Vergi Ombudsmanı vergi ödəyiciləri üçün yeni imkanlar deməkdir- ekspert

Vergi Ombudsmanı vergi ödəyiciləri üçün yeni imkanlar deməkdir- ekspert

"Vergi Ombudsmanının yaradılması vergi ödəyicilərilə dövlət arasındakı münasibətlərin daha çevik müstəvidə tənzimlənməsinə imkan verəcək”

Sfera.az-a açıqlamasında bu sözləri Vergi Ombudsmanının yaradılması ilə bağlı rəsmilər tərəfindən səslənən fikirlərə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

Həmsöhbətimizin fikrincə, həmin addım təkcə vergi ödəyiciləri üçün deyil, eyni zamanda, vergi orqanlarına vaxta qənatə etmək baxımından da şans yaradır:

 

"Nəticə etibarı ilə bu addımla Vergi Ombudsmanı vergi mübahisələrinin həllinə müdaxilə etmək və bu məsələni əlaqələndirmək imkanına malik olacaq. Eyni zamanda nəzərə alaq ki, bir sıra hallarda, xüsusən də məbləğin dairəsi kiçik olan mübahisələrin həllinin vergi qurumları və yaxud məhkəmələr tərəfindən deyil, məhz ombudsman tərəfindən araşdırılması və qərar verilməsi daha məqsədəuyğundur. Bu bir tərəfdən daha qısa zamanda qərar əldə etməyə imkan yaradır. Digər tərəfdən də az miqdarda proseduralardan keçməklə belə mübahisələri həll etmək mümkün olacaq.

Eyni zamanda, həmin addım birmənalı şəkildə vergi orqanlarına vaxt və zamana qənaət etmək baxımından, həmçinin mübahisəli məsələlərin onlar tərəfindən baxılmasının azaldılması aspektindən də vacibdir. O baxımdan ombudsmanın yaradılması vergi ödəyiciləri üçün yeni imkanların yaradılması kimi qiymətləndirilməlidir. Həmin addım nəticə etibarı ilə vergi ödəyicilərinə mübahisəli məsələləri daha qısa zamanda həll etməyə şərait yaradacaq. Vergi orqanları da bu institutun fəaliyyətindən bəhrələnəcəklər. Onlar daha vaxt itkisinə yol verməyəcək və araşdırdıqları mübahisəli məsələlər azalacaq.  Belədə vergi mübahisələrini daha səmərəli və şəffaf şəkildə həll etmək mümkün olacaq”.

 

Ekspert düşünür ki, belə bir institutun yaradılması iqtisadi aktivliyin artması və biznesin inkişafı baxımından da vacibdir:

"Vergilər təbii ki, iqtisadiyayt üçün vacibdir.  Xüsusən də vergi ödəyicilərinin dövlət qurumları ilə münasibətlərinin yaxşılaşdırılması nəticə etibarı ilə iqtisadi aktivliyin artmasına da öz müsbət təsirlərini göstərəcək. Bu da öz növbəsində imkan yaradacaq ki, biznesin inkişafı baxımından atılan addımın müsbət təsirləri olsun. Real sektorda bağlı vergi proseduralarının sadələşdirilməsi, xüsusən də vergi mübahisələrinə daha qısa zamanda baxılması mənasında addımın pozitiv təsirləri olacaq. Həmin addım əsasən də qeyri-neft sektoruna daha çox müsbət təsir göstərəcək”.

 

 

Qeyd edək ki, Vergilər Nazirliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclasında çıxışı zamanı naziri Mikayıl Cabbarov Vergi Ombudsmanı institutunun yaradılacağını bəyan edib.

Vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin daha etibarlı şəkildə müdafiə edilməsinin, vergi apelyasiya sisteminin təkmilləşdirilməsininin vacibliyini xüsusi olaraq vurğulayan nazir bildirib ki, sahibkarların hüquqlarını qoruyan yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsi əsas götürülərək Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb.

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR