Xarici borcları daxili borclar əvəz edəcək – Şərh

Xarici borcları daxili borclar əvəz edəcək – Şərh

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin avqustun 4-də keçirilən iclasında Maliyyə naziri Samir Şərifov dövlətin borc siyasətinə toxunub. Nazirin sözlərinə görə, hökumət çalışır ki, daxili borc bir qədər artsın, xarici borc isə bir qədər azalsın. S.Şərifov deyib ki, borclanmada da müəyyən dəyişikliklərin edilməsi gözlənilir.


Hazırda Azərbaycan dövlətinin borcu 16,87 milyard manatdır. Bunun 15,45 milyard manatı xarici, 1,41 milyard manatı daxili borcdur.

Bəs, xarici borcun daxili borcla əvəzlənməsi mümkündürmü və bunun üçün nə edilməlidir?


Sfera.az xatırladır ki, "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da da xarici borcun azaldılması, daxili dövlət borcunun tədricən artırılması hədəflənir. Sənəd 2018-2025-ci illəri əhatə edir.

 

Daxili dövlət borcunun artırılması məqsədilə ölkəmizdə qiymətli kağızlar bazarının, o cümlədən, daxili bazarın inkişafı istiqamətində bir sıra tədbirlər görüləcək. Bu istiqamətdə artıq bir sıra addımlar atılıb. Hazırda hökumət qısamüddətli (1 illik) və ortamüddətli (2 və 3 illik) dövlət istiqrazları buraxmaqla daxili borc cəlb edir. 2018–2025-ci illərdə hər il mövcud dövlət istiqrazları üzrə xidmət xərclərini ödəyəcək məbləğdə və əlavə olaraq 100 milyon manat məbləğində əlavə dövlət qiymətli kağızlarının buraxılması nəzərdə tutulur.


Daxili bazarın inkişafını təmin etmək məqsədilə daxili dövlət borcunun illər üzrə tədricən artması proqnozlaşdırılsa da, bu borcun hər il emissiya ediləcək

dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilməsi nəticəsində dövlət büdcəsi üzərinə ağır yük düşməyəcəkdir.


Strateji plana əsasən daxili bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması, təkrar bazarın formalaşdırılması istiqamətində iş aparılması və gələcəkdə daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılacaq. Bunun üçün növbəti illərdə daxili qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsi, o cümlədən təkrar bazarın formalaşdırılması məqsədilə investorlarla mütəmadi görüşlərin

keçirilməsi, bazar tələblərinin müəyyən olunması və bunlar əsasında emissiya prospektləri hazırlanarkən investorların maraqlarının nəzərə alınması kimi tədbirlərin Azərbaycan Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması və tədricən, tələb olunan maliyyələşmələrin daxili borc almalar hesabına təmin edilməsi yolu

ilə xarici borcalmaların əvəzlənməsi hədəflənir.


Yuxarıdakı tədbirlərin icrası və heç bir əlavə borcalma həyata keçirilməyəcəyi təqdirdə, əsas borca xidmət xərclərinin cəlb olunacaq borclardan daha çox olması nəticəsində borc yükünün ortamüddətli perspektivdə azalacağı proqnozlaşdırılır.


Təcrübə göstərir ki, daxili borclanma xarici borclanmaya nisbətən əlverişlidir. Xarici borclanmanın bir sıra riskli cəhətləri var. Bu risklər arasında məzənnə, faiz, təkrar maliyyələşmə və s. risklər mövcuddur. Sadalanan risklər nəzərə alındığında daxili borclanmanın əhəmiyyətli olduğu üzə çıxır. Daxili borclanma zamanı məzənnə və faiz riskləri olmur. İndiyə qədər Azərbaycan dövlətinin daxili borclarının hamısı demək olar ki, sabit faiz dərəcəsi ilə alınıb.


Dövlətin emissiya etdiyi dövlət qiymətli kağızlarını banklar, şirkətlər, hətta fiziki şəxslər də ala bilər. Dövlətin qiymətli kağızanı Azərbaycanda tələb yüksəkdir. Dövlət üçün daxildə manatla borclanma sərfəlidir, onun məzənnə riski problem yoxdur. Daxili borclanmanın artırılması üçün hökmən qiymətli kağızlar bazırının inkişaf səviyyəsi arzuedilən həddə çatmalıdır. Hazırda bazar zəifdir və daxili borclanmanın qısa müddətlə genişləndirilməsinə, artırılmasına imkan vermir. Xarici ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Qazaxıstanda qiymətli kağızlar bazarı oturuşmuş vəziyyətdədir və onların təcrübəsi göstərir ki, bir çox hallarda iqtisadiyyatda baş verən proseslərin iqtisadi metodlarla, iqtisadi yanaşmalarla həll olunmasına qiymətli kağızlar kömək edir. Azərbaycanda da qiymətli kağızlar bazarının böyüməsinə ehtiyac yaranıb.

 

 

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR