VİP sədri Əli Əliyev də AXH-dən çıxdı

VİP sədri Əli Əliyev də AXH-dən çıxdı
 

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. VİP mətbuat xidmətindən azpolitika.info-ya verilən xəbərdə bildirilir ki, iclasda ölkədəki mövcud ümumi vəziyyət, VİP-in Azərbaycan Xalq Hərəkatında (AXH) iştirakına xitam verilməsi, partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsi, təşkilati strukturların fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub.

Məlumatda bildirilir ki, çıxışında ölkədə yaranmış vəziyyəti geniş təhlil edən VİP sədri Əli Əliyev hakimiyyətin ümummilli problemlərin həlli və siyasi açılım istiqamətində hər hansı ciddi addım atmağa meyllənmədiyini vurğulayıb. O, belə bir şəraitdə VİP-in və digər real müxalifət qüvvələrinin xalqı səfərbər etmək istiqamətində fəallığının artırılmasına ehtiyac olduğunun vurğulayıb.

Əli Əliyev AXH daxilində yaranmış vəziyyətə toxunaraq, müəyyən amillərin VİP-in Hərəkatda iştirakına xitam vermək zərurətini doğurduğunu diqqətə çatdırıb.

Partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsinin vacibliyini önə çəkən Əli Əliyev VİP nümayəndə heyətinin Türkiyəyə nəzərdə tutulan səfəri haqqında məlumat verib. O, partiyanın Bakıdakı diplomatik korpusla təmaslarının da artırıldığını qeyd edib.

Müzakirələrdə iştirak edən Siyasi Şura üzvləri VİP sədrinin toxunduğu məsələlər ətrafında fikirlərini bildirərək, yeni situasiyada atılacaq addımları dəyərləndiriblər. Siyasi Şurada keçirilmiş səsvermədən sonra VİP-in AXH-də iştirakına xitam verilməsi haqqında qərar qəbul olunub.


OXŞAR XƏBƏRLƏR