Xalqın qulluqçusu olmağın daha bir örnəyi

Xalqın qulluqçusu olmağın daha bir örnəyi
Prezident İlham Əliyev 21-ci əsrin islahatçı dövlət xadimi – ölkə lideri olaraq başlatdığı siyasəti uğurla davam etdirir. Hər zaman olduğu kimi, bu dəfə də vətəndaşın üzünü güldürəcək yeni addımlarıyla dostlarımızı sevindirir, bədxahlarımızı kədərə boğur. Neçə müddətdir insanları narahat edən, bəzi bədxahlarınsa manipulyasiya vasitəsinə çevirdiyi problemli kreditlər məsələsinin həlli üçün fevralın 28-də fərman verdi cənab Prezident. O, bu fərmanla dövlətin gücünü, o gücə əsaslanaraq özünün iradəsini və hər zaman dediyi sadə insanlara xidmətini bir daha göstərmiş oldu. Aradan az bir müddət keçsə də artıq insanlar yaxşı mənada ajiotaj içindədir. Hər kəs sevinir, bir-birini təbrik edir, gözaydınlığı verir.
Şəxsən kredit almamışam heç vaxt. Sıxıntılarım olub və indi də var. Amma nəsə kreditə könül verməkdən çəkinmişəm. Nə olar, nə olmaz deyib özümü əlavə riskin altına atmamağa çalışmışam. Bununla belə, kreditli insanların ağrı-acılarını, çətinliklərini həmişə görmüşəm, hiss etmişəm. Özəlliklə də dünyadakı iqtisadi çöküş və neft qiymətlərinin aşağı düşməsi səbəbindən manatın bir qədər dəyər itirməsi, dollarla kredit alanların bundan əziyyət çəkməsi hər an məni də narahat edib. Hətta krediti olanlarla söhbətlərim də olub. Onların ümidsizliyi, daimi stress altında yaşaması mənə də sirayət edib. Lakin həmişə onları pozitivə köklənməyə, Azərbaycan dövlətinə, ən əsası da Prezident İlham Əliyevə güvənməyə çağırmışam. Bəzən çağırışlarıma ciddi şəkildə ümid etməyənlər də olub. Mənsə özümə əmin bir şəkildə davamlı olaraq insanları güvənməyə və inanmağa səsləmişəm.

Niyə bu qədər inamla insanlarda güvən yaratmağa çalışırdım? Çox sadə bir səbəbdən: mən həmişə inanmışam, bu gün də inanıram ki, Azərbaycan Prezidenti bizi bizdən də artıq düşünür. O, hər gün sadə azərbaycanlının nə yediyini, nə geyindiyini düşünür, öz problemi kimi görür. Ona görə də bu cür humanitar dövlət aksiyalarına imza atır.

Təbii ki, bu kredit söhbəti adi məsələ deyil. Söhbət yüz minlərlə insanın probleminin həllindən gedir. Bu, bir inqilabdır! Bu elə bir islahatdır ki, aradan yüzillər keçdikdən sonra belə iqtisadçılar, siyasət adamları araşdıracaq, təhlil edəcək, uzaqgörən nəticələr çıxaracaq. Prezident İlham Əliyevin islahatları haqqında illərlə danışılacaq. Burada bir daha qeyd ediləcək ki, Azərbaycan dövləti və onun rəhbəri yüz minlərlə vətəndaşın problemini öz problemi kimi qəbul etdi, cəsarətlə həllinə fərman verdi.

Prezident İlham Əliyevin bu fərmanının – belə davranışının ilk olduğunu deməyə isə əsas yoxdur. Zatən hər kəs hər il buna bənzər inqilabi islahat addımlarına şahidlik edir. Elə lap bu yaxınlarda minimal əmək haqqının, təqaüdlərin artırılması istiqamətində atılan addımları qeyd edə bilərik. Yaxud da məcburi köçkünlərə dövlət müavinətinin məbləğinin artırılması haqqında danışa bilərik. Şəhid ailələrinə verilən maliyyə ilə bağlı problemin həlli də bu qəbildəndir. Əlavə olaraq köçkünlərin davamlı olaraq mənzil şəraitinin dövlət hesabına – qarşılıqsız yaxşılaşdırılması, şəhid ailələrinə mənzillərin, Qarabağ qazilərinə avtomobillərin verilməsi hər kəsin gözü qarşısında baş verir.

Biz, Prezident İlham Əliyevin islahatları sırasında davamlı kadr və struktur islahatlarını da yaddan çıxarmamalıyıq. Məhz o islahatların nəticəsidir ki, dövlət idarəetməsi artıq olduqca çevik bir durumdadır. Ölkədə elektron hökumət quruculuğu bir çox sahələrdə başa çatıb, yerdə qalanlarında da tamamlanmaq üzrədir. Korrupsiyanın, rüşvətin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır. Artıq məmurlar, ayrı-ayrı vəzifə sahibləri bir zamanlar olduğu kimi vətəndaşa "get, hara istəyirsən, şikayət elə” deməyə cürət etmirlər. Çünki yaxşı bilirlər ki, belə deyəcəkləri təqdirdə işlərini itirə bilərlər.

Vətəndaş məmnunluğu artdıqca artır bu ölkədə. Həyat getdikcə asanlaşır. Məmurlar illər öncə olduğu kimi özlərini ağa hesab etmir. Əksinə, cənab Prezidentdən örnək alaraq hər bir məmur artıq xalqın qulluqçusu kimi davranmalı olduğunu dərk edir. Bunu dərk etməyə çətinlik çəkənlərləsə Prezident İlham Əliyev yollarını ayırır.

Bugünkü Azərbaycanın mənzərəsi budur. Dövlət-vətəndaş birliyi-həmrəyliyi ən yüksək səviyyəyə çatıb. Aramıza girmək, bizi bir-birimizə qarşı qoymaq istəyən xarici qüvvələr və onların içəridəki uzantıları hər keçən gün yenilməyə davam edirlər. Heç kim bu xalqı və onun dövlətini qarşı-qarşıya gətirə bilmir, bilməz də. Tək səbəbi var bunun: Azərbaycan elə bir lider tərəfindən idarə edilir ki, artıq burada xalqla dövlət arasına girmək sadəcə mümkün deyil. Çünki Azərbaycan Prezidentinin özü xalqın içindədir, xalqla birlikdədir, xalqla iç-içədir. Yəni Prezident-xalq vəhdəti elə bir həddədir ki, onu heç bir qüvvə sarsıda bilməz. Prezidentin özü xalq, xalqın özü prezidentdir bu ölkədə. Azərbaycan Prezidentinin söykəndiyi, hesablaşdığı tək iradə isə Azərbaycan xalqının iradəsidir.

OXŞAR XƏBƏRLƏR