Vahid Əhmədov: \"Kəndlidən vergi alınması mümkün deyil, çünki...\"

Vahid Əhmədov: \
Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə kəndlilərdən də vergi tutulmasını təklif edib.

Sfera.az xəbər verir ki, o, bu təklifi Vergilər Nazirliyinin bu gün təşkil etdiyi "Vergilər, şəffaflıq, inkişaf” adlı konfransdakı çıxışı zamanı deyib:

"Azərbaycanda əhalinin 35-36 faizi kənd təsərrüfatı sahəsində çalışır. Biz də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”.

Hazırda kənd təsərrüfatı sahəsində çalışanlardan ancaq torpaq vergisi alınır. Yəni kəndlilər digər vergilərdən azaddır. 

Görəsən, belə olduğu təqdirdə kəndlinin üzərinə torpaq vergisindən əlavə digər vergilərin yüklənməsi nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bunun mümkün olmadığını deyib:

"Bu məsələ ilə bağlı onu deyə bilərəm ki, cənab prezidentin sərəncamı və Milli Məclisin qərarına əsasən kənd təsərrüfatında işləyən işçilər torpaq vergisindən başqa heç bir vergi ödəmir. Bu qərar hazırda qüvvədədir və heç kim buna dəyişiklik edə bilməz. Çünki prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına daima diqqət və qayğı göstərib. Həmçinin nəzərə alaq ki, əhalinin təxminən 38 faizi kənd təsərrüfatı ilə məşğuldur. Ola bilər ki, Ziyad Səmədzadə gələcək planların görülməsi üçün belə bir ideya səsləndirib. Amma hələ ki, bu mümkün deyil".

Elvin Paşazadə

OXŞAR XƏBƏRLƏR