Türkiyə Rusiyanı Ukraynaya silah tədarükünə görə narahat olmamağa çağırdı

Türkiyə Rusiyanı Ukraynaya silah tədarükünə görə narahat olmamağa çağırdı
Türkiyə Prezidentinin baş müşaviri Mücahit Küçükyılmaz, RİA Novosti-yə  müsahibəsində Rusiyanı Türkiyədən Ukraynaya silah tədarükünə görə narahat olmamağa çağırıb.

Sfera.az-ın məlumatına görə, diplomat müsahibəsində deyib:

"Türkiyə bir ölkə ilə əlaqələr qurarkən, digər dövlətlə münasibətlərini korlamır. Biz almanı armuddan ayırırıq. Türkiyənin eyni zamanda bir neçə dövlətlə çox aspektli əlaqələr və münasibətlər qurmaq üçün kifayət qədər imkanı və diplomatik bacarıqları var. Biz öz tələb və maraqlarımıza uyğun olaraq, müxtəlif ölkələrlə münasibətlərimizi nizamlamağa davam edirik”.

Bu arada, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynaya pilotsuz təyyarələrin tədarükünün Rusiyaya qarşı yönəlmədiyini söyləyib. Dövlət Duması isə bu alış-verişin iki ölkənin daxili işi olduğunu, amma bu cür hərəkətlərin Rusiya ilə Türkiyə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcəyini bildirib. 

Qeyd edək ki, son zamanlar  Ankara ilə Kiyev hərbi-texniki sahədə əməkdaşlığını artırıb. Aprel ayının əvvəllərində aparıcı pilotsuz təyyarə istehsalçısı Bayraktar Ukraynanın Türkiyə istehsalı olan hərbi kompleksləri satın aldığını söyləmişdi. Ukrayna Xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, ölkə ərazisinə "genişmiqyaslı hücum" baş verərsə, Rusiyanın qarşısını almaq üçün  pilotsuz təyyarələrə ehtiyac olacaq. Bundan başqa, prezident Vladimir Zelenski Türkiyədə əsası qoyulan korvet gövdəsinin Ukrayna gəmiqayırma zavodunda tamamlanacağını söyləmişdi. Ekspertlərin fikrincə, söhbət "Ada" sinifinə aid korvetlərdən gedir.

Selcan
Sfera.az


OXŞAR XƏBƏRLƏR