Ucuz neft yeni böhran yaradacaq?

Ucuz neft yeni böhran yaradacaq?

Neft qiymətlərində növbəti dəfə kəskin azalma olarsa, qalib və məğlub kimlər olacaq? Və neft qiymətlərinin kəskin düşməsi növbəti böhran üçün zəmin hazırlaya bilərmi?

Aydındır ki, xam neft qiymətlərinin düşməsi ən çox neft idxal edən ölkələrə sərf edir. Bu ölkələrə ABŞ da daxildir. ABŞ-ın daxili neft istehsalı müəyyən qədər artsa da, ölkədə neft istehlakının 50 faizi idxaldan asılıdır. Qərbi Avropa və Asiyanın dəqiq neft idxalatçısı olan ölkələri də xam neft qiymətlərinin düşməsindən faydalanırlar. Ölkə daxilində enerji istifadəsinə maliyyə yardımı göstərən Hindistan və Misirin də vəziyyətdən yararlanacağı şübhəsizdir. Ancaq bu ölkələrin bəzilərinə mənfi təsir göstərəcək bir şey də var: xam neftə ABŞ dolları ilə qiymət qoyulur və bu ölkələrin valyutaları dollara nisbətdə olduqca ucuzlaşıb.

Məşhur ekspert Qeri Şillinq Bloomberg-in yaydığı "Will Oil Cause the Next Recession?" (Neft yeni böhran yarada bilərmi?) məqaləsindəə vurğulayır ki, ABŞ-da istehlakçıların bəxtindən 2014-cü ilin iyununda bir qallonu 3,77 dollar olan benzinin də qiyməti 24 faiz azalaraq 2,47 dollara düşüb. Əksər proqnozçular istehlakçıların bu vəziyyətdən istifadə edib iqtisadiyyatı gücləndirəcəklərinə inanırlar. Ancaq qiymətlərin aşağı olması nəticəsində yığılan pulların, demək olar, hamısı evə aid mal-mülkün artırılıb, borcların azaldılmasına xərclənib (4npress).

Qiymətlərin aşağı olmasının mənfi tərəfi də var. Vəziyyət belə davam edərsə, deflyasiya ilə nəticələnə bilər. Ən böyük iqtisadiyyata sahib olan 34 ölkədən artıq 10-da istehlak qiymətləri keçən ilə nisbətən aşağı düşüb. İşin riskli tərəfi odur ki, deflyasiya gözləntiləri istehlakçıların qiymətlərin daha da aşağı düşməsi ümidilə alış-verişi dayandırmalarına səbəb ola bilər. Əgər bu baş verərsə, istehsal gücü və ehtiyatlar həddən artıq artaraq qiymətlərin daha da aşağı düşməsinə gətirib çıxara bilər.

Neft qiymətlərinin düşməsindən əziyyət çəkən tərəflər isə istehsalçılar və neft-mədən işləri üzrə xidmətlər təmin edən, xüsusilə də, yüksək məbləğdə borc götürən şirkətlərdir. Zərbə dəyən tərəflərdən biri də ABŞ-ın şist neft istehsalçılarıdır, ancaq onlar hələ də bu biznesi tərk etmək niyyətində deyillər. Bunun bir səbəbi odur ki, quyu qazma xərcləri də aşağı düşməkdədir. Digər səbəb isə neft qiymətlərinin hələ də istehsalçıların marjinal xərclərindən yüksək olmasıdır. Bu da onları azalmaqda olan gəlirin əvəzini çıxmaq üçün hasilatı artırmağa həvəsləndirir.

ABŞ-da neft-qaz çıxarma sənayesində çalışanlara ümumi əmək haqlarının yalnız 0,14 faizi verilir, ancaq iyul ayında həmin işçilərə saatbaşına verilən orta əmək haqqı 41 dollar idi və bu rəqəm digər sahələrdə çalışan işçilərə ödənilən pulun iki qatıdır. Ötən ilin sonundan etibarən sektorda iş yerlərinin sayı yalnız 4 faiz, həftəlik ödəniş isə 3 faiz azalıb.

Neft qiymətlərinin daha da aşağı düşməsi Afrikanın neft ixrac edən ölkələri Qana, Anqola və Nigeriyanın vəziyyətini daha da pisləşdirəcək. Nigeriya büdcəsinin 70 faizini neft ixracından gələn gəlirlər təşkil edir. Eyni şey Venesuelaya da aiddir. Burada da milli valyuta bolivar ABŞ dolları ilə nisbətdə kəskin ucuzlaşıb.

Rusiya idxalın maliyyələşdirilməsi və dövlət xərclərinə görə neft ixracından asılıdır. Qərb tərəfindən qoyulan sanksiyaların iqtisadiyyatı zəiflətməsi və Rusiya banklarının xarici borclarını ödəmək üçün xaricdən borc ala bilməməsi ilə neft qiymətlərində əlavə bir azalma ölkənin 1998-ci il maliyyə böhranını və borc öhdəliklərini yerinə yetirə bilmədiyi vaxtları geri qaytara bilər. Rublun dəyəri may ayında dollarla nisbətdə 49-dan 66-ya düşüb, inflyasiya səviyyəsi 16 faizdir və iqtisadiyyat bir il əvvələ nisbətən 4,6 faiz kiçilib.

Daha sərfəli bir xarici mübadilə mənbəyi olmayan Rusiya, heç şübhəsiz, neft qiymətləri marjinal xərclərdən aşağı düşsə belə, neft istehsal və ixrac etməyə davam edəcək. Görək bu səfər Vladimir Putin ölkənin diqqətini vəziyyətdən yayındırmaq üçün hansı yola əl atacaq?

Neft qiymətlərinin düşməsi nəticəsində enerji ehtiyatları da zəifləyib. "Royal Dutch Shell" şirkəti ötən il ərzində 35 faiz aşağı düşüb. Fars Körfəzi bölgəsində yerləşən fond birjalarına da zərər dəyib. Səudiyyə birjası bu il regionun ən yaxşı fəaliyyət göstərən birjası olsa da, qiymətlər indiyə qədər 10 faiz aşağı düşüb. Səudiyyə hökumətinin gəlirlərinin 90 faizi, ümumi daxili məhsulun isə 40 faizi neftdən gəlir.

ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrinin qısa müddətə qaldırılmasını əmək bazarları və inflyasiya səviyyəsi uyğun gələnə qədər təxirə salıb, ancaq indi bir çoxları düşünürlər ki, FED il başa çatmamış hərəkətə keçəcək. Mən isə belə düşünürəm ki, FED, ən azı, gələn ilə qədər faiz dərəcələrini artırmayacaq. Ancaq əgər bu il bu tədbiri görərsə və əmtəə qiymətləri aşağı düşərsə, tezliklə bu addımı atdığına peşman olacaq.

Bütün bu qüvvələrin birləşməsi növbəti qlobal böhranı sürətləndirə bilər.  /file/articles//file/articles/milli.az

Sfera.az


OXŞAR XƏBƏRLƏR