Tələbələr də AZAL-a qarşı üsyana qalxdı

Tələbələr də AZAL-a qarşı üsyana qalxdı
“Xaricdə oxuyan gənc ölkəyə 3 dəfə gələcəkdisə, yol xərcinə görə cəmi bir dəfə - yay tətili zamanı gəlir”
“Biletlərin qiymətinin aşağı olması xaricdə oxuyan “tələbə ordusu” ilə yanaşı, Azərbaycana gəlmək istəyən xaricilər üçün də əlverişli olacaq” 
 
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra sahələrdə olan boşluqlar və çatışmazlıqları tənqid etmişdi. Ölkə başçısı çıxışında AZAL-ın aviabiletlərinin baha olması ilə bağlı iradlarını da bildirmişdi: “AZAL yüksək xidmət göstərir, mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Axı başqa ölkələrə nisbətən kerosin ucuz qiymətə verilir, niyə aviabiletlər bahadır?”. Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: “Bütün təyyarələr dövlət büdcəsi hesabına alınır, aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. O halda başqa ölkələrə nisbətən aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?”
Prezident Maliyyə, Sənaye və İqtisadiyyat nazirliklərinə bu məsələ ilə məşğul olub, digər ölkələrlə müqayisə aparmağı tapşırdı: “Burada tənzimləmə mexanizmi olmalıdır, hər şey şəffaf olmalı və qiymətlər 
qaldırılmamalıdır ”. 
 
Aytək Məmmədli: 
“Xaricdə oxuyan gənc ölkəyə 3 dəfə gələcəkdisə, yol xərcinə görə cəmi bir dəfə - yay tətili zamanı gəlir” 
 
AZAL-ın aviabiletlərinin baha olması xaricdə təhsil alan gənclərimiz üçün də problemə çevrilib. Türkiyə Gazi Üniversitetinin magistrantı, Türkiyə-Azərbaycan qardaşlıq alyansının sədri Aytək Məmmədli AZAL-ın bahalı qiymətlərinin xaricdə oxuyan tələbələrin büdcəsinə təsir etdiyini dedi: “Təbii ki, AZAL-ın qiymətlərlə bağlı siyasəti heç bir sərnişinin gözündən yayınmır. Sadəcə, bir dəfə dövlət xətti ilə biletim alındığı üçün səfər etdiyim doğma aviareysimız daha sonra mənə yad oldu. AZAL-da olan yüksək qiymət fərqi hər tələbə kimi, məni də hər zaman narahat edib. İctimai fəal olduğum üçün tez-tez tədbirlərə gəlmək lazım olurdu. Oxuduğum şəhərdən Bakıya biletlərin qiyməti 600 -700, xüsusi bayramlarda 1000 manata qədər dəyişirdi. Halbuki, sadəcə 2 saatlıq yoldur. Təbii ki, belə olan halda, Tiflis aeroportuna gedib oradan avtobusla Azərbaycana gəlmək, Naxçıvan bölgəsinin tələbələri üçün isə Türkiyənin Qars vilayətinə gedib oradan avtobusla keçmək 10 dəfə ucuz başa gəlirdi. Bu, bir tələbə üçün böyük fərqdir. Lakin yol yorğunluğu, bir neçə dəfə nəqliyyat dəyişmək və digər məsələlər bunu hər kəsin rahatca edə bilmədiyi bir nüansı ortaya qoyurdu. Belədə gənclərimiz əgər ölkəyə 3 dəfə gələcəkdisə, yol xərcinə görə cəmi bir dəfə - yay tətili zamanı gəlir. AZAL-ın qiymət siyasəti bir növ bəzi aktiv gəncləri də ölkədən "didərgin" salır. Cənab Prezidentin çox yerli-yerində tutduğu irad, Azərbaycanda xalqımızı narahat edən bütün məsələlərin nəzarətdə olduğunu və ən qısa zamanda həlli üçün çalışıldığını göstərir. Doğma aviareysimizdən rahat istifadə etmək bizim üçün ən böyük hədiyyə olacaq”
 
Orxan Həsənli: 
“Bir tələbə üçün gediş haqqının aşağı olmasından gözəl nə ola bilər ki?”
 
Gürcüstandan sonra Ukraynada ali təhsilini davam etdirən Orxan Həsənli də aviabiletlərin qiymətindən narazı olduğunu dedi: “Mən Gürcüstanda oxuyarkən aviabiletə ehtiyac duymurdum. Amma bugünlərdə diplomunu aldığım Ukraynadakı universitetdə oxuyarkən isə ikiqat əziyyətə qatlaşırdım. Çünki bileti buradan almaq bir tələbə olaraq mənə sərf etmirdi. Təsəvvür edin ki, Gürcüstana gedib oradan Ukraynaya uçurdum. Amma AZAL-ın bahalı biletlərindən də yararlanmışam. Doğrusu, Prezidentin məlum çıxışı və tapşırıqları biz, xaricdə təhsil alan tələbələri də sevindirdi. Bildiyiniz kimi, dövlət proqramı ilə başqa ölkələrdə ali təhsil alan gənclərimizlə yanaşı, öz hesablarına dünyanın müxtəlif bölgələrində universitetlərdə oxuyan tələbələrimiz də var. Yəni, bir tələbə üçün gediş haqqının aşağı olmasından gözəl nə ola bilər ki? Biz də istərdik AZAL biletlərin qiymətlərinə baxsın və qiymətləri aşağı salsın. Ölkə başçısı tərəfindən haqlı iradlar səsləndirildi və yəqin qiymətlərin aşağı düşməsi özünü çox gözlətməz. Bəzən olur ki, ölkəyə müəyyən səbəblərdən müvəqqəti dönməli olursan. Bu zaman qiymətlərin yüksək olması birbaşa büdcəmizə təsir edirdi. Onu da deyim ki, bu biletlərin qiymətinin aşağı olması xaricdə oxuyan “tələbə ordusu” ilə yanaşı, Azərbaycana gəlmək istəyən xaricilər üçün də əlverişli olacaq. Düşünürəm ki, viza məsələsi ilə bağlı qəti tapşırıqların da bu sahədə yaranmış boşluqların aradan qaldırılmasında mühüm rolu olacaq. Ümumiyyətlə, AZAL ilə bağlı məsələnin ortaya qoyulması yaxşı hal oldu. AZAL-ın biletlərin qiymətini aşağı salması valideynlərimizi, yaxınlarımızı da sevindirəcək. Onlar belə olan halda bizim yanımıza tez-tez gələ biləcəklər. Ümumiyyətlə, AZAL-ın qiymət siyasətində böyük yanlışlıq var. Qonşu Gürcüstandakı uçuş qiymətləri ilə müqayisə edəndə bizdə qiymətlərin çox baha olduğu məlum olur. Prezidentin tapşırıq və tənqidlərindən sonra əminəm ki, bu sahədə ciddi addımlar atılacaq və nəinki xaricdə təhsil alan gənclər, eləcə də başqa ölkələrə getmək istəyən insanlarımız da bundan yararlanacaqlar.
 
Vahab Dadaşlı: 
“Biletlərin qiyməti baha olduğu üçün tez-tez Vətənə gələ bilmirəm” 
 
Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin tələbəsi Vahab Dadaşlı ölkə başçısının bu məsələni diqqətdə saxlamasını təqdirəlayiq hal saydı: “Mənim üçün də bu məsələ problemdir. Biletlərin qiyməti baha olduğu üçün tez-tez Vətənə gələ bilmirəm. Xaricdə oxuyan tələbələrimiz dəfələrlə bu məsələdən gileylənirdilər. Amma ölkə başçısının məlum tənqidlərindən sonra qiymətlərlə bağlı dəyişikliklərin olacağına şübhə etmirik. Bu isə xaricdə təhsil alan gənclər olaraq bizləri də çox sevindirir”.   /file/articles//file/articles/faktxeber.com

OXŞAR XƏBƏRLƏR