Türkiyə meşə yanğınlarından dəymiş ziyanı hansı müddətə bərpa edəcək? - Açıqlama
11:18 / 04.08.2021
1347
Türkiyədə baş verən yanğınların ölkə
iqtisadiyyatına mənfi təsirləri qiymətləndirilir. Digər müzakirə olunan məsələ
isə yanğından sonra Türkiyənin dəymiş ziyanı hansı müddətə bərpa edə biləcəyi
ilə bağlıdır.
Sfera.az-ın məlumatına görə, bununla bağlı
danışan iqtisadçı deputat Vüqar Bayramov xatırladıb ki, 794 milyard dollar
nominal Ümumi Daxili Məhsul (ÜDM) ilə Böyük İyirmiliyin üzvü olan Türkiyə illik
167 milyard dollarlıq ixracla dünyanın 26-cı ən böyük eksport potensialı olan
ölkəsidir:
"Hazırda Türkiyənin xarici valyuta ehtiyatları
62 milyard 660 milyon dollardır. Rəsmi Ankara isə ehtiyatların 128 milyard
dollar olduğunu bəyan edib. Pandemiyanın təsirlərinə baxmayaraq, Türkiyə
iqtisadiyyatı ötən il 1.8 faiz artıb. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına
(OECD) üzv olan ölkələr arasında Türkiyə Çindən sonra 2020-ci ildə ən böyük
iqtisadi artıma nail ola bilən ölkədir. Göründüyü kimi, "lock-down” tədbirlərinə
və iqtisadi məhdudlaşdırmalara rəğmən, Türkiyədə ÜDM ötən il tam rəqəmli böyüyə
bilib.
Bir müddət öncə isə rəsmi Ankara son illər
iqtisadi məsələlərin həlli üçün 165 milyard dollar vəsait xərclədiyini bəyan
etmişdi. Bu isə ondan xəbər verirdi ki, qardaş ölkədə bu oxşar sınaqlar mütəmadi
müşahidə olunur. Deməli, əvvəlki illərin təcrübəsini və mövcud potensialı nəzərə
alsaq, Türkiyə yanğınların vurduğu iqtisadi ziyanları da qısa zamanda aradan
qaldırmaq gücünə malikdir”.
Millət vəkili vurğulayıb ki, son illər Azərbaycan
Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib:
"Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard
dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar
investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda, Azərbaycanın
Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək
yüksələcəyi gözlənilir. Azərbaycanın Türkiyəyə sərmayə qoyluşları qardaş ölkənin
iqtisadiyyatına dəstəkdir. Türkiyə bu bəladan qurtulduqan sonra da Azərbaycan sərmayəsi
qardaş ölkə iqtisadiyyatının yenidən dirçəlməsinə töhfə olacaq”.
Günay Rəsulqızı