Türkiyədən ayaqqabı sifariş verdi, taykeş gəldi

Türkiyədən ayaqqabı sifariş verdi, taykeş gəldi
 

Türkiyədən ayaqqabı sifariş edən vətəndaş Hüseyn Alkaramov xoşagəlməz halla qarşılaşıb.

"Qafqazinfo” xəbər verir ki, "Expargo” daşıma şirkətinə müraciət edən müştəri ayaqqabını "LC Waikiki”dən sifariş verib. Bakıda ayaqqabını əldə edən zaman isə  cütün hər bir tayının fərqli ölçüdə olduğunu görüb.

Bundan başqa ayaqqabının qutusu da açılmış vəziyyətdə olub. O, bu barədə sosial şəbəkədə yazıb:

"Nəyə görə bunu açmısız soruşduğumda isə, dedilər bu, gömrükdə olub. Mən isə gömrükdə paketin belə parçalanmadığını dedim. Evə gələndə isə ayaqqabının hərəsinin fərqli ölçüdə olduğunu gördüm. İndi mən hardan bilim ki, ölçü səhvi karqo şirkətinin ucbatından olmayıb? Dəfərlərlə belə şirkətlərin xidmətindən istifadə etmişəm. Hamısında da paketi özüm açmışam. Bu şirkəti heç kimə məsləhət görmürəm”.

Məsələ ilə bağlı "Expargo” şirkəti ilə də əlaqə saxladıq. Şirkət rəsmisi Şəlalə Qurbanova "Qafqazinfo”ya bildirdi ki, qutular yalnız müştərinin icazəsi olduğu halda açılır:

"Biz yeni şirkətik. Buna görə də çalışırıq ki, müştərilərimiz bizdən razı qalsınlar. Sifarişləri də quru daşıma yolu ilə gətiririk. Paketin açılması bizdən qaynaqlanan problem deyil. Təhlükəsizlik məsələsi ilə bağlı gömrükdə açıb yoxlayıblar. Yaxşı olardı ki, müştəri qarşılaşdığı durumla bağlı bizə müraciət etsin”.

 



OXŞAR XƏBƏRLƏR