Cəmİyyət

“Turan” Əlikram Hümbətovu niyə təbliğ edir?

“Turan” Əlikram Hümbətovu niyə təbliğ edir?
Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilmədiyini demək, Xocalı soyqırımının olmadığını demək, ermənilərin azərbaycanlıları deyil, azərbaycanlıların erməniləri qətlə yetirildiyini demək nədirsə, Əlikram Hümbətovun siyasi mühacir olduğunu demək də eyni şeydir. Çünki birinci iddia ilə ikincini birləşdirən körpü məhz Ermənistandır. İşğalçı ölkə Qarabağın işğal edilmədiyini, Xocalı soyqırımının olmadığını deyir, ardınca Azərbaycanı dövlət kimi tanımayan, bu ölkəni parçalamağa and içmiş Hümbətov kimilərin "azadlıq uğrunda döyüşdüyünü” iddia edir və təkcə iddia etməklə qalmır, bu fəaliyyəti siyasi, iqtisadi cəhətdən dəstəkləyir. 

Bunu anlamaq olar, Ermənistan üçün Azərbaycan düşməndir və tarix boyu erməni vandalizmindən əziyyət çəkmişik. 

Bunu anlamaq olar, erməni elə ermənidir və bu yanaşma Ermənistanın Azərbaycana qarşı düşmən mövqeyinin təzahürüdür. 

Bəs, bir azərbaycanlı ermənilərin "siyasi mühacir” yarlığı ilə Azərbaycana qarşı işğalçı planlarında istifadə etdiyi Əlikram Hümbətovu "Hollandiyada yaşayan "siyasi mühacir” olaraq təqdim etməsini necə anlayaq? Doğrudanmı, bu ölkədə siyasi hakimiyyətə müxalif olmaq, iqtidara qarşı informasiya müharibəsi elan etmək "erməni jarqonu” ilə danışmağa, Ermənistanın işğalçı siyasətində yer alan Hümbətov kimiləri təbliğ etməyə və nəhayət, milli maraqları əlinin tərsi ilə kənara çəkməyə haqq qazandırır? Hakimiyyət uğrunda mübarizədə doğrudanmı hər şey mübahdır?

"Niderlandda yaşayan azərbaycanlı siyasi mühacir Əlikram Hümbətov…”.

"Turan” informasiya agentliyi separatçı xain Əlikram Hümbətovun digər satqın Fəxrəddin Abbaszadənin həbsi ilə bağlı Ermənistanın "Lragir” saytında yayımlanan bəyanatını bu sətirlərlə başlayaraq, yayıb. Agentlik bəyanata kiçik ştrixlərlə şərhlər versə də, əsas hissə, Azərbaycan dövlətinin F.Abbasovu Rusiya təcridxanasından oğurladığı iddiasını saxlayır və Əlikram Hümbətovun belə düşündüyünü qeyd edir. 

Bu, Əlikram Hümbətovun təbliğatı deyilmi?! Axı, Hümbətovun heç bir bəyanatını Azərbaycan mediası tirajlamır, buna görə də o və özü kimi satqınlar Azərbaycan əleyhinə fikirlərini Ermənistan mediası üzərindən yayırlar. Sonuncu bəyanat da məhz Ermənistan mediasında yayımlanıb. Maraqlıdır, bəs, "Turan” bu bəyanatı niyə tirajlayır və bununla Əlikram Hümbətovun "siyasi mühacir” olduğunu təbliğ edir?

"Turan” doğrudanmı təbliğatını apardığı bu xainin kim olduğunu bilmir?

2004-cü ildə Hollandiyaya köçən Əlikram Hümbətov Azərbaycana qarşı separat fəaliyyətlə məşğuldur. Erməni xüsusi xidmət orqanları ilə aktiv əməkdaşlıq edən Hümbətov İrəvana mütəmadi səfərlər edir, o cümlədən, işğal altındakı Dağlıq Qarabağa da gedərək Azərbaycana qarşı çağırışlar edir. Hümbətov Şuşada ermənilərin qurduğu separat radionun əsas təşəbbüskarıdır. Oğlu Tural Hümbətov və gəlini İrəvan dövlət universitetində təhsil alıb. Bu gün də Azərbaycana qarşı Ermənistanla açıq şəkildə əməkdaşlıq edir.

"Turan” agentliyi isə bütün bunları bilə-bilə Hümbətovun təbliğatını aparır, onu "siyasi mühacir” olaraq təqdim edir. Əslində bütün sirr məhz "siyasi mühacir” ifadəsinin altında gizlənib. 

Və proseslərin analizi Azərbaycana qarşı "Turan”-"Soros”-erməni üçbucağının elementlərini açıq şəkildə göstərir.

1. "Turan” agentliyinin rəhbəri Mehman Əliyev Soros fondu ilə sıx əlaqələrə malikdir. Vaxtilə Açıq Cəmiyyət İnstitutunun Bakı ofisinə rəhbərlik edən Əliyev bu əlaqələrini indi də davam etdirir.

2. Azərbaycana qarşı bütün kampaniyaların arxasında "Soros” fondunun başı görünür. Bu fondun rəhbəri Corc Sorosun erməni lobbisi ilə əlaqələri, daha doğrusu, Azərbaycanla bağlı ermənilərin bütün fəaliyyətini koordinasiya edən şəxs olması da sirr deyil. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Sorosun rəhbərliyi ilə Azərbaycanla bağlı aparılan pərdəarxası oyunların ortaya çıxmasından uzun zaman keçməyib. (https://asifnerimanli.wordpress.com/2019/01/12/konyak-diplomatiyasi-erm%C9%99nil%C9%99rin-bakiya-qarsi-sui-q%C9%99sd-planinda-kiml%C9%99r-yer-alir/).

3. Azərbaycana qarşı Avropa kulislərində pusqular quran erməni diasporu/lobbisi – erməni xüsusi xidmət orqanları son dövrlər "Köhnə Qitə”yə üz tutan azərbaycanlıların ələ alınması prosesini həyata keçirir və bu prosesdə əsas aparıcı fiqur Əlikram Hümbətovdur.

Bu üç bucağın "Turan”ın Hümbətovu "siyasi mühacir” olaraq təqdim etməsi ilə nə əlaqəsi ola bilər?

Haqlı sualdır, çünki "şeytanın detallarda gizləndiyini” çox vaxt dərk etmək çətin olur.

Azərbaycanı parçalamaq planlarını həyata keçirmək üçün Hümbətov kimilərin üzərindən separatçılığı dəstəkləyən ermənilər bunun heç bir dayağa malik olmadığını anlayır və buna paralel olaraq B planını işə salırlar. 2010-cu ildə start verilən bu plana görə, separatizm Azərbaycana "demokratiya” üzərindən yeridilməlidir. Məhz həmin tarixdə erməni xüsusi xidmət orqanlarının təlimatı ilə Əlikram Hümbətov CODA (Committee Outlines of Democracy in Azerbaijan) – "Azərbaycanda Demokratiya Komitəsi” adlı təşkilat yaradır, bu təşkilatın rəhbərliyinə İrəvanda təhsil almış oğlu Tural Hümbətovu gətirir. Təşkilatın əsas kampaniyaları "Azərbaycanda demokratiyanın müdafiəsi” adı altındadır. 

Bütün fəaliyyəti separatizm olan biri niyə  birdən-birə "demokratiya”, "insan haqlarının müdafiəsi” profilinə keçir? Bu sualın cavabı məhz separatizmi Azərbaycana "demokratiya” adı altında gətirməkdə gizlənib. Bu, gələcək plandır və son hədəfi Azərbaycanı parçalamaqdır. Lakin son hədəfə gedən yolda əsas məsələ məhz Əlikram Hümbətovun "siyasi mühacir” statusu almasıdır.

Bu statusun arxasında iki məqsəd var: birincisi, beynəlxalq təşkilatlar Ə.Hümbətovu separatçı yox, "demokratiya uğrunda qurban” kimi tanımalı; ikincisi, Avropada "siyasi mühacir” olaraq yaşayan azərbaycanlılar Hümbətovu "lider” olaraq qəbul etməli və onun ətrafında birləşməli;

Erməni diasporu/lobbisi anlayır ki, Avropada "siyasi mühacir” adı altında yaşayanlara Hümbətovu "siyasi lider” kimi qəbul etdirməyin yolu onlara təsir edəcək şəxslər və ya təşkilatların bu addımı atmasıdır.

Və burada "İstənilən hər şeyi leqallaşdırmaq mümkündür” prinsipini müdafiə edən "Overton pəncərəsi”nin "Məqbul” adlanan üçüncü pəncərəsi yada düşür. Yəni kütlənin üzərində nüfuzu və təsiri olan şəxslər, yaxud təşkilatların sərgilədiyi mövqe ona inanan insanların mövqeyinin formalaşmasında rol oynayır.

Bu kontekstdə erməniləri dəstəkləyən "Soros” fondu ilə yaxın əlaqələrə malik olan "Turan” agentliyinin ermənilərin Əlikram Hümbətova verdikləri "siyasi mühacir” statusunu legitimləşdirməsi nə qədər təsadüfdür? Məhz "Soros”la əlaqəsi olan bir media orqanında Hümbətovun "siyasi mühacir” olaraq təqdim edilməsi və bu ifadəni xəbərin ilki cümləsində yayımlaması prosesin əslində düşünülmüş olduğu ehtimalını önə çıxarmırmı?

Prosesi bir qədər də aydınlaşdırmaq üçün bir nümunəyə baxmaq olar: "Turan” agentliyi Əlikram Hümbətovu "siyasi mühacir” olaraq təqdim edirsə, Avropadakı azərbaycanlıların hamısı olmasa da, müəyyən qismi bu fikri yaxına buraxmağa başlayır və ermənilərin irəli sürdüyü "Hümbətovun satqın və separatçı olduğu fikri əslində Azərbaycan hakimiyyətinin təbliğatıdır” tezisini qəbul edirlər. Və beləliklə, Avropadakı azərbaycanlıların Hümbətovun ətrafında toplaşması tədricən başlayır. Bu, Azərbaycanı parçalamağa hesablanan separatizmin "demokratiya” adı altında gətirilməsi planının ilk mərhələsidir və görünür, artıq prosesə start verilib.  

Və unutmamalıyıq, "Şeytan detallarda gizlənib”, artıq hər kəs bunu anlamalıdır!

Asif Nərimanlı

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031