Cəmİyyət

Vaşinqtonun təklif etdiyi Qarabağ danışıqları - nələr ola bilər?

Vaşinqtonun təklif etdiyi Qarabağ danışıqları - nələr ola bilər?
Ermənistanla danışıqların dayandırılması təşəbbüsünə politoloqdan reaksiya; Şahin Cəfərli: "Azərbaycan masadan ilk qalxan tərəf olmamalıdır və mümkün qədər öz maraqlarına uyğun həllə nail olmağa çalışmalıdır”; Oleq Kuznetsov: "ABŞ-ı Dağlıq Qarabağın müstəqilliyini tanımamağa məcbur etmək üçün yalnız bir yolu var”

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və ya ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçiriləcək görüşlər, atılacaq addımlara dair şərhləri ”3+2" formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir".

Bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib. Diplomat qeyd edib ki, sözügedən bəyanatlar açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir: "Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyildir və bu proses həmişəlik davam edə bilməz. Biz Ermənistan Xarici İşlər Nazirliyini ”3+2" formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik.

Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi, onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər. Eyni zamanda onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar".

Qeyd edək ki, Paris və Moskva danışıqlarından sonra Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda görüşəcəkləri barədə məlumat yayılıb. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov deyib ki, belə bir təşəbbüslə ABŞ-ın dövlət katibi çıxış edib. Bəzi ekspertlər indi də Vaşinqtonda bir araya gəlməyi sadəcə vaxt itkisi kimi qiymətləndirir. Hesab olunur ki, bu kimi təşəbbüslər sadəcə status-kvonun saxlanmasına xidmət edir. Belə yanaşma da var ki, Fransa və Rusiyada keçirilən görüşdə hansısa anlaşma əldə olunduğunu nəzərə alan ABŞ təşəbbüsün əldə çıxacağını zənn edərək moderatorluğu üzərinə götürməyə qərar verib.

Politoloq Şahin Cəfərli "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ATƏT-in Minsk Qrupunun Qərbdən olan həmsədrləri - ABŞ və Fransa indiyədək Dağlıq Qarabağ ixtilafının həlli prosesində digər həmsədr ölkə Rusiyanın fəallıq göstərməsinə, önə çıxmasına normal yanaşıblar: "Bunun səbəbləri az-çox hər kəsə aydındır: münaqişə tərəfləri ilə Rusiya ortaq tarixi keçmişə malikdir və müasir dövrdə də aralarında çox yaxın əlaqələr var. Moskva İrəvanla müttəfiq, Bakı ilə strateji tərəfdaşdır və hər iki paytaxt üzərində real təsir imkanlarına sahibdir. Bu səbəblə, Qərb Rusiyaya atəşkəs rejiminin təminatçısı kimi baxır və onun bu münaqişənin tənzimlənməsində özəl rolunu qəbul edir. Amma bu, o demək deyil ki, ABŞ və Fransa bu məsələni tamamilə Rusiyanın öhdəsinə buraxmaq və Moskvanın Cənubi Qafqazda öz nüfuz dairəsini genişləndirmək cəhdlərinə seyrçi qalmaq fikrindədir. Təbii ki, yox. Qərb və Rusiya arasında geosiyasi rəqabət davam edir”. Ş.Cəfərli digər məqama da diqqət çəkdi: "Rusiya, bəsit ifadə etsək, son vaxtlar öz boyunu aşan işlərə girişərək qlobal miqyasda ABŞ-a problemlər yaratmağa başlayıb. Məsələn, Moskva çox yaxşı bilir ki, Amerika qitəsi və ümumilikdə Qərb yarımkürəsi 1823-cü il Monro doktrinasından bəri Vaşinqtonun həyati maraqlarının olduğu zonadır. ABŞ bu yarımkürəyə kənar güclərin müdaxiləsini hər zaman böyük qıcıq və qısqanclıqla qarşılayıb. Kreml bunu bildiyi halda, Venesuelada Maduro rejiminə ciddi dəstək verir, hətta oraya 100 nəfərlik hərbi kontingent göndərib. Şübhəsiz ki, Moskva Maduronun ABŞ-ın ağır basqısı altında uzun müddət duruş gətirə bilməyəcəyini anlayır. Sadəcə, Putin ABŞ-a nümayiş etdirir ki, mən sənə dünyanın bir çox yerində problem yaratmaq gücündəyəm və məni ciddi tərəfdaş kimi qəbul etmək, maraqlarımı nəzərə almaq zorundasan. Başqa bir misal. Tramp administrasiyasının əsas xarici siyasət vəzifələrindən biri də Şimali Koreyanın denukleirizasiyasına, yəni nüvəsizləşdirilməsinə nail olmaqdır. Çinlə bərabər Rusiya da Şimali Koreya üzərində təsir imkanlarına malikdir, bu yaxınlarda Kim Çen In Moskvaya səfər edəcək. Putin Trampa mesaj göndərir ki, Rusiya bu problemin həllinə həm mane olmaq, həm də kömək etmək gücündədir. Uzun sözün qısası, Putin bu cür həmlə  - yaxud hücum - dioplomatiyası ilə əlindəki kartların sayını və sambalını artırır və ABŞ-ı masaya çağırır. Gələn il keçiriləcək prezident seçkiləri öncəsi Trampın ciddi xarici siyasət uğuruna ehtiyacı var. Putin bunu çox gözəl bildiyi üçün Vaşinqtona işarə edir ki, Venesuela və Şimali Koreya məsələlərində kömək göstərə bilərəm, bir şərtlə ki, postsovet məkanında Rusiyanın həyati maraqlarına hörmət göstərilsin və sanksiya rejiminin ağırlaşdırılmasından imtina edilsin”.

Politoloq Ağ Evin hərəkətə keçməsini təsadüfi saymır: "Mən düşünürəm ki, ABŞ əks-həmlə kimi postsovet regionunda daha da fəallaşa biləcəyini qarşı tərəfə nümayiş etdirməyə çalışır və Mayk Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərlərini Vaşinqtona dəvət etməsinin səbəblərindən biri bu ola bilər. Söhbət ondan getmir ki, ABŞ bu məsələdə təşəbbüsü Rusiyanın əlindən alıb, onu prosesdən kənarlaşdırmaq istəyir. Sadəcə olaraq, ABŞ bununla demək istəyir ki, konfliktin Kremlin maraqları çərçivəsində həllini əngəlləmək gücündədir və tərəflərlə münasibətlərini dərinləşdirmək imkanı da var. Münaqişənin həllindəki son duruma gəldikdə isə ötən ilin sonlarından bəri prosesin sürətləndiyi göz önündədir. İrəliləyiş də var. Tərəflər öz xalqlarını sülhə hazırlamağa, etimad artırıcı tədbirlər həyata keçirməyə və humanitar aspektdə addımlar atmağa razılaşıblar. Son görüşlərin əsas mövzusu məhz budur. Əlbəttə, biz bu tip razılıqları əvvəllər də müşahidə etmişik və onlar hər hansı real nəticəyə gətirib çıxarmayıb. Amma hər halda, tərəflər bu məsələ üzrə ortaq məxrəcə gəliblər və bunu əhəmiyyətsiz saymaq olmaz. Əgər xalqların sülhə hazırlanmasından söhbət gedirsə, deməli, bunun arxasınca ciddi addımlar gələcək. Yəni vasitəçilər istəyir ki, ölkə rəhbərləri hər hansı sənədə, sazişə imza atanda ölkələrin daxilində təlatüm baş verməsin və xalqlar şok yaşamasın. Ona görə də Azərbaycan ictimaiyyəti prosesi diqqətlə izləməlidir”.

Siyasi təhlilçi hazırkı dönəmdə danışıqlardan imtinanı düzgün saymır: "Azərbaycanda danışıqlardan imtina olunmasını təklif edənləri yaxşı başa düşürəm. Çünki əvvəla, 1994-cü ildən bəri davam edən sülh prosesi heç bir nəticə verməyib. Digər tərəfdən, Ermənistan tərəfi destruktiv mövqeyini davam etdirir və Azərbaycandan kapitulyasiya mənasına gələn güzəştlər gözləyir, bu isə haqlı olaraq Azərbaycan ictimaiyyətində qəzəb doğurur. Amma Azərbaycan masadan ilk qalxan tərəf olmamalıdır və mümkün qədər öz maraqlarına uyğun həllə nail olmağa çalışmalıdır. Müharibə yolu ilə işğal olunmuş əraziləri qaytarmaq üçün şərtlər hələ ki uyğun deyil”.

"ABŞ ərazisində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə danışıqlar yolu ilə həll edilməsi mümkün deyil”. Bu sözləri axar.az -a rus tarixçi və politoloq Oleq Kuznetsov rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda olan təklifini şərh edərkən deyib. "Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın roluna gəldikdə, eyni şeyi söyləyəcəyəm. 1992-ci il noyabrın 24-də ölkədə Azadlığın Müdafiəsi Aktı adlı bir milli qanun qəbul edildi. Bu qanunun 907-ci maddəsinin rus dilinə tərcüməsində məzmunu kontekstdə belə görünür: ABŞ hökuməti Azərbaycan hökumətinə Ermənistan və Dağlıq Qarabağa iqtisadi blokada tətbiq olunduğu və digər zorakılıq aktları törədildiyi müddətdə Azərbaycan hökumətinə texnoloji və hərbi-texniki yardım göstərməyəcək”, - deyə politoloq bildirib.

Ekspertin sözlərinə görə, Amerika Rusiyadan və Fransadan fərqli olaraq, qanunvericilik səviyyəsində uzun illərdir ki, Qafqazdakı ikinci erməni dövlətinin müstəqilliyini tanıyır və dünyada hər kəs bunu bilir: "Amerika siyasətçiləri öz ölkələrində öz qanunlarını açıq şəkildə pozmur və dövlət katibi Pompeo da bunu etməyəcək. O, Amerika qanunvericiliyinə ciddi əməl edəcək və buna görə ABŞ-da dialoqun və müzakirələrin gedişatının növbəti mərhələsində Azərbaycan nümayəndə heyətini ABŞ qanununa əməl etməyə və Qarabağın müstəqilliyini tanımağa məcbur edəcək. Zənnimcə, siyasi karyeranı təhlükə altına almaq, öz milli qanunvericiliyini pozmaq fikri yoxdur. Amerikalılar qanunvericiliyini çox nadir hallarda - yalnız obyektiv reallıqlara ziddirsə, dəyişirlər.

ABŞ-ı Dağlıq Qarabağın müstəqilliyini tanımamağa məcbur etmək üçün yalnız bir yolu var: Vyetnamın zamanında Sayqonu məhv etdiyi kimi, bu terrorçu qondarma dövləti müharibə yolu ilə məhv etmək. ABŞ ərazisində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə danışıqlar yolu ilə həll edilməsi mümkün deyil"."Yeni Müsavat”

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031