Tədavülə 3 manatlıq əskinaslar buraxılacaq? – “MÜMKÜN VARİANTDIR…”

Tədavülə 3 manatlıq əskinaslar buraxılacaq? – “MÜMKÜN VARİANTDIR…”

"3 manatlıq əskinasların tədavülə buraxılması mümkündür”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda xırda kağız pul qıtlığından qaynaqlanan çətinliklər və 3 manatlıq əskinasların dövriyyəyə buraxılması təklifinin aktuallaşmasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:

 

"Tədavüldə olan pul nominallarının həcminin tənzimlənməsi ümumiyyətlə Mərkəzi Bankın funksiyasına daxildir. Mərkəzi Bank nağd pul kütləsinin dövriyyəsinə və mövcud olan qiymətlər səviyyəsinə uyğun olaraq pul əskinaslarının hansı nominalda olması ilə bağlı müvafiq qərar qəbul edir. Təbii ki, zaman-zaman bu istiqamətdə ciddi narahatlıqlar yaşanır. O baxımdan ki, xırda kağız pul çatışmamazlığı həm pərakəndə ticarət şəbəkələrində, eyni zamanda digər xidmətlərdən istifadə zamanı tərəflər arasında bəzi çətinliklər yaradıb. İndiki halda isə 3 manatlıq əskinasların buraxılması əslində mümkündür. Çünki, faktiki olaraq Azərbaycanda ən kiçik nominal 1 manatlıqdır, ondan sonrakı nominal isə 5 manatlıqdır”


Həmsöhbətimizin fikrincə 3 manatlıqların dövriyyədə olması ilə pul kütləsi daha rahat şəkildə dövr edə bilər: "Bu baxımdan 3 manat olmaqla orta bir nominalın dövriyyəyə buraxılması müəyyən mənada pul kütləsinin tədavüldə daha rahat şəkildə dövr etməsinə şərait yarada bilər. Nəticədə, biznes və vətəndaşın bu istiqamətdə yaşadıqları qayğılar müəyyən dərəcədə azala bilər”.

 

Bununla belə, R. Həsənova görə daha yaxşı variant dövriyyədə olan 1 manatlıq əskinasların həcmini artırmaqdır: "Daha yaxşı olar ki, dövriyyədə olan 1 manatlıq əskinasların həcmini artırmaqla məsələ tənzimlənsin. Çünki, əlavə nominal müəyyən digər problemlərə də yol aça bilər. Amma alınmırsa, o halda 3 manatlıq nominalın da tədavülə daxil edilməsində hər hansı bir problem görmürəm”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR