Transformatorda tok vuran gənclərin ailələri arasında DAVA - VİDEO

Transformatorda tok vuran gənclərin ailələri arasında DAVA -  VİDEO

Ötən gün axşamtərəfi Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və onun sevgilisi  təxminən 18 yaşlarında A.A 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub.

Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar.  Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.

Hafta.az-ın əməkdaşı bu gün səhər saatlarında yaralılara baş çəkmək üçün 1 saylı şəhər xəstəxanasına baş çəkib.

Biz hadisə yerinə çatanda dördüncü korpusun birinci mərtəbəsində ahu-fəğan hökm sürürdü. Ağlayıb-sızlayanlar, ahu-fəğan edənlər isə Fəqanın doğmaları, bibisi, əmisi yoldaşı və onların qızları idi. Bir sözlə, Fəqanın kişi cinsindən olan yaxınlarına rast gəlmədik. Bibisi Sədaqət FərzəliyevaHafta.az-a açıqlamasında bildirdi ki, Fəqanın vəziyyəti o qədər də yaxşı deyil:

“Hələ də reanimasiyadadır. Elektrikin voltu və təzyiqi nə qədər güclü olubsa, elə həmin dəqiqə qolunu tullayıb. Hadisə dünən saat dörddən sonra, axşama yaxın olub. Fəqan evdən çıxanda saat dörd olub. Dostları ilə görüşəcəyini deyib evdə. Dünən gecədən burdayıq, yatmamışıq. Həkimlərsə bizi yuxarı, Fəqanın yanına buraxmırlar.  Bircə nənəsinə icazə veriblər ki, içəri keçsin. Elə indi də şüşə arxasından Fəqana yalnız nənəsi baxa bilir”.

Sədaqət Fərzəliyeva həmçinin vurğulayıb ki, hazırda 20 yaşlı Fəqanın ailəsinə də qara sükut çöküb:

“Hazırda anasının vəziyyəti də pisdir. Dünəndən təcili yardım maşınları gəlib-gedir. Özündə deyil, huşu gedir-ayılır. Anası hələ Fəqanın qolunun kəsildiyini bilmir. Pişim-pişim edib saxlamışıq. Gəlib bu vəziyyəti görsə, ürəyi götürməz. O saat ölər, Allah qorusun. Fəqanın atası yoxdur, anası var. Çox kasıb ailədir. Aramızda pul toplayırıq ki, qonum-qonşu, qohum-əqrəba Fəqanın müalicəsini axıra kimi aparsınlar”.

Göz önünə saçılan mənzərəsə ürək ağrıdırdı. Fəqanın doğmaları, yaşından asılı olmayaraq, bu xanımların yanaqları göz yaşından parıldayırdı. Hər kəsin gözü pilləkəndə idi. Ya həkimi, ya da nənəni gözləyirdilər. Amma necə deyərlər, hər addım səsi döngədə onları aldadır, gələn başqası çıxır.

Sədaqət xanımla söhbət əsnasında məlum oldu ki, Fəqanla eyni transformatorun içərisinə girmiş qız elə Fəqanın sevgilisi imiş:

“A.A (ad şərtidir-T.T) onun sevgilisi imiş. Biz tanımırdıq. Eyni məktəbdə oxuyublar. Tez-tez görüşürlərmiş. Dostlarından eşitdik ki, orta məktəbdən bir-birilərini seviblər. Qızın ciyəri yanmasın, onun vəziyyəti yaxşıdır. Bizə dedilər ki, başqa xəstəxanaya aparıblar onu. Amma Fəqan... qolu kəsilib, içi dağılıb. Bircə onu bilirik ki, səhərə yaxın gözlərini açıb. Həkimlər də deyirlər ki, vəziyyəti ağır olaraq qalır. Yuxarıdakı tibb bacılarından eşitdiyimizə görə, içi dağılıb Fəqanımın. Zarafat deyil, o boyda gərginlikli elektrik naqili vurub atıb”.

Hələ səhər saatlarında Hafta.az-a açıqlamasında 1 saylı şəhər xəstəxanasının və Fəqan Fərzəliyevin həkimi Fərahim Əhmədov demişdi ki, Fəqan Fərzəliyev və onun yanındakı qız hazırda reanimasiyadadır. Baş həkimin sözlərinə görə, yaralılardan biri kişi, digəri isə qadın şöbəsində müalicə alırlar:

“Fəqanın vəziyyəti orta ağırdır, reanimasiyadadır. Huşu anlaqlı vəziyyətdədir. Qolu qopub, müalicəsi davam etdirilir. Borular vasitəsilə yeməyi verilib. Vəziyyəti ağırdır. Xəstəxanamıza onunla birgə daxil olan xanımın da vəziyyəti ağırdır. O, qadın şöbəsinə yerləşdirilib”.

Elə bu zaman Fəqanın yaxınları onun yanından düşən tibb bacısının qabağını kəsib xəstənin vəziyyəti ilə maraqlandılar:

“Vəziyyəti normaldır, orta ağır kimi qiymətləndirilir. Huşu anlaqlı vəziyyətdədir. Yeməyi də hələlik qoşqu aparatı vasitəsi ilə verilir. Bir sonrakı durumu haqqında hələ ki, bir söz söyləmək çətindir”.

Fəqan Fərzəliyevin adının açıqlanmasını istəməyən digər yaxını isə deyib ki, hadisə olan kimi dostları təcili yardım maşını çağırıblar, onu xəstəxanaya çatdıra biliblər:

“Onlar olmasaydı, bəlkə də hər ikisi ölərmiş. Sağ olsun "Kubinka" uşaqları, eşidən, bilən hamısı vəziyyətini soruşurlar. Dünən axşamdan bu gün səhər saatlarına kimi burada olublar. Fəqangil də cavandı da, yəqin dalda yer gəziblər ki, heç kim görüşüb söhbətləşdiklərini görməsin. Yəqin ona görə bu gizlinliyə çəkiliblər. Nə bilsinlər ki, belə olacaq”.

Fəqan Fərzəliyevin yaxınlarının dediyinə görə, Fəqanın anası həm də uzun müddətdir ki, yataq xəstəsidir. Onun qan xəstəliyindən əziyyət çəkdiyi və müalicə olunduğunu dedilər. Həmçinin qeyd olundu ki, Fəqanın anasının xəstəxanaya gəlməməsinin bir səbəbi də məhz onun xəstəliyi ilə bağlıdır. 

Hadisədən bir müddət sonra A.A-nın, yəni Fəqanın sevgilisinin yaxınları gəldilər. İki-üç xanımın başqa bir küncdə dayandığını görüb, onların yanına getdilər. Sonradan məlum oldu ki, həmin adamlar da A.A (ad şərtidir-T.T) yaxınlarıdır. İki tərəf arasında qısamüddətli söz savaşı yaşandı. Daha sonra dəqiqləşdirəndə bildik ki, xəsarət alan Fəqanın sevgilisinin qohumlarının heç qızın bu korpusdan başqa korpusa göndərilməsindən də xəbərləri yox imiş.

Adını öyrənə bilmədiyimiz “qız tərəfi”nin oğlanları Fəqanın xanım doğmalarının üstünə kükrəməyə çalışsa da, sonradan ayrıldılar. Hətta bizi də Fəqanın doğmalarından bilib “söhbətə çəkməyə” çalışdılar. Sadəcə, onların bizə ünvanladığı bir sual oldu: “A.A-nı evdən çıxaran sənmi olmusan?”. Biz öz növbəmizdə kim olduğumuzu desək də, inanmadılar. Hadisədən birtəhər sovuşub, Fəqana Allahdan şəfalar diləyib, ailəsi ilə sağollaşdıq.

Bu arada qeyd edək ki, faktla bağlı cinayət işi açılıb.

Sonda bir haşiyə və ya 10 000 voltluq elektrikli sevginin axırı.

Dünənə qədər sevgili idilər. Bəlkə də evlənib, bir xoşbəxt ailənin çırağını yandıracaqdılar. Amma indi başıbəlalı transformatorun sözün hər iki mənasında “yanıq” tərəf müqabillərinin özlərindən xəbərsiz ailələri iki qütbə bölündü. Fəqan Fərzəliyev bundan sonra bir qolu yox gəzəcək. O, qız da yüngül qurtulub, bilmək olmaz, Fəqanı bundan sonra qəbul edəcək, ya yox.  Könül istər ki, etsin... Bəlkə də Fəqanın ömür boyu yaddaşından çıxmayacaq qaranlıq transformatorun elektriki onun elektrik aldığı qızın içindəki qaranlığı və ya işığı görməsində böyük kömək olacaq. Hər halda böyük sevgi sınağıdır. Sağlamlıq isə hər şeydən üstündür. Sizə böyük sevgilər arzu edirəm, amma bir qolunuzu və ayağınızı itirəcək 10 000 voltluq sevgi yox... Çalışın ki, tərəf müqabilinizdən bir evin çırağını yandıracaq qədər elektrik alın ki, sonradan transformatorların qaranlığına düşüb “əlavə xətt çəkmək” eşqiylə yüksək gərginliklərdə əl–ayağınızı itirməyəsiniz.

Sfera.az


OXŞAR XƏBƏRLƏR