Təhsİl

"Tələbələr üçün yaşayış kompleksi tikilsin" - Ekspertdən təklif

"Hazırda Azərbaycanda ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin sayı 141274 (ümumi tələbə 163779) nəfər, təqaüd alanlar 53408 nəfərdir. Tələbələrin ümumi sayına nisbət 37,8 faizdir”. 

Bu sözləri açıqlamasında  təhsil eksperti Kamran Əsədov təqaüdlərlə bağlı dəyişikliklərdən danışarkən deyib. O, tələbələrlə bağlı bəzi rəqəmləri diqqətə çatdırıb:

"Orta ixtisas təhsili müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin sayı 41522 (ümumi tələbə 44208), dövlət orta ixtisas təhsili müəssisələrində təqaüd alanlar 19322 nəfərdir. Bu da tələbələrin ümumi sayına nisbət 46,5 faizdir.  Bundan başqa ilk peşə-ixtisas təhsili müəssisələrində oxuyan tələbələr 34658, burada təqaüd alanların sayı isə 16532 nəfərdir. Tələbələrin ümumi sayına nisbətdə isə bu, 54,5 faizdir. Dünya ölkələrində təqaüdlər: Rusiyada 40 dollar, Belarusiyada 53, Ukraynada  80 dollardır. Qazaxıstanda tələbələr orta hesabla 184 dollar, Fransada 350 avro, Liviya və Səudiyyə Ərəbistanında tələbələr 700 dollar alırlar. Küveytdə isə subay tələbələr 700, ailəlilər isə 1200 dollar təqaüd alır.  İtaliyada tələbələr 840 avro alır.  2010-cu ildən universitetlər özünü maliyyələşdirməyə keçib və dövlət təkcə, tələbə təqaüdlərini deyil, eyni zamanda 52 ali təhsil müəssisəsində təhsil alan 60 min tələbənin həm də təhsil haqlarını ödəyir. Yəni bura dövlət sifarişli ixtisaslar üzrə təhsil alan və sosial statusuna görə təhsil haqqından azad olunanlar daxildir”. 

K.Əsədov bildirib ki, bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd və adlı təqaüdlər sistemi mövcuddur:

"Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramları da var. Yəni universitetə qəbul olma balına uyğun, bir də tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd. H ər bir tələbənin, hətta 100 faiz təhsil alanların belə təqaüd almaq imkanı var. Amma çalışan, oxuyan tələbə ilə vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz. Ona görə də, hər kəsə öz biliyinə, bacarığına uyğun təqaüd vermək ,qiymətləndirmək lazımdır. Təklif edirəm ki, tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və universitetlərin ödənişli təhsildən aldığı vəsaitlər hesabına yaradılan Fonddan adlı (rektor, prorektor, dekan) təqaüdlər verilsin. Qeyd edim ki,  hazırda ölkədə SABAH təqaüdü – 50 manat, "Gələcəyin müəllimi” təqaüdü – 100 manat, Kənd təsərrüfatı tələbə təqaüdü – 100- 200 manat, AZERCELL tələbə təqaüdü – 200 manat,SOCAR tələbə təqaüdü – 100 manat və 20 universitetdə tanınmış şəxslərin adına adlı təqaüdlər var. Məsələn, Bakı Dövlət Universitetində 22 ziyalının adına təqaüd verilir, Azərbaycan Universitetində "Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” - 500 manat verilir, Odlar Yurdu Universitetində isə 9 adlı təqaüd sistemi mövcuddur”. 

Ekspert əlavə edib ki, yataqxana məsələsinin həlli də olduqca vacibdir:

"Hesab edirəm ki, tələbələrin yaşayış xərclərini azaltmaq üçün onların yataqxana təminatı üçün dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılsın və tələbələr üçün Dərnəgül qəsəbəsində və Yasamalda ümumi yaşayış kompleksi tikilsin. Həmin ərazidə məskunlaşan məcburi köçkünlər isə yeni yaşayış massivlərinə köçürülsün. Bu olduqca vacib bir addım olardı. Düşünürəm ki, yataqxana məsələsinin həlli olduqca vacibdir. Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq, yuxarıdan aşağı akademik göstəricilərə görə, tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Yəni istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələri olsun dövlət sifarişli ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvvəlcədən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilərlər. Yəni indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəlcədən sahib olub sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır. Prezidentin müəyyən etdiyi yeni qaydalardan sonra ikinci mühüm məsələ məcburi köçkün, şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına təqaüdün verilməsi məsələsidir ki, bu da sərəncamın daha çox sosial mahiyyətini ortaya qoyur. Yəni indiyədək bu zümrədən olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdisə, bu sərəncam ona imkan verəcək ki, həmin qrup tələbələr həm də təqaüd ala bilsinlər. Yəni bundan sonra kim yaxşı oxuyacaqsa, o da təqaüd alacaq. Təqaüd almaq hər bir tələbənin istəyidir”."Yeni Sabah”

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930