Maraqlı

Xəyanəti aşkarlayan YENİ XİDMƏT - Azərbaycan xanımları BÖYÜK TƏHLÜKƏDƏ

Xəyanəti aşkarlayan YENİ XİDMƏT - Azərbaycan xanımları BÖYÜK TƏHLÜKƏDƏ
 Telefonla danışdığın insanın yerini müəyyən etmək, telefon kitabçanızdakı nömrələrdən birini seçərək onun bütün danışıqlarını, yazışmalarını izləmək, internetə giriş və çıxış saatlarını bilmək İSTƏYİRSİNİZ?
Texnologiyanın inkişafı ilə bu cür xidmətlər vəd edən proqramların sayı artır. Artıq sosial şəbəkələrdə təkcə izləyən proqramlar deyil, canlı xəfiyyə xidməti də təklif edilir. Bu xidmətlərə daha çox maraq göstərən isə qadınlardır. Buna görə də qadınlara aid qruplarda xəyanət mövzularının altında bu təkliflərlə qarşılaşmaq olar. Burada xüsusi qeyd etməliyəm ki, qadın qruplarında xəyanət ən aktual, ətrafında qızğın müzakirələrin getdiyi mövzulardandır.
Müşahidələr göstərir ki, bəzi qadınlar bu təklifə şübhə ilə yanaşır. Qarşı tərəf isə işin tam qanuni olduğuna inandırmaq üçün bildiyi bütün hüquqi terminlər və qanun adlarını sadalayır. Nəticədə, ürəyi şübhə ilə dolub daşan qadın üçün xəfiyyə əlçatan xidmət hesab olunur. Lakin bu məqamda xəfiyyə xidmətinin qanuni olmadığını xatırlatmağı vacib bilirik. Nəticələr barədə isə bir az sonra ətraflı öyrənəcəyik.
İnternetdə kiçik bir axtarış verdik, məlum oldu ki, bu xidməti göstərənlər feysbukdan əvvəl elan saytlarına ayaq açıbmış. Hətta ad və nömrələr də var. Təəssüf ki, bir neçə il əvvəl yerləşdirilən həmin telefon nömrələrinə bu gün zəng çatmır. Amma heç şübhəsiz həmin telefon sahiblərinin bəziləri bu gün feysbukun verdiyi imkanlarla ərlərinin küçədəki həyatını nəzarət altında saxlamaq istəyində olan bu qadınlara arzularını çin etmək vədi ilə dilə tuturlar. Amma qanun qadınları aldanmamağa çağırır...
Kişinin xəyanət etməsini sübut etsə belə...

Vəkil Sadiq Əfəndiyev açıqlamasında bildirib ki, xəfiyyə və detektiv anlayışları bəzən sinonim anlayışlar kimi işlədilir:
"Bu anlayışı ifadə etmək üçün daha çox ingilis sözü olan detektiv sözündən istifadə olunur. Detektiv fəaliyyəti tarixən hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış fəaliyyətinə alternativ formada yaranmış özəl bir fəaliyyət növüdür. Çünki özəl detektivlər əsasən hər hansı bağlı cinayət işinin açılması, itkin düşmüş şəxsin tapılması və hər hansı şəxsin güdülməsi kimi tədbirlər həyata keçirirlər ki, bu tədbirlər də hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə üst-üstə düşür. Lakin onların həyata keçirdikləri tədbirlər zahirən oxşar olsalar da, məqsədlərinə görə tamamilə fərqlənə bilirlər. Belə ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirlərində məqsəd cinayətkarlıqla mübarizə olduğu halda, detektiv fəaliyyətində məqsəd bəzən cinayətkarlıqla heç bir əlaqəsi olmayan şəxsi-mənəvi tələbatın ödənilməsinə, məsələn, ailədaxili xəyanətin ifşa edilməsinə yönəlir. Ötən əsrin 90-cı illərində ölkəmizdə lisenziyalaşdırılmış şəkildə detektiv fəaliyyəti həyata keçirilsə də, qısa müddətdən sonra bu fəaliyyətdə müəyyən sui-istifadələrin və digər neqativ halların ortaya çıxması ilə xidmət ləğv edildi. Hazırda bir sıra ölkələrdə özəl detektiv fəaliyyəti qanunvericiliklə leqallaşdırılsa da, bizim ölkəmizdə bu fəaliyyətə icazə verilmir. Mövcud qanunvericiliyimizə görə, əməliyyat-axtarış fəaliyyətinin subyektləri yalnız dövlət orqanlarıdır, yəni bu fəaliyyət yalnız səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilə bilər. Digər hər hansı bir fiziki və ya hüquqi şəxs tərəfindən bu cür fəaliyyətin həyata keçirlməsi qadağandır və cinayət məsuliyyətidir”.
Cərimə və həbs
Bu zaman izləyən və izlətdirəni gözləyən cəzaya gəldikdə, S.Əfəndiyev bildirib ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 302-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
"Eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, qanunvericilik qanunsuz olaraq göstərilən detektiv fəaliyyətində texniki vasitələrdən istifadəni (məsələn, kiminsə avtomobilinə yaxud mənzilinə gizlin müşahidə kamerasının quraşdırılması və s.) daha ağır cəza ilə cəzalandırır. Hazırkı qanunvericiliyin mövqeyinə görə, özəl detektiv fəaliyyəti çərçivəsində qanunsuz olaraq həyata keçirilmiş hər hansı əməliyyat-axtarış tədbirlərinin hətta müsbət nəticə verməsi (məsələn cinayətin üstünün açılması, hər hansı şəxsin ailə daxili xəyanətinin izlənərək ifşa edilməsi və s.) həmin tədbirləri həyata keçirmiş şəxsi cinayət məsuliyyətindən azad etmir”.

Vəkil onu da əlavə edib ki, boşanmaların geniş yayılmış səbəblərindən biri də ailədaxili xəyanətlə bağlıdır: "Boşanmalarda xəyanət səbəbini daha çox qadınlar qabardırlar. Kişilər isə milli-mənəvi dəyərlərimizin təsiri altında, necə deyərlər namusa boğularaq həyat yoldaşları tərəfindən xəyanət edildiklərini dillərinə belə gətirmək istəmirlər. Onlar adətən, sadəcə olaraq yola getmədiklərini deyərək boşanmaq istədiklərini bildirirlər. Qadınlar kişinin xəyanəti məsələsini qabartmağa daha çox meyilli olurlar. Bəzi hallarda qadınlar heç bir inandırıcı dəlilləri olmadığı halda kişinin ona xəyanət etdiyindən əminliklə danışırlar. Məsələn, ərinin ona xəyanət etməsindən sadəcə şübhələndiyini, kiminsə dediyini, hətta falçıdan eşitdiklərini bildirirlər. Ümumiyyətlə, qadınlar həyat yoldaşlarının xəyanətini aşkarlamaqda daha çox çətinlik çəkirlər. Əksinə kişilər qadını daha çox fakt qarşısında qoyurlar. Bu, bəzən gizli çəkiliş, səs yazışı, vatsap və ya digər sosial-şəbəkələrdə yazışmalar ola bilər”.
S.Əfəndiyev məhz bu səbəbdən qadınların detektiv fəaliyyətinə daha çox ehtiyacının olması sosial şəbəkə dələduzlarının da diqqətində olduğunu deyir: "Kişilərə nisbətən ailədaxili xəyanəti aşkarlamaqda məhdud imkanlara malik olan və daim xəyanət axtarışında olan qadınlar son anda sosial şəbəkələri dolaşan və özlərini detektiv və xəfiyyə kimi təqdim edən dələduzların əlinə keçirlər. Məhz qadınların bu tələbatı onların sosial-şəbəkələrdə aldadılmasına münbit şərait yaradır və onları sosial-şəbəkə dələduzlarının potensial qurbanına çevirir. Təsadüfi deyil ki, sosial şəbəkələrdə qadınların nəinki yalançı detektivlər tərəfindən, eləcə də digər cinayətkar üsullarla məsələn, aldadılaraq şəkillərinin əldə edilib şantaj olunması, ərinin sosial şəbəkədə olan parolunun sınıdırlması üçün yalançı hakerlər tərəfindən aldadılıb pulunun alınması və s. barədə informasiyalar alırıq”.
Azərbaycan ailəsi heç vaxt belə gərgin olmayıb

Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ailə problemləri Azərbaycanda ən çox boşluq olan və həssas sahələrdən biridir:
"Bu gün Azərbaycanın ailə institutu arzuolunmayan müdaxilələr qarşısındadır. Azərbaycan ailəsində heç zaman indiki qədər gərginlik yaşanmayıb. Bu cür xidmət təklif edənlər ailələri dərindən öyrənməklə xoşagəlməyən müdaxilələr edə bilər. Xatırladım ki, bir müddət əvvəl problemli ailələrə psixoloji xidmətlərin göstərilməsi dəbdə idi, sonradan məlum oldu ki, bu "psixoloqlar” qadın alveri ilə məşğul olanlardır. Yəni dələduzlar xəyanətdən şübhələnən qadını tapmaqla təkcə eşq macərası yaşamaq istəmir, həm də qadınlardan insan alveri və digər məqsədlərlə istifadə edirlər. Bu mənada aidiyyəti qurumlar belə təklif və xidmətlərə qarşı həssas olmalıdır. Çünki bu gün Azərbaycanda ailə məsələləri ilə bağlı həssas məqamlar var. Hər hansı cəmiyyəti dəyərləri aşındırmaq, gərginlik yaratmaq ailəyə təsir etmək ən təsirli vasitələrdəndir”.
Xəyanət edənlərin sayı daha çoxdur
Sosioloq ailələrdə xəyanət mövzusunun son vaxtlar daha da aktual olmasının bir neçə səbəbini açıqladı:
"Xəyanətin aktual olmasına mühit, insanların aldığı informasiya və üstünlük verdiyi dəyərlər təsir göstərir. Təəssüf ki, indi mühitdə xəyanət edən qadınlar bunu açıq şəkildə bəyan edir. Son 10 ildə dünyada, eləcə də ölkəmizdə insanların dəyərlər balansı da pozulub, artıq maddiyyat mənəvi məsələlərdən daha öndədir. Bu, o demək deyil ki, insanlar yoxsuldur. 60-70-ci illərə qədər insanlar bundan daha çox kasıb idi, ancaq belə hallar müşahidə edilmirdi. Maddi dəyərlər üstün olduqca mühitdə iyrənc, xəyanətə şirnikləndirici hallar çoxalır. Düzgün istifadə etmədiyimiz internetdə ailələri dağıdıcı qüvvələr, pornoqrafik materiallar, sosial şəbəkələrdə onlayn tanışlıq və intim xidmətlər xəyanətin artması üçün faktorlar yaradır. İnsanda mənəvi dəyərlər zəifləyirsə, onun müqavimət qabiliyyəti azalır, ona görə də xəyanət edənlərin sayı artır. Həqiqətən də, 30 il öncə ilə müqayisədə bu gün xəyanət edənlərin sayı daha çoxdur”.
Ə.Qəşəmoğlu bildirir ki, sosial şəbəkədə xəfiyyə xidməti təklifindən müsbət heç nə gözləmək olmaz, ən yaxşı halda kimsə dələduzluqla pul qazanacaq:
"Hətta həmin xəfiyyələr bu qadınların müəyyən qədər maddi imkanı olduğunu görsə, ondan daha çox istifadə edəcəklər. Yaxud da onları xoşagəlməz şəbəkələrə yönləndirə bilərlər. Bu cür mövzuların işlənməsi qadınları tora düşməkdən xilas edə bilər. Qadınlar bilməlidirlər ki, xəfiyyənin tutmaqdansa, evdə mənəvi müdafiə qurulmalıdır. Bu xidmətlər ailənin möhkəmləndirə bilməz. Bu problemlərlə məşğul olan qurumlarda mütəxəssislər çalışmalı, elmi əsaslarla fəaliyyət proqramları olmalıdır. Bu fəaliyyət proqramları hökumətə təqdim edilməlidir. Lakin bunların heç biri olunmur”.
Qadın aciz olduğuna görə bu yola əl atır

Psixoloq Vəfa Əkbər qadınların xəfiyyə xidmətinə ehtiyac duymasının psixoloji məqamlarına aydınlıq gətirib:
"Ailələrimizdə xəyanət məsələsinə ikili yanaşma var. Xəyanəti edən kişidirsə, "onu bağışlamaq lazımdır”, "qadındırsa olmaz” kimi düşüncə formalaşıb. Xəyanət məsələsini problemi kimi gündəmə gətirən qadınlara ailələrdən "burada nə var ki?” sualını verirlər. Ona görə də ərinin xəyanətini sübut etmək üçün bu təkliflər qadınlar üçün əlverişlidir. Əslində qadın aciz olduğuna və vəziyyətdən çıxa bilmədiyinə görə bu yola əl atır. Qadınlara cəmiyyət və ailələrin basqısı o qədər çox olur ki, onlar belə təkliflərə aldanır və onlarla işbirliyində olmağa can atırlar. Evdə, ailədə birlik olsa, ətrafdakılar qadına inanıb, ailəyə doğru yol göstərsə, onlar belə insanlara ehtiyac duymaz. Lakin hazırkı durumda qadının sözlərinə olan münasibət onun belə təkliflərə marağını artırır. Tələb olduğundan təkliflər də yaranır. Bu tələbatın qarşısını bürokratik yolla almaq mümkün deyil. Çünki bu cür vəziyyətdə olan qadınların sayı çoxdur. Bunun üçün ailələr üçün psixoloji xidmətlər olmalıdır. Ailədə az da olsa qalan hörməti qorumaq üçün dəstək komandası yaradılsa, təbii ki, insanlar onlara müraciət edəcək”.
Psixoloq bildirib ki, bir qadının xəfiyyə xidmətinə ehtiyac duyması artıq münasibətlərdə güvənsizlik, qadının qəlbində şübhədən irəli gəlir. "Şübhə etmirəm, sadəcə yoxlayıram” ifadəsi artıq münasibətlərin kökündəki boşluqdan xəbər verir.

publika.az

AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31