçüdə həddi aşmayın".
Böyük alimlərdən biri yazır ki, eyni maddə insan üçün şəfa da ola bilər, zəhər də.
Hər şey doza məsələsində həll olunur. Bir şeyin dozasını həddən çox artırarsanız,
sizin üçün zəhərə çevrilə bilər, amma qaydasında qəbul edərsəniz, şəfa tapa bilərsiniz.
Bu gün dünyanın qarşısında duran ən ciddi problemlərdən biri də geni dəyişdirilmiş
bitkilər məsələsidir. Artıq bir çox bitkilər öz təbiiliyini, ilkin tərkibini itirib, daha çox
maddi gəlir əldə etmək istəyənlər elmi həqiqi inkişafa, tərəqqiyə deyil, ticarətə yönəldərək
bəşəriyyətin gələcəyini təhlükə altına atırlar. Bugünkü pomidorlar dünənkinə
nisbətən daha gözəldir, daha şəffafdır, daha böyük və davamlıdır. Amma tərkibi
bir çox hallarda zərərli çıxır. Paxlalı bitkilərin, meyvələrin üzərində aparılan təcrübələrin
qarşısını almaq üçün dünyada bir çox təşkilatlar həyəcan təbili çalırlar.
Son dövrlərdə müxtəlif xəstəlik adları eşitməyə başlamışıq. Haqlı olaraq soruşula bilər:
Əvvəllər niyə bu qədər xəstəlik olmayıb? Cavabı çox bəsitdir. Əvvəllər süni, geni
dəyişilmiş meyvələr olmayıb, ekologiyamız bu qədər çirkli olmayıb axı.
Bəşər tarixinə diqqət yetirəndə neçə-neçə qövmün, qəbilənin toplu halında həlak olduğunu
görürsən və heç tərəddüd etmədən inanırsan ki, bir toplum, bir cəmiyyət özünü bəlaya
layiq hala gətirmədikcə Allah-Təala onu cəzalandırmayıb.
Bu gün dünyamızı fəlakətə sürükləyirlər, nüvə silahları ilə, təbiətə buraxdıqları zəhərli
qazlarla, meyvələrin genini dəyişməklə, heyvanları kulonlama yolu ilə artırmaqla...
Bildiyimiz və bilmədiyimiz bir çox üsullarla. Allah-Təala "həddi aşmayın" buyurur.
Həddi aşanlar dünyamıza məzar qazırlar.
Son dövrlərdə ən çox eşitdiyimiz ifadələrdən bir də "qlobal istiləşmə"dir. Hətta deyirlər
ki, belə davam edərsə, təxminən 40-50 ildən sonra qütblərdəki buzlaqların böyük bir
hissəsi əriyəcək, okeanlarda suyun səviyyəsi yüksələcək, nəticədə bəzi ölkələr,
şəhərlər su altında qalacaq. Elə bil ki, insan oğlu bəlanın gəldiyini görə-görə tədbir
görmək əvəzinə ona doğru can atır. Ağıl dediyin budurmi, insan heyrət edir. İndi
təkcə yer üzünü deyil, həm də göy üzünü paylaşmaq üçün yarışa giriblər. Yəni dava
indi də atmosferə sıçrayıb. Heç düşünən yoxdur ki, bu yer üzü yeddi milyard insana
da yetər, yetmiş milyarda da, yetər ki, insan insanlığını itirməsin, heyvanlaşmasın,
qardaşının qanını içməsin.
Yazımızı Qurani-Kərimin verdiyi möhtəşəm bir düsturla tamamlamaq istəyirik: İnsan
gördüyü bütün xeyirləri Allahdan, zərərləri isə özündən bilməlidir. Vəssalam.
"Zaman Azərbaycan"