Türk kinosunun gülən üzü, qəbir əzabı çəkən aktrisa - Erməni qızı

Türk kinosunun gülən üzü, qəbir əzabı çəkən aktrisa - Erməni qızı

 

Qəbir əzabı çəkən erməni aktrisa
Məşhur aktrisanın məzarını niyə açmışdılar?
 
Adile Naşit türk kinosunun gülən üzü idi. Onun adı gələndə göz önünə qaçaraq yerişi, qulağa o məşhur qəhqəhəsinin səsi gəlir. Amma "elə hey gülən insanların içində bir ağrı olur” deyirlər. Onun da həyat hekayəsindən ağrı yan keçməyib...
 
Adile Naşit 1930-cu ildə İstanbulda, məşhur komediyaçı Naşit Özcan və Türkiyə ermənisi olduğu iddia edilən, aktrisa Amelya xanımın ailəsində doğulub. Atasının ölümündən sonra təhsilini yarımçıq qoyaraq Uşaq Teatrına gəlir. Onda hələ 14 yaşı var imiş. Bir neçə il teatrda çalışan aktrisa daha sonra kino sahəsinə baş vurur. "Lüküs hayat” filmiylə kinoda ilk addımını atır. 1950-ci ildə həmkarı olan Ziya Keskinerlə evlənir. Yenidən teatra qayıdan Adile Naşit rollarına illərini sərf edir.  Həyat yoldaşı və qardaşı Selim Naşitlə birlikdə Naşit Teatrını yaradır. Kinoya ikinci və əsas gəlişi isə 1970-ci ildə olur. Bir neçə il sonra "İşte hayat” adlı filmdə aldığı rolu ilə Antalya "Qızıl portağal” Film Festivalında ən yaxşı qadın aktrisa mükafatına layiq görülür. Rıfat İlqazın əsərləri əsasında çəkilən "Hababam sınıfı” filmlərinin bir çoxunda çəkilərək böyük sevgi  qazanır. Filmdə uşaqların əlində məktəb zəngi dəhlizdə qaçan Hafizə anası olan Adile Naşit beləcə yaddaşlara həkk edilir.   
 
1981-ci ildən TRT kanalında "Uykudan önce” uşaq verilişini aparmağa başlayır. Bu proqramda danışdığı nağıllarla uşaqların ürəyində taxt qurur. Uşaqların "Adile teyze”sinə çevrilir. O, istər çəkildiyi filmlərdə, istər oynadığı tamaşalarda sadə, saf, xeyirxah qadın obrazlarını o qədər gözəl oynayır ki, onları özününküləşdirir. Həmin qadın obrazları real həyatın xarakterləri olaraq doğmalaşır və Adile Naşiti tamaşaçılara doğmalaşdırır.
 
O, canlandırdığı ana obrazlarının qazandığı sevgi və əldə etdiyi uğurlar sayəsində 1985-ci ildə "İlin anası” seçilir.
 
Qəhqəhələri bu gün də qulağımızda cingildəyən Adile Naşitin oğlu Ahmet Naşit Keskinerin ürəyində doğuşdan dəlik var imiş. Uşaq 2-ci sinifdə oxuyarkən artıq narahat olmağa başlayır.
 
Yaxşılaşması üçün Amerikada əməliyyat edilməsi gərək imiş. Ancaq uşağın əməliyyatı üçün lazım olan pulu  nə aktyor atası Ziya Keskiner, nə də aktrisa anası Adile Naşit düzəldə  bilməyib. Ailənin köməyinə yetişən aktyor dostları teatrın gəliri və başlatdıqları xeyriyyə kampaniyaları hesabına pul toplayaraq uşağı Amerikaya göndərirlər. Ahmet əməliyyat edilir. Əməliyyat uğurlu keçsə də, o, qeyri-müəyyən səbəbdən komaya düşür və bir daha ayılmır. 16 iyunda, anasının doğum günündən bir gün əvvəl dünyadan köçür.
 
Oğlunun ölüm xəbərini İzmirdə oynadığı bir tamaşadan əvvəl alan Adile Naşit yenə də səhnəyə çıxır və bütün zalı güldürməyi bacarır. Amma bu hadisə onun bütün həyatını dəyişdirir. O, bir daha doğum gününü qeyd etmir və bu itkidən sonra ömrünü yalnız teatra, kinoya və uşaqlar həsr edən aktrisa xərçəng xəstəliyi tapır.
 
Adile Naşitin qardaşı oğlu Naşit Özcan danışır: "Bibim öz adından istifadə edərək nəyəsə nail olmağı sevməzdi. Çox qürurlu insan idi. Onu çox sevərdim. İlk evliliyim bitəndən sonra üç il onun yanında yaşamışam. Adi vaxtlarda çox sakit, yumşaq xasiyyətli, köməksevər bir qadın idi. Amma mənim onun yanında qaldığım illərdə bibim xərçəng xəstəliyinə tutulmuşdu. Xəstəliyinə görə onunla birlikdə yaşamaq çox çətin idi. Xərçəng onu əsəbi bir insana çevirmişdi. Sonra başqa ev tutub qalanda "Rahatlıq səni sıxdı?” deyə hirslənmişdi mənə. Hətta "Qorxuram cənazəmə də gəlməyəsən” deyib mənə sataşırdı.
 
Bir yerdə oturanda birinə baş qoşdumu, vəssalam. Başlayırdı həmin adamı təqlid etməyə, saatlarla ondan danışar, bizi güldürərdi. Amma hər axşam yemək yeyəndə yadın oğlu düşər, ağlayardı. Onu xərçəngə düçar eləyən də elə oğlunun acısı oldu.
 
Oğlundan heç danışmazdı. Bütün məclisləri nəşələndirən bibim oğlunun ölümündən sonra ümidsizliyə qapıldı, içinə qapandı və elə bu sıxıntı da onu xərçəngə apardı.
 
Bir çox kino təqaüdçüsü kimi borclu yaşayıb, borclu da öldü. Bir çox kino şirkətlərindən alacağı olsa da, heç birinin ardınca getməyib”.
 
Aktrisa həyatının ikinci zərbəsini yenə teatr səhnəsində alır. Bu dəfə "Sezen Aksu ilə ailə qazinosu” tamaşasında oynayırdı. Başda Sezen Aksu olmaqla bütün tərəfdaşları pərdənin sonunda acı xəbəri almışdılar, ancaq məcburən ondan gizlətməli olmuşdular. Tamaşanın sonunda qara xəbəri ona çatdırmaq Sezen Aksunun boynuna düşüb. Beləliklə, aktrisa 32 illik həyat yoldaşı Ziya Keskinerin dünyadan köçdüyünü öyrənib. O, həyat yoldaşının ölümündən sonra Cemal İnce ilə evlənir.
 
Məşhur aktrisa haqqında xoş təəssüratla yanaşı, ona lənət yağdıran "əfsanələr” də var. Belə danışılır ki, guya Adile Naşitin dəfni əsnasında qohumlarından birinin pasportu yoxa çıxır. Uzun axtarışlardan sonra pasport tapılmayınca onun məzara düşdüyü güman edilərək aktrisanın qəbri açılır. Guya qəbir açılan zaman Adile Naşitin qohumlarının gördükləri onları şoka salıb. Belə ki, onların mərhumun ağzının ayaqlarına qədər uzandığını və üstündə yekə bir ilan olduğunu gördükləri iddia edilir. Bunu isə onun qəbir əzabı çəkməsilə izah edirlər.  Onun haqqında "Cəhənnəm əzabı çəkən erməni”, "Torpaq onu qəbul etmədi”, "Məzarında tərs döndü” deyənlər də az deyil. Guya bütün bunlara səbəb həyatı boyunca çox gülməsi və 1970-ci illərdə filmlərin seks səhnələrinə aktyor və aktrisa tapması olub.
 
Adile Naşit həyatının son günlərində də çəkiliş meydançalarından uzaqlaşa bilmirmiş. Çəkildiyi son filmdə partnyoru olan Canan Perverin sözlərinə görə, Adile Naşit çəkildiyi heç bir filmdə "ölməyən” aktrisa o filmdə "ölməliymiş”. Həmin dövrdə də isə xərçəng onun bütün vücuduna yayılıbmış və bir neçə ay ömrü qalıbmış. Aktrisa özü də öləcəyini bilirmiş. Filmdə sıra həmin ölüm səhnəsinə gələndə aktrisa rolunu elə inandırıcı və göz yaşları içində oynayıb ki, elə bil ölüm məşqi edirmiş.
 
Uzun müddət xərçəngə qarşı mübarizə aparan Adile Naşit 1987-ci ildə atasının ölüm yaşında – 57 yaşında həyatla vidalaşır. Son sözü isə bu olur: "Qoy sevənlərim məni həmişə gülərək xatırlasın...”
 
Yəqin ki, aktrisanın bu arzusu onun ürəyində qalmayıb...

xəbər365

 


OXŞAR XƏBƏRLƏR