Xan Rəsuloğlu: "Bir də ayıldım ki, kostyum mağazasında kitab biznesi qurmuşam"

Xan Rəsuloğlu:

"Həyat elə həyat kimi gözəldir, amma biz insanlar onu məcburən

ideyalar, kredolar, prinsip və qadağalar qəlibinə dürtüşdürmək istəyirik"


Kitab, elm, təhsil haqqında çox sözlər deyilib, çox sözlər yazılıb. Kitabı nə qədər öysən azdır. Kitab nə ənənədir, nə də ki, dəb. Ona marağı gərək ki, insan ən kiçik yaşlarından özündə yaratsın və böyüklərdən görsün. Kitabı sevib ona könül bağlamaq gərəkdir. Bu həftəki müsahib məhz kitabı ürəkdən sevib, ona könül bağlayanlardandır, gənclərin, ziyalıların, intellektualların yaxşı tanıyıb rəğbət göstərdikləri sumqayıtlı kitabçı Xan Rəsuloğludur.



 - Kitabçılıq fəaliyyəti ilə nə zamandan məşğulsunuz?

- 1990-cı ildə BDU-nun filologiya fakültəsini bitirib, dövlət imtahanından "5" aldım və elə oradaca,  imtahan komissiyasının sədri, böyük şairimiz,  rəhmətlik   Qasım Qasımzadə məni aspiranturaya dəvət elədi. Sənədlərimi düzüb-qoşsam da, yenidən 2 il kasıbçılıqda - aspirant ömrü yaşamaq istəmədim. Öncə gözəl dövlət işlərində çalışmış olsam da, azmaaşlı olduğundan, böyük bir ailənin maddi yükünü çəkmək də mənə sərf eləmədiyindən, bu təklifdən vaz keçib, Moskvaya qayıtdım, dostlarımın maddi və mənəvi dəstəyi ilə, heç vaxt məşğul olmadığım ticarət aləmində özümü sınamağa başladım.Qısa bir vaxt ərzində, kişi kostyumları üzrə mütəxəssis sayıldım...Sumqayıtdakı köşkümdə kostyumlarla yanaşı sayı 5-6 mini keçmiş kitablarımdan bəzilərini də satışa çıxardım və... kitabların həqiqi bilicisi olduğumdan (fanatik oxuyanı olmuşam və o dövrdə hələ öz oxuyanlarımız da az deyildi axı) tezliklə, kostyumlar yaddan çıxdı və...bir də ayıldım ki, çoxlu sayda kitab sifarişlərim var... 1991-ci il idi artıq.

 

- Kitabçılığa həvəs sizdə necə və haradan yaranıb?

- Elə kitabları sevməkdən. İndi, bu yaşımda belə, rəngli, gözəl tərtibatlı, miniatür kitablara heyran oluram. Uşaqlıq dövrümdə, kitabları oxumamışdan öncə, necə sığallayıb sinəmə sıxar, bir azdan içərisindəki sirli-sehrli dünyaya baş vuracağımı təsəvvür eləyib sevinər, ruhlanar, yeni dünyalara can atardım.

Dünyanın ən gözəl insanını da anlamaya bilərlər... Sokrat, B.Spok, Nəsimi, Söhrəvərdi, Y.Korçak, Bəhaulla və başqaları  kimi...Və ya, qəddar, hiyləgər, bədniyyətli olanlara da kütləvi sitayişlər mümkündür - Hitler, Lenin, Stalin, Arkadi Qaydar və sairələrinə olduğu tək.

Mən çox demişəm ki, kitab dükanım müəllimliyimin davamıdır. Bu günəcən, ticarətin qaydalarına əməl etsəm də, heç vaxt özümü tacir saymamışam...Ticarətin də, istehsalatın da əxlaqı olmalıdır. Ən incə nüanslarında belə, bilməliyik ki, işimiz ƏN BÖYÜK XİDMƏTİMİZ VƏ ƏN VACİB İBADƏTİMİZDİR.

Orta və ali məktəblərdə müəllim, bir də sambo və qaydasız döyüş üzrə məşqçi də işləmişəm. Dərslərim, seminarlarım, mühazirələrim, çıxışlarım və görüşlərim də az olmayıb. Bütün bu işlərimdə önümdəki insanlar səmimiliyimə inanmasaydılar, işlərim özümü də qane etməzdi. Amma, elə düşünürəm ki, şagird və tələbələrim məni təkcə savadıma görə saymayıblar,  həm də işimə sidq ürəklə canımı qoyduğumun fərqində olublar.

 

- Çox insan sizin kitabxananıza daxil olduqda sadəcə kitab görür. Mənə maraqlıdır bəs siz eyni məkana girdikdə kitablara baxaraq nə görürsünüz?

- Söz, kitab, bilgi, alim və yazıçılar haqda deyilənləri, yazılanları da bir yerə yığsaq, elə böyük bir kitabxana yaranar ki, onu bir şəhər əhalisi də oxuyub başa vura bilməz.

İstər evdə, istərsə də dükanda kitablarla baş-başa qaldıqda, elə bil canlı yayım gedən şəbəkəyə qoşuluram. Amma bu anda da, özlüyümdən, mənliyimdən uzaqlaşmıram. Nədən ki, ən böyük dahiləri, hətta müqəddəs sayılan kitabları belə, xürafatdan, nadanlıqdan, təəssübkeşlik və ya təlqindən tam uzaq olan bir təfəkkürlə oxumağa girişirəm... Bu yanaşmanın özünü belə mənə KİTABLAR ÖYRƏTDİ və bu duyğularımla, yaşantılarımla sanki zamanın sərhədlərini adlayıram, özümü əbədiyyət deyə təsəvvür etdiyimiz məfhumun, anlamın içində hiss edirəm. Bu, bir növ, DEJAVÜ ovqatına bənzər bir şey... Amma daha geniş diapazonda, daha inandırıcı, daha dolğun yaşantı olur. Bu yaşantı isə, sizə bir sirr də açım, istənilən məişət və ya maddi sıxıntı problemlərini o dərəcədə əhəmiyyətsiz və gülünc bir ortama gətirir ki, onlar sadəcə, yada da düşmür.

Çəlləkdə yaşayan Diogenə dünya cahangiri Makedoniyalı İsgəndər yaxınlaşıb, "ustad, sənin üçün necə bir yaxşılıq edə bilərəm” soruşduqda, aldığı cavabı xatırlayırsınız yəqin: "Günəşin qabağını kəsib, üstümə kölgə salma."

Bu cavab, dünya düzəninin əslində, həm də çox ədalətli olduğunu bir daha vurğulayır...Ən zəngin, ən güclü adamın belə cəmi-cümlətanı bircə qarnı var. Ondan artıq yeyə bilməz. Gün ərzində, imperatorun da, müdrikin də, dilənçinin də cəmisi 24 saatı var, belə deyilmi? Bax, bu cür düşüncələrdən yoğrulmuş beynin əbədi suallar önündə girinc qalmaması, artıq elə bir mərhələdir ki, orada  məntiqin də bəzi qaydaları nisbiləşir...

 

- Ən çox hansı məzmunlu kitablara üstünlük verirsiniz?

- Suallarınıza çox qısa - konkret cavablar da vermək olar, əhatəli də. Bir balaca izahla cavablandırmağım, məncə daha düzgün olar deyə, örnəklər gətirirəm. Kitabların məzmunu elə həyatımızdır, onun müxtəlif yönləridir. HƏYAT HAQDA HƏR ŞEY MARAQLIDIR. Amma həyatı dolğun və ya belə deyək də, həyati göstərə bilmək şərtdir. Tavtologiya olmasın. Yeri gəlmişkən, böyük dahilərdən sayılan o qədər ünlü isimlər var ki, əslində, qrafoman da yox e, sadəcə çürükçülük ediblər. Çox danışmaq, nəsə demək deyil axı... Birinci olaraq, Dostoyevskinin adını çəkirəm ki, biləsiniz, o nə yazıbsa, gücənib sanki... Etiraf edim ki, özümün də, uzun müddət dahiləri oxumaqda israrlı olmağım, gücənməyin bir metodudur. Yaradıcılıq quş uçuşu kimi sadə, balığın üzməsi tək təbii olmalıdır. Deməyim odur ki, həyat elə həyat kimi gözəldir, amma biz insanlar onu məcburən ideyalar, kredolar, prinsip və qadağalar qəlibinə dürtüşdürmək istəyirik.

Bax, mənim düşüncəmə, ovqatıma, təbiətimə qarşı zor işlətməyən nə varsa mahnı, film, rəsm əsəri, kitab...qəbulumdur, qonağımdır. Elə kitablar da olur ki, onları gözdən keçirincə, könül evimin qapılarını onların üzünə açmıram...Oxumuram.

 

- Ən sevdiyiniz kitab hansıdır?

- Məsləhət olsa, ayrıca, sevdiyim kitabların siyahısını da yazaram...amma burada belə bir fikir söyləyim. Ayrı - fərqli vaxtlarda, fərqli kitablar daha önəmli olur mənimçün. Poetik ovqata baş vuraq: Gah xokkular, gəraylılar, qoşmalar, gah da görürsən sərbəst şeirlər və ya qəzəl ruhuma xoş gəlir. Məsələn, St.Y.Letsin bir aforizmi V.Kojevnikovun kəşfiyyatçılardan bəhs edən qalın "Qılınc və qalxan" romanından daha dəyərlidir mənim üçün. Amma o cür romanları oxumaqla beynimi ardıcıl düşünməyə öyrədə bildiyimə görə, Şou, Uayld, Pifaqor, B.Paskal, Oşo və başqalarındakı fikir dərinliklərinə baş vurmağı da öyrəndim.

 

- Kitab olsaydınız, hansı kitab olmaq istəyərdiniz? Ağlınıza ilk gələn kitabı da deyə bilərsiniz.

- Çox sevdiyim kitablar var...Amma özümün neçə illərdir yazmaq istədiyim kitab olmaq istərdim. Azı 50 min kitab oxumuşam deyirəm, qəzet- jurnal, informasiyalar, düşünən beyinlərlə saatlarla uzanan çəkişmələr, bölüşmələr, bütün bunlar sonda nəyəsə çevrilməlidir axı... Bu da, qismət olsa. Məişət qayğılarına əhəmiyyət verməsəm belə, ömrümü-gücümü sümürür...Yayındırır.

ÖZÜMÜZÜ BÖYÜK İŞLƏR ÜÇÜN YETİŞDİRDİK, KİÇİK İŞLƏRDƏ BASDIRDIQ

 

- Ömrünüzün sonuna bir həftə qaldığını bilsəniz hansı oxumadığınız kitabı oxumaq istəyərdiniz?

- Bir kitab adı çəkməyim. Elə dükanda da, məndən məsləhətli kitab istəniləndə, azı 5-10 sual verib, oxucumun səviyyə və zövqünü, maraq və məqsədini ayırd edib, sonra nəsə təklif edirəm. Həyatın sonu sayılacaq o  "bir həftə" ki, deyirsən, o zaman heç bir kitab oxumaya da bilərəm, nədən ki, bütün biliklərimiz, oxuduqlarımız həyat üçündür, axı.

Amma oxusaydım, indiki ovqatımla Suzukinin  "Zen buddizmin əsasları" kitabına yenidən baş vurardım. Onu 1 aya oxudum və 6 illik universitet təhsilimdən qat-qat artıq oldu mənim üçün. Heç də, elə düşünməyin ki, ali təhsil zamanı oxuduğumuz elmləri küçümsəyirəm ha... Yox. Hər bir sənətin dərinliyinə baş vurmaq üçün keçilən dərslərdə hikmət var. Sadəcə, bu dediyim kitab təxəyyül və təfəkkürümdə də çevriliş elədi - qeyri səlis məntiq kimi.

 

-  Hansı kitabda öz həyatınızı görürsüz?

- Öz  kitablarımda. Sonuncu kitabımda - "Vətəndəki ömrümüz"də həyata, əbədi suallara münasibətim kodlarla verilib. Çatdıra bilsəm, əlyazma halında,  20- yə yaxın kitablarım var, onlarda bu kodların açılışını vermək istərdim.

İnsan ayılmadıqca iztirab çəkməyə məhkumdur. O iztirabların səbəbləri də düşünə bilməməkdir. Ən azından, indi deyəcəyim 4 sözlü bir aforizmimin anlaya bilən insanlara necə böyük bir yaxşılıq ola biləcəyini də özüm anlayıram: DƏRD ELƏMƏ, DƏRS ELƏ.

 

- İndiki oxucularla qabaqkı oxucuların arasında hansı fərqliliklər və oxşarlıqlar var?

- İnternet və kompüter çoxlarını hipnoz edib və təhlükəli bir əsarətdə saxlayır. Bir nənə nəvəsinə deyəndə ki, bizim vaxtımızda rəngli televizor, cib telefonu, internet və s. yoxuydu, nəvə heyrətlə soruşur ki, bəs, ay nənə, siz neyləyirdiniz? Cavab çox dəhşətlidir: "Yaşayırdıq, bala, yaşayırdıq."

Bu cavabı bu sual üçün də uyğun saymaq olar. Biz kitabları yaşayırdıq, şəxsi həyatımız kimi. İndiki imkanlar dəfələrlə artıqdır ki, heyrətamiz nəticələrə gedib çıxasınız... Müəllimlərin də  əsas vəzifəsi və borcu budur ki, informasiya qalaktikasında özünüzü, yönünüzü itirməyəsiniz deyə, sizə dayaq olsunlar.

Bircə tövsiyəm: BİLGİNİ BİLƏNLƏRDƏN ÖYRƏNİN. Alababatlar ELMİ DƏ GÖZDƏN SALIR.

 

- Ən çox hansı mövzuda kitab oxumağı sevirsiniz?

- Dünyanın və yaşamın gözəlliyini vurğulayan nə varsa, insanı xoşbəxt eləyəcək, ömrü mənalandıracaq nə varsa, mənim üçün dəyərlidir. Bütün yaxşı kitablarda bunlar bal kimi yığılıb...və oxuduqca, artır, azalmır.

Etiraf edim ki, indi süjetli heç nə oxuya bilmirəm...Sanki, beynimdə bu süjet xətləri təfərrüatlar kimi dəfələrlə təkrarlanıb...Təsəvvürüm bircə anda nəticəsini çıxarır...

 

- Sizcə kitabların ulusu hansı kitabdır?

- Bu sualın cavabını boş saxlayıram. Hər kəs bu cavaba özü gəlib çatmalıdır. Biz müəllim və müəlliflərin borcu bu cavaba doğru gələn yolda oxuculara mənəvi yardımçılıq etməkdir. Sadəcə, bunu bilmək vacibdir ki, "elm Çində də olsa," arxasınca getmək gərəkdir.

 

- Dahilərdən biri söyləyib ki, insan "elmin şərbətindən ilk qurtumları içdikdə" Allahı inkar edir. Ancaq sonradan elmin dərinliklərinə endikcə Allahı görür. Sizin bu fikrə öz yanaşmanız, düşüncəniz necə olardı?

- Allah, Tanrı, Boq, Krişna...İslam təlimində də ən məşhur fikirlərdən biri budur: "Özünü tanıyan, Allahını tanıyar."

Başqa bir fikir də var ki, insanın Allahı olmalıdır. Bütün gözəlliklər və ülviliklər Allah haqdakı təsəvvürümüzdə cəmlənib. Amma bu təsəvvürüm nə dinçilərin qaragüruhuna, nə də ateistlərin yarımçıq məntiqinə əsaslanmır.

Bu, çox geniş mövzudur, baxmayaraq ki, bir söz və ya cümləylə də ifadə etmək olar...

Hələ ki, bunu deyirəm: Elm və ruh insanın qoşa qanadıdır.

 

("168 saat qəzeti")


Söhbətləşdi: 

Səbuhi Allahverdizadə


OXŞAR XƏBƏRLƏR