Təhsildə dəyişiklik: Bu addımların hamısı orta məktəb səviyyəsindən yuxarı qalxmır...
15:25 / 27.06.2017
2096
"Bir müddət əvvəl Nazirlər Kabineti tərəfindən "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na dəyişikliklər edildi. Bu dəyişikliklər də zəruri idi. Belə ki, ali təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması və ən əsası tələbələrin təhsilalma imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlara ehtiyac var idi".
Bu sözləri Sfera.az-a təhsildə olan yenilik və dəyişikliklərdən danışarkən təhsil üzrə Kamran Əsədov deyib.
Ekspertin fikrincə, bundan başqa məlum olduğu kimi, orta məktəbi vaxtından əvvəl bitirmənin mümkünlüyü təhsil haqqında qanunda öz əksini tapsa da, ali məktəblərdə bu mexanizm yox idi:
"Lakin yeni dəyişiklikdən sonra qiyabi təhsilalma formasından fərqli olaraq, tədrisə qismən cəlb olunan tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafikini özü tərtib edir və fənnə qoyulan bütün tələbləri ödəməlidir. Həmən dəyişikliyə görə tələbə ali təhsil müəssisəsini tez qurtarmağa imkanı əldə edəcək. Belə ki, tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tələbə tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə bilər. Bu da onun əmək bazarına daha tez daxil olmasına imkan yaradacaq. Əlbətdə ki, bu hal hərbi xidmət haqqında qanunda da dəyişikliklər edilməsini zəruri edir. Çünki hərbi xidmət haqqında qanunda, yəni təhsil alan tələbə dörd il müddətində möhlət hüququna malikdir. Lakin tələbə bu müddəti tez başa vurduqda ordu sıralarına vaxtından tez çağırıla bilər".
K.Əsədov qeyd edib ki, dəyişiklilərin bir də ali təhsil müəssisələrinin idarə olunması ilə bağlıdır:
"Danılmaz faktdır ki, son illər ərzində Azərbaycan təhsilinin inkişafı üçün çoxsaylı tədbirlər həyata keçirilir. Lakin bu addımların demək olar ki, hamısı orta məktəb səviyyəsindən yuxarı qalxmır. Bu da əlbəttə ki, yaxşı hal deyil. Ona görə də, ali məktəblərlə bağlı islahatların aparılması labüddür. İlk növbədə bu islahatları universitetin idarə olunması ilə başlamaq lazımdır. Çünki hal-hazırda universitetlərin idarə olunması sovetlər dönəmindən qalmış idarəçilik formasından istifadə olunaraq həyata keçirilir. Hesab edirəm ki, yaxın vaxtlarda universitetlərə qəbul imtahanlarının sadələşdirilməsi, idarəçilikdə yeni formaların tətbiqi bu sahədə irəliləməyə doğru mühüm addım olardı. İnanıram ki, yaxın vaxtlarda "Ali təhsil haqqında qanun" layihəsi qəbul ediləcək və bu sahənin inkişafı üçün qanunvericilik bazası olacaq".
Gülnarə Eynullaqızı
Sfera.az