Vahid platforma, taksilərlə bağlı cəmiyyətdə yaranan mənfi rəyi yox edəcəkmi? - Ekspert rəyi
15:40 / 04.12.2018
2065
"Vahid platformanın yaradılmasında əsas təyinat taksi fəaliyyətində nizam-intizamın olmasına nail olmaqdır”.
Sfera.az-a açıqlamasında bu sözləri taksi xidmətində vahid platformanın yaradılacağı ilə bağlı məsələyə münasibət bildirərkən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib:
"Taksi xidməti sahəsində vahid platformanın yaradılması bu sahədə mövcud olan qarmaqarışıqlığın aradan qaldırılmasında müsbət addım ola bilər. İndiki halda ölkədə pərakəndə, müəyyən dərəcədə qanundankənar taksi fəaliyyəti də mövcuddur. Elə adamlar var ki, fərqlənmə nişanı olmadan bu işlə məşğuldur. Hətta bir çox hallarda həmin xidmətlə məşğul olanların avtomobilləri taksi xidməti üçün yararsız olur. Taksi fəaliyyətilə məşğul olan bəzi sürücülər intizamsız olur, ciddi qayda pozuntularına yol verirlər. Məhz belələrinin hesabına bütün ölkədə taksi sürücülərilə bağlı mənfi rəy yaranıb. Bu mənada sözügedən istiqamətdə yaradılması gözlənilən vahid platformanın birinci hədəfi vahid sivil qaydalar yaratmaqdan ibarət olmalıdır. Dünyanın hər bir yerində taksilərlə bağlı belə bir platforma var. Hətta İranda da buna nail olublar. Bu ölkədə də qeydiyyata düşməyən, dövlət vergisini ödəməyən, normal təchizatı olmayan adamları taksi fəaliyyətinə yaxın buraxmırlar. Ölkəmizdə də əsası qoyulacaq platformanın əsas hədəfi məhz bunlar olmalıdır. Hələlik isə ölkəmizdə bu sahədə pərakəndəlik hökm sürür. Bir çox hallarda taksi xidməti göstərdiklərini bəyan edənlər sadəcə bu istiqamətdə 3-5 günlük fəaliyyətlə məşğul olurlar. Yəni vahid platformanın işə düşməsilə bu sahədə bir nizam-intizam bərqərar olacaq”.
Həmsöhbətimiz düşünür ki, taksi fəaliyyətində vahid platformanın tətbiqi bu sahənin inhisara alınmasına, xidməti qiymətlərin bahalaşmasına gətirib çıxarmayacaq:
"Kimsə düşünürsə ki, bu addımla taksi fəaliyyəti inhisara alınacaq, bu belə deyil. Bu günki gündə taksi fəaliyyətini inhisara almaq mümkün deyil. Sadəcə olaraq, hüquqi qaydalar yaratmaq lazımdır ki, özbaşınalıq, pərakəndəlik olmasın. Vahid platforma vahid məlumat bazasıdır, vahid idarə və koordinasiya olunan işdir. Həmin addım taksi fəaliyyətində rəqabət mühitinə heç bir mənfi çalar verməyəcək. Sadəcə xidmət prosesi nizamlanacaq, tələblərə uyğunlaşdırılacaq. Ona görə də onun səmərəli qurulması ilə hər gün yollarda taksilərlə bağlı müşahidə etdiyimiz eybəcərliklər də aradan qalxar. Taksi fəaliyyətilə bağlı vahid platformanın işə düşməsi bəzilərinin iddia etdiyi kimi qiymətlərə də təsir etməyəcək. Qiymətlərə təsir edən amil rəqabət mühitidir. Taksilərə olan tələbatdan, cəmiyyətin ümumi yanaşmasından asılı olaraq qiymətlər də normal müstəvidə olacaq. Bu mənada platformanın yaranmasının taksi fəaliyyətini bahalaşdıracağı düşüncəsi yanlışdır. Platformanın əsas təyinatı taksi fəaliyyətində nizam-intizamın olmasından ibarətdir”.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov bildirib ki, sərnişindaşımada vahid bilet sistemi və taksi xidmətində vahid platforma yaradılacaq. Artıq onun dediyinə görə bu istiqamətdə iş gedir və yaxın zamanlarda proses tamamlanacaq.
ELÇİN
Sfera.az