Vergi islahatlarının nəticələri necə olacaq? - ŞƏRH

Vergi islahatlarının nəticələri necə olacaq?  - ŞƏRH
"Bu addım qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına yardım edəcək. Həmçinin, sahibkarlar, xüsusən də mikrosahibkarlara öz potensiallarını reallaşdırmaq baxımından yeni imkanlar açacaq”.
 
Sfera.az-a açıqlamasında bu sözləri yeni vergi islahatlarının cari ildə Azərbaycan iqtisadiyyatı və maliyyə sistemində nələrə gətirib çıxaracağı ilə bağlı sualı cavablandırarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib:
 
"Vergi sistemində həyata keçirilən yeni islahatlar fonunda kölgə iqtisadiyyatına güclü zərbə vurulacaq, sahibkarlar üçün istehsalı və gəlirlərini artırmaq baxımından yeni imkanlar açılacaq. 2019-cu ildə Azərbaycan iqtisadiyyatı üçün vacib məqamlardan biri təbii ki, Vergi Məcəlləsində edilən dəyişikliklərdir. Məhz bu istiqamətdə edilən dəyişikliklər Azərbaycan sahibkarları üçün yeni imkanlar yaradacaq. Nəzərə alaq ki, atılan bu addım həm qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına yardım edəcək. Bütövlükdə vergi islahatlarının təsirlərini qiymətləndirsək təbii ki, burada ən vacib tərəflərdən biri məhz həmin islahatlar fonunda qeyri-rəsmi məşğulluq səviyyəsinin azaldılmasına nail olacağımızla bağlı verilən proqnozlarla bağlıdır. Gəlir vergisinə tətbiq edilən güzəşt nəticə etibarı ilə qeyri-rəsmi məşğulluğun səviyyəsinin azalmasına gətirib çıxaracaq. Eyni zamanda, bu addım istehsal prosesində kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi baxımından vacibdir. O baxımdan, qeyri-rəsmi məşğulluq səviyyəsinin azaldılması mənasında gəlir vergisinə tətbiq edilən güzəştlərin mühüm əhəmiyyəti vardır. Digər tərəfdən, bu addım həmçinin sahibkarlar üçün yeni vəziyyət yaradır. Xüsusən də mikrosahibkarlar üçün yeni imkanlar açılacaq. Onlar sadələşdirilmiş vergi subyekti olaraq güzəştlərdən istifadə edə biləcəklər. Kiçik sahibkarlar mənfəət və gəlir vergisində 75 faiz güzəşt əldə edəcəklər ki, bu da onların sərəncamında daha çox vəsaitin qalmasına şərait yaradacaq. Bütövlükdə gözlənilir ki, islahatlar həm sahibkarlıq subyektlərinin fəaliyyətinin genişlənməsinə imkan verəcək, həm də qeyri-rəsmi məşulluğun səviyyəsini azaltmaqla əmək müqaviləsilə işləyən vətəndaşların sayının artması, eləcə də sosial yığımların güclənməsinə şərait yaradacaq. Bu həm də innovativ ideyaların reallaşması baxımından mühüm addımdır. Belədə islahatlar qeyri-neft sektorunun inkişafı baxımından həlledicidir. Ehtimal olunur ki, 2019-cu ildə məhz bu islahatlar fonunda qeyri-neft sektorunun inkişafını müşahidə edə biləcəyik”.
 
Qeyd edək ki, cari ildə vergi sahəsində mühüm və ciddi islahatlar həyata keçiriləcək. Hansı ki, gözlənilən bu islahatlar həm ölkənin, həm də əhalinin maddi rifahının daha da yüksəldilməsinə xidmət edir.
 
ELÇİN 
Sfera.az

OXŞAR XƏBƏRLƏR