Uşaq pulu, dəfn üçün verilən müavinətlər də artırılacaq - 560 min nəfərə ŞAD XƏBƏR

Uşaq pulu, dəfn üçün verilən müavinətlər də artırılacaq - 560 min nəfərə ŞAD XƏBƏR
Azərbaycan Prezidentinin 23 fevral 2018-ci il tarixli Sərəncamları ilə ümumilikdə 560 minə yaxın şəxsin müavinətləri artırılacaq.

Sfera.az bildirir ki, Əmək və Əhalnini Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, ölkə başçısının "Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, "Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” və "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” 23 fevral 2018-ci il tarixli Sərəncamları sosial təminat sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində növbəti addımdır.

"Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Sərəncamla yaşa görə, ümumi xəstəlik, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar səbəblərdən ümumi səbəbdən əlilliyə görə, ailə başçısını itirməyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara, müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin və müddətli hərbi xidmət qulluqçularının uşaqlarına və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid şəxslərə təyin olunan aylıq sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılacaq. 

Uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, dəfn üçün verilən birdəfəlik müavinətlərin də növbəti ayın 1-dən orta hesabla 10 faiz artırılması təmin ediləcək.

"Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” Sərəncam beşdən çox uşağı olan qadınların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədinə xidmət edir. Sərəncama əsasən həmin qadınlara hər bir uşağa görə təyin olunan müavinətin, "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” Sərəncamla isə uşağa qulluğa görə onlara verilən müavinətin məbləği növbəti aydan 10 faiz artırılacaq.

"Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” Sərəncamla 2018-ci il martın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 10 faiz artırılaraq 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 10 faiz artırılaraq 27,5 manat miqdarında müəyyən edilib. 

Beləliklə, hər üç Sərəncam aylıq və birdəfəlik sosial müavinət alan şəxslərdən ibarət olmaqla, ümumilikdə 560 minə yaxın insana şamil olunacaq. "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə və dəfn üçün müavinətlər məcburi dövlət sosial sığorta vəsaitləri hesabına, digər sosial müavinətlər isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Qeyd olunan sosial müavinətlərə müvafiq artımın edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək təqribən 23,2 milyon manata, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən 1,7 milyon manata qədər əlavə vəsaitin ayrılması təmin olunacaq.

Son günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamlarla müharibə əlilləri və şəhid ailələrinə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, birinci qrup əlillərə, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə, 20 Yanvar əlillərinə, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə, habelə fərdi və fəxri adlara görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdlərinin də növbəti ayın 1-dən artırılması təmin ediləcək.


OXŞAR XƏBƏRLƏR

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...