\"Valyutadəyişmə məntəqələrinin bağlanması \"qara bazar\"ın şeflənməsinə səbəb oldu\" - Eksperti Fikri

\
 
"Bu yaxınlarda valyutadəyişmə məntəqələri ilə bağlı qərar qəbul etdik. Son vaxtlar Azərbaycanda milli valyutanın stabilləşməsi, dollarla münasibətdə müəyyən gərginliyin aradan qaldırılması və makroiqtisadi stabilliyin qorunub saxlanması valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasına rəy yaratdı"

Bu sözləri Sfera.az-a valyutadəyişmə məntəqələrinin bərpasından danışarkən millət vəkili, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib.
 


Millət vəkili bildirib ki, valyutadəyişmə məntəqələri Maliyyə Bazarlarına Nəzarət Palatasının ciddi nəzarət altında fəaliyyət göstərəcəklər:
"Palata tərəfindən müəyyən sənədlər qəbul olunacaq. Əsas problemlərdən biri, məntəqəni açmaq üçün rüsumun ödənilməsidir. Rüsumun məbləği ya Palata, ya da yuxarı İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Məntəqələrin daha çox  ticarət mərkəzlərində, "Avtovağzal"larda, Dəmiryolu vağzalında və digər yerlərdə fəaliyyət göstərməsini istərdik".
 
 

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması səhv bir qərar idi:
"Çünki bu qərarın heç bir əhəmiyyəti olmadı. Məntəqələrin bağlanmasının məqsədi ajiotajın qarşısının alınması idi. Amma tam əksi baş verdi, yəni bu "qara bazar"ın şeflənməsinə səbəb oldu. Ümumiyyətlə, bir müddət valyuta əməliyyatlarının böyük bir hissəsi "qara bazar" vasitəsilə həyata keçirildi. Bundan başqa, məntəqələrin bərpası ilə bağlı qərar qəbul edilsə də, texniki məsələlər hələ də öz həllini tapmayıb. Lisenziya ilə bağlı ödənişlərin məbləği məlumdur. Ancaq müəyyən porblemlər var. Düşünürəm ki, məntəqələr əsasən şəhərin mərkəzində, turistlərin çox olduğu yerlərdə fəaliyyət göstərməlidir". 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 157 VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR