Vahid Əhmədov: \"Ələt Azad Ticarət Zonasına heç bir qurum qanunazidd müdaxilələr edə bilməyəcək\"

Vahid Əhmədov: \
"Yaxın vaxtlarda istifadəyə veriləcək Ələt Azad Ticarət Zonası vergilərdən azad olduğu üçün ora heç bir qurum qanunazid müdaxilələr edə bilməyəcək".

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanın Baş nazirinin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. V.Əhmədov deyib ki, "Ələt azad iqtisadi zonası haqqında" qəbul edilən qanun yaxın zamanlarda Ələt Azad Ticarət Zonasının istifadəyə veriləcəyindən xəbər verir: "Qanunun tələbləri də imkan verir ki, buradan Azərbaycanın istənilən sahibkarı istifadə edə bilər. Düşünürəm ki, xarici investorlar bura daha çox maraq göstərəcək.
 

Çünki onların bütün hüquqları qanunla qorunur. Qanun çox yüksək səviyyədə hazırlandığı üçün heç kəs bura müdaxilə edə bilməz. Vergilərdən azadolma və digər üstünlükləri var. Ələtdə yaradılan Azad Ticarət Zonası Xəzər dənizinin sahilində yerləşdiyi üçün çox əlverişli yer hesab olunur. Həm də Ələt Ticarət Limanının, avtomobil magistralı və dəmiryolunun yaxınlığında yerləşir. Yəni, nəqliyyat baxımından heç bir problem mövcud deyil. Bütün bunlar isə Ələt Azad Ticarət Zonasına diqqəti artırır. Hesab edirəm ki, Azad Ticarət Zonası fəaliyyətə başlayandan sonra Azərbaycanın iqtisadiyyatının inkişafına çox böyük töfhələr verəcək. Həm yük daşınması, həm də bu zonada istehsal müəssisələrinin yaradılması genişlənəcək. Bu, Azərbaycanda yaradılan ilk Azad Ticarət Zonasıdır. Yəqin ki, gələcəkdə Azərbaycanın digər bölgələrində də bu cür iqtisadi zonaların yaradılması ilə bağlı müvafiq addımlar atılacaq".
 
Milli Məclisdə "Xüsusi iqtisadi zonalar haqqında" qanunun çoxdan qəbul edildiyini xatırladaq V.Əhmədov qeyd edib ki, sözügedən sahədə İşçi Qrupunun yaradılması bəzi səbəblərə görə mümkün olmayıb: "Nəhayət ki, cənab prezidentin tapşırığı ilə İşçi Qrupu yaradılıb. Bu İşçi qrpuna isə Milli Məclisin sədr müavini Valeh Ələsgərov rəhbərlik edib. Bunun nəticəsində də "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi Milli Məclisə daxil olaraq qəbul edilib. Bu qanun Azərbaycana investisiya cəlb edilməsi üçün çox əlverişli sənəddir. Burada çox böyük güzəştlər nəzərdə tutulub. Bilirsiniz ki, Ələtdə böyük ticarət limanı tikilir. Onun bir hissəsi artıq istifadəyə verilib, digər hissəsi də başa çatdırılandan sonra fəaliyyətə başlayacaq. Ələtdə salınan yeni Ticarət Limanı nəhəng nəqliyyat və logistika mərkəzi kimi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Belə bir yerdə Azad Ticarət Zonasının yaradılması çox böyük əhəmiyyətə malikdir".   

OXŞAR XƏBƏRLƏR