Velosipedçimiz qələbə çalacağına inanır

Velosipedçimiz qələbə çalacağına inanır

 

Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları çərçivəsində şose velosiped idmanı üzrə qrup yarışlarında iştirak edəcək Azərbaycan velosipedçisi, əslən Ukraynanın Qorlovka şəhərindən olan Yelena Pavluxina yarışlar ərəfəsində jurnalistlərlə görüşüb.

 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, idmançı Olimpiya Oyunlarına qazandığı lisenziyadan danışıb. O, Avropa Oyunlarında fərdi yarışlarda altıncı yeri tutub, sonra Çexiyada qələbə qazanıb. Çində keçirilən beynəlxalq turnirdə 9-cu yeri tutaraq 149 xalla ən yaxşı 100 velosipedçi sırasına daxil olub.

 

Y.Pavluxinanın sözlərinə görə, Braziliya paytaxtında yürüş iştirakçılarını təqribən 140 kilometr uzunluğunda mürəkkəb "texniki” tras gözləyir. Trasa iki yoxuş və eniş, iki kilometr uzunluğunda dördtin daşlarla döşənmiş yol daxildir. Trekdə döngələr çoxdur. O, jurnalistlərin "Qələbəyə ümidiniz varmı?” sualına cavabında öz gücünə inandığını bildirib və əmin edib ki, yürüşdə müvəffəqiyyət qazanmaq üçün mümkün olan hər şeyi edəcək.

 

Y.Pavluxinanın fikrincə, Polşa və Hollandiya nümayəndələri ən güclü rəqiblərdir. O hesab edir ki, idmançılarımızın Olimpiya yürüşündə iştirakı Azərbaycanda, xüsusən qadınlar arasında velosiped idmanının inkişafına yeni təkan verəcək.

 

Qeyd edək ki, Braziliyada Olimpiya yürüşündə 67 velosipedçinin iştirakı gözlənilir.



OXŞAR XƏBƏRLƏR