Vidadi Zeynalov nazirini \"baqaja qoydu\": Sədaqətlə...

Vidadi Zeynalov nazirini \

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi keçirilən prosesdə Vidadi Zeynalov ifadəsinə davam edib.

Sabiq aparat rəhbəri ifadəsində bildirib ki, ittiham aktı ilə ətraflı tanış olan zaman yazılarda səhvləri yox, doğrunu axtarmağa məcbur olub:

"Çünki akt ancaq reallıqdankənar və mövcud olmayan "faktlar və sübutlar” əsasında tərtib olunub. İstintaq orqanı tərəfindən 37,9 milyon manatın necə hesablanaraq yazılması bu günədək mənə məlum deyil. Eyni rəqəmləri həm "Azintelekom”dan, həm "Aztelekom”dan köçürülən məbləğlərə şamil edirlər. Verilənlər dollarla hesablanırdı və məbləğ mənim ilkin ifadəmdə dediyim kimi, 30 milyon dollar və ya 23,5 milyon manat olub. Həmin məbləğin 5,5 milyon dollarını, yəni 4,3 milyon manatını mən görməmişəm. Mənə deyilib ki, həmin borcun ATK-dən silinməsini təmin edin. Mən də demişəm aidiyyəti üzrə silsinlər”.

Vidadi Zeynalov bildirib ki, iş məqsədyönlü şəkildə ona bağlamaq istənib: "İcra başçıları, hətta başqa insanlar da nazirdən rəsmi və qeyri-rəsmi xahiş edib ki, rayonlarda quruculuq-abadlıq işləri gedir, sizin bina bərbad gündədir, təmir edin. Biz də vəsait ayrılması üçün "Aztelekom”a tapşırıq vermişik. Şahidlər məhkəmədə verdiyi ifadəsində bildirir ki, Vidadi Zeynalovu heç görməmişəm və telefonla da danışmamışam”.

O, həmçinin işi aparan müstəntiqlərə də iradını bildirib: "İşin içində çoxlu ziddiyyətlər var. İstintaq insan taleyinə niyə biganə yanaşır? Axı mən rəhbərliyin tapşırıqlarını sədaqətlə icra etmişəm. Tapşırığın digər icraçıları heç də vəzifədə məndən kiçik şəxslər deyillər. Mən heç kimə, heç bir məbləğ təyin etməmişəm. Mənim nə belə bir səlahiyyətim, nə də belə bir niyyətim olub. Mən tutduğum vəzifəyə görə həvalə edilmiş tapşırıqları icra etmişəm. Mənim yerimə bu işi qapıçıya tapşırsaydılar, o da edəcəkdi. İlkin ifadəmdə göstərmişəm. Belə çıxır ki, həmin vəzifədə başqa bir şəxs olsaydı, ona bu tapşırıqlar verilməyəcəkdi? Müəyyən olunmuş xəzinənin mədaxil və məxaricinə aparat rəhbəri, büdcə və lisenziya üzrə İltimas Məmmədov məsul edilib, Vidadi Zeynalov yox. Bu dövr ərzində "Aztelekom” MMC tərəfindən Nazirliyin xəzinəsinə 19,2 milyon manat vəsait verilib. İstintaq "Aztelekom” MMC-yə münasibətdə bu rəqəmi 37,9 milyon manat və 29,7 milyon manat yazmaqla, 47,7 milyon manat şişirtmə, "Optik Tikinti Montaj” MMC-yə 12,1 mln. manat yazmaqla 19,8 mln. manat şişirtmə, "Azərpoçt” MMC-yə 12,4 mln. manat yazmaqla, 20,0 mln. manat şişirtmə qeyd edib”.

Sabiq aparat rəhbəri həbs qoyulmuş əmlakları ilə də bağlı geniş danışıb: "Nə vaxtsa həyatdan köçərəmsə, maldan-mülkdən ötrü övladlarımın arasında narazılıq yaranmaması məqsədilə onlar üçün öz əmlaklarımla, eləcə də anam və yaxın qohumlarımın rəsmi qaydada bağışladıqları əmlaklarla bağlı siyahını tərtib edərək vəsiyyət yazıb seyfə qoymuşam. Fikirləşirdim ki, artıq övladlarım müstəqil ailə sahibidirlər və ölümdən heç kəs, o cümlədən mən də sığorta olunmamışam. Tutulan gecə saat 21-22 arası həmin məktub seyfdən götürüldü, mənə göstərildi. Mən də dedim ki, burada gizlin nə var? Hər şey öz adıma və ya ailəmin adınadır. Lakin çoxu 1990-2004-cü ilə qədər olan dövrə aiddir. Həmin gecə bütün saytlarda bu siyahı getdi. Bunlar kimə lazım idi? Sonra da ata yurdumuz, bacılarımın, qardaşımın, qaynımın, bacanağımın, qızımın, qonşularımın yaşayan evləri, dövlət tərəfindən onlara kənddə verilən pay torpaqları, hətta dövlətdən, bələdiyyədən müqavilə ilə icarəyə götürdüyüm torpaqları da siyahıya əlavə edib mətbuata ötürüblər”.

Sabiq aparat rəhbəri şişirdilmiş məbləğlər barəsində danışıb: "Siz burada vəsatətlərə münasibət bildirərkən qeyd etdiniz ki, adi riyazi əməliyyatları hesablamağı məhkəmə özü də bacarır. İndi 12 mln. manat iş həcmindən 33% vergidirsə, 60%-ı isə şişirdilmiş iş həcmidirsə, onda yerlərdə hansı iş olub ki, onu yoxlayıcılar şişirdilmiş kimi yazıblar? Əgər iş görülübsə, onda işə görə əmək haqqı, bununla bağlı ən azı 25% büdcəyə ayırmalar və mal-material alınması xərcləri haradan ödənilib? Bunlara görə də biz vəsatət verirdik ki, Maliyyə Nazirliyinin yoxlayıcıları və ekspertlər bu tapmacanı, daha doğrusu kəşflərini bizə izah etsinlər.

"Azərpoçt”la bizim ziddiyyətli heç bir işimiz yoxdur. Rəhbərlik tapşırıb, tapşırığa uyğun o da icra edib. Orada konkret aylıq olmayıb. Tanıdıqları şirkətlərin sərbəst mənfəətini alıblar və ümumi işin yerinə yetirilməsində heç bir maliyyə və vergi qanunvericiliyini pozmayıblar. O da hamı üçün olmayıb. Onun da siyahısı "Azərpoçt”da var. Mənim yadımda deyil. Yəqin, istintaq qrupu hər birindən soruşub və rəqəm düzdür. Bir onu deyə bilərəm ki, Qənbər Bəybalayevə Əli Abbasov siyahı vermişdi ki, "Azərpoçt”un bəzi əməkdaşlarına orada göstərilən məbləğləri versin. Bu da təqribən ifadəmdə əmək haqqı siyahısına uyğun olaraq 1 milyon 703 min təşkil edirdi”.

Vidadi Zeynalov bildirib ki, istintaqa çağırılan günü onu tutublar: "Mən inanmazdım ki, məni yasa getmək adı ilə dəvət edib özümə tələ quracaqlar. Prokuror burada qeyd etdi ki, ifadələr verib, imzalamışıq. Düz deyir, vəkilsiz, şok vəziyyətində, həyəcanlı olduğum və müstəntiqi tanıdığım üçün inanıb, əvəzimdən tərtib etdikləri ifadəyə imza atmışam. Şokdan 2 ay sonra çıxa bildim, ayılanda vəsatətlər verdim. Xahiş etdim ki, rəqəmlərlə, konkret olaraq manat-dollarla bağlı Namazalı Məmmədovla, Cəlil Cəfərovla, Məhəmməd Məmmədovla, Qənbər Bəybalayevlə və Oqtay Rüstəmovla məni üzləşdirin. Bir ildən sonra müstəntiqlər gəlib bizi Kürdəxanıda tapdılar və bu ittihamı həvəslə yazıb, tanış edilməm üçün gətirdilər, mən də qəbul etmədim və protokola söyüşdən başqa hər şey yazdım. Daha nə etməli idik? Yalnız bir dəfə məni şəhərə gətirib Ə.Abbasovla təqsirləndirilən şəxs kimi yox, şahid kimi üzləşdirdilər. Orada da hər ikimiz öz ilkin ifadələrimizi təsdiq etdik. Həmin üzləşdirmə protokolu 3 nəfər vəkilin, müstəntiqin, Əli Quliyevin, Əli Abbasovun və mənim iştirakımla tərtib olunaraq imzalanıb. Lakin mən həmin protokola nə məhkəməyə göndərilən istintaq materiallarında, nə də ittiham aktında rast gəldim”.

Daha sonra prosesdə Vidadi Zeynalov vəkillərin suallarını cavablandırıb.

Vidadi Zeynalov həmçinin qeyd edib ki, vəkili Elxan Süleymanlı onun əmlakını müştəri tapıb: "Elxan sağolsun, həmin adamı tapıb, gətirib. Həmin adam hazırda bankda gözləyir. Siz yoldaşımın adına olan əmlakın üzərindən həbsi götürün, dövlətə dəymiş ziyanı, boynuma qoyulan ziyanı ödəyim”.

Hakim isə bildirib ki, əmlaklarla bağlı məsələyə sonda qiymət veriləcək.

Bu zaman Zeynalovun vəkilləri Ceyhun Yusifov və Elxan Süleymanlı buna kəskin etiraz edib: "Bizə deyin görək, siz istəyirsiniz dəymiş ziyan ödənilsin? Vidadi Zeynalovun evdə pul kəsən aparatı yoxdur ki, pulu tapıb versin. Hazırda müştəri var, bankda gözləyir. Əmlakın üstündən həbsi götürün, bu dəqiqə dəymiş ziyanı ödəyək”.

Vəsatət baxılmamış saxlanılıb.

Daha sonra "Azərpoçt” sabiq rəhbəri Qəmbər Bəybalayev çıxış edib: "Mənə hələ də məlum deyil, mən niyə təqsirləndirilirəm. Vidadi Zeynalov da ifadəsində bildirdi ki, sabiq nazir Əli Abbasovun tapşırığına əsasən, bizim idarədə bəzi əməkdaşlar "paket” alıb. Mən heç zaman "paket” almamışam. Alan şəxslərə də qarışmamışam. O vaxt hətta Əli Abbasov mənə tapşırdı, bir qadını işə götürüm. Həmin qadın ayın sonu gəldi ki, ona əlavə pul veriləcək. Dedim, mən əlavə pul verən deyiləm. Məndən icazə istədi ki, o zaman Əli Abbasovun yanına gedəcəm. Dedim, buyurun. Sonra o gedib Rabitə Nazirliyindən həmin pulu aldı. Sonradan soruşdum dedi ki, 500 manat əlavə pul alıb. İndi mənə ittiham verilib ki, guya vəzifə səlahiyyətlərini aşmışam. Mən günahsızam.

Bilirsiniz, əvvəllər bizim idarədə maaş çox az idi. Mən nazirdən xahiş elədim ki, əməkhaqqımızı qaldırsın. O, "paket” verilməsini təklif etdi. Mən isə bununla razılaşmadım. Sağolsun, Vidadi müəllim də mən deyəni dəstəklədi. Bizim maaşımız normallaşdı. Ona görə mən heç zaman əlavə pul söhbətində olmamışam”.

Proses mayın 19-da davam edəcək.

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom” MMC, "AzİnTelekom” MMC, "Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. (lent.az)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Daha bir ölkədə güclü zəlzələ oldu

Kaliforniya körfəzində, Meksika sahilləri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Zə...

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ...

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.   “Real Madrid”in &ld...

Qüds toz dumanına büründü - FOTO

Qüdsdə və ətraf ərazilərdə qum fırtınası meydana gəlib.   Sfera.az xəbər verir ki, qum fırtınası sosial həyata mənfi təsir edib.   Hə...

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.   Sfera.az-ın məlumatına görə, bunu açıqlamasınd...

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...