Xalq və əməkdar artistlərə verilən vəsaitlər ləğv edilməlidir – 2020-ci ilin büdcə xərclərinə baxış
"Gələn il üçün bəzi istiqamətlər, xüsusən də elmə ayrılan vəsaitin cüzi olması heç də uğurlu yanaşma və dünya standartlarına uyğun deyil”.
Sfera.az-a açıqlamasında bu sözləri 2020-ci ilin dövlət büdcəsində müxtəlif sahələr üzrə proqnozlaşdırılan bölgünü dəyərləndirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"İnkişaf etmiş dünya ölkələrinin elmi xərcləri kifayət qədər yüksək səviyyədədir. Azərbaycanda elmlə bağlı ciddi problemlər var, bu da elmin iqtisadiyyat və praktikadan ayrı düşməsindən qaynaqlanır. Ona görə ölkəmizdə də büdcədən elmə ayrılan vəsaitlər xeyli dərəcədə artırılmalıdır”.
Həmsöhbətimiz gələn ilin büdcəsindəki hər 100 manatdan 7 manat 40 qəpiyin idarəetməyə ayrılmasının doğru saymadı. Onun fikrincə, idarəetməyə çox vəsait ayrılır:"İdarəetmənin optimallaşdırılması yolu ilə gələn il üçün ora ayrılan vəsaiti azaltmaqla onu elm sahəsinə yönəltmək olar. Bəzi investisiya layihələri var ki, onların da iqtisadi səmərəliliyi sual doğurur. Belədə investisiya layihələrinə ayrılan vəsaiti azaltmaqla onu da elmə ayırmaq mümkündür. Prezident və Nazirlər Kabinetinin Ehtiyat Fondundan elmi qrantlar vasitəsilə bu sahədə çalışanlara araşdırma aparmaq üçün böyük həcmdə qrantlar da ayrımaq olar”.
N. Cəfərlinin fikrincə, 2020-ci ildə mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiya sahələrinə ayrılan vəsaitlər də ümumən azaldılmalıdır: "Düzdür, burada bir neçə sahə var ki, ona dövlət dəstəyi hər zaman olmalıdır. Opera, kamera orkestri, klassik musiqiyə dövlət dəstəyi olmasa onlar ayaqda qala bilməzlər. Amma teatr və mədəniyyət ocaqlarına elə şərait yaradılmalıdır ki, pulu özləri qazanmağı öyrənsinlər. Bu yolla da mədəniyyət və incəsənətə ayrılan vəsaitlərin azaldılması mümkündür. Xalq və əməkdar artistlərə verilən əlavə vəsaitlər də ləğv edilməlidir”.
Elçin