Xamenei ABŞ-ı “Tom və Cerri”dəki pişiklə müqayisə etdi

Xamenei ABŞ-ı “Tom və Cerri”dəki pişiklə müqayisə etdi
İran lideri Ayətullah Əli Xamanei ABŞ-ın çıxdığı nüvə müqaviləsinin davamlı olması üçün şərtlərini açıqlayıb.

Sfera.az xəbər verir ki, paytaxt Tehranda yerləşən iqamətgahında hərbi və siyasi liderləri qəbul edən Xamenei dövlət televiziyasında İranın nüvə proqramına dair imzalanan müqavilə və ABŞ hakimiyyətinin İran əleyhinə tədbirləri haqda danışıb.

Xamanei ABŞ-ın İrana qarşı dərin düşmənlik hissi bəslədiyini, lakin islam inqilabından bu yana ABŞ-ın İrana qarşı həyata keçirdiyi bütün hücumların uğursuzluqla nəticələndiyini deyib. O, dövlət məmurlarının vəzifələrini layiqli şəkildə yerinə yetirməsi halında Vaşinqtonun hücumlarının uğursuzluğa məhkum olacağını bildirib:

"Bu yeni bir şey deyil. İnqilabdan bu yana qurduqları tələlərin məqsədi rejimi devirmək idi, ancaq bunların hamısı "Tom və Cerri” cizgi filmindəki pişik kimi uğursuz oldu”.

ABŞ-ın təkcə prezident Tramp dövründə deyil, bütün dövrlərdə heç bir zaman vədlərinə sadiq qalmadığını bildirən İran dini lideri "İran beynəlxalq müqaviləni asanlıqla pozan hökumətlə qarşılıqlı əlaqə qura bilməz”, - deyib.

Xamenei Trampın da əvvəlki ABŞ prezidentləri Corc Buş, Ronald Reyqan ilə eyni qədəri paylaşacağını deyib.

İran lideri müqaviləni imzalayan Avropa ölkələri İngiltərə, Fransa və Almaniyanı həssas məsələlərdə ABŞ-la ortaq hərəkət etməkdə ittiham edib.
Xamenei nüvə müqaviləsinin davam etməsi üçün Avropa ölkələrinə İranın şərtlərini açıqlayıb:

İranın Yaxın Şərqdəki fəaliyyətləri və ballistik raket proqramının mühakimə olunmaması, nüvə müqaviləsindən çıxaraq 2231 saylı qətnaməni pozan ABŞ-a qarşı yeni qərarın çıxarılması, ABŞ-ın İran əleyhinə tətbiq etdiyi hər cür sanksiyaya qarşı çıxmaq, İran neftinin ixracı və Avropa bankları ilə əlaqə məsələsində təminatın verilməsi.

Xamenei bu şərtlər təmin edilmədiyi halda İranın nüvə fəaliyyətinə yenidən başlamaq haqqının olduğunu bildirib.

Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR