evli_wedding_2605230b

Təbriklər, əziz müəllimlər!

Share Button

 

Azər Sarıyev


Oğlum balaca olanda, kəndə, atamın yaxın qohumlarından birinin evinə qonaq getmişdik. Evə qayıdanda oğlumdan soruşdum ki, uşaqlarla oynaya bildinmi, kənddəki tay-tuşların xoşuna gəldilərmi? Dedi, ata, yaxşı uşaqlardırlar, amma balaca qızlar qəribədirlər.

Evcik-evcik oynayanda, uşağın birini qarşılarına uzadıb yalandan ağlayırlar, ağı deyirlər. Təbii idi, uşaq ailənin gözgüsüdür axı. Həmin "ağıçı” uşaqların nənəsinin- qohumumuzun saç yolmaqda, üz cırmaqda tayı-bəraəbi yoxdur. Arvad o qədər vərdişkar olub ki, qonşu kənddən belə kiminsə ölüm xəbəri gələndə, caynağa oxşayan dırnaqlarını atır üzünə, sifətini qulağının dibindən ta az qala yanbızının qırağına qədər cırır. Onun yanında böyüyən uşaq da başqa əyləncə tapa bilməz. Ya "yas” evciyi quracaq, ya da "Aşura” təziyəsi”. Üzcıran qohumum isə danışanda uşağın bu günə düşməsində müəllimləri günahkar bilir. Bəli, biz hələ də orta əsr Şərqinə məxsus təfəkkürlə düşünürük ki, uşaq məktəbdə adam olur, uşağı məktəb formalaşdırır. Məktəbin, müəllimin təsiri şübhəsiz ki, var, amma valideynin vəzifəsini kim yerinə yetirməlidir? Övladı dünyaya gətirmək, böyütməklə işimizin başa çatdığını düşünürük. Yəni dibçəkdə bəslədiyimiz çiçəklə, tövlədə saxladığımız quzu ilə uşağın fərqinə doğru-düzgün vara bilmirik. Ona görədir ki, babalarımız övladlarına ətdən və sümükdən ibarət varlıq kimi baxır və usta, müəllim yanına verəndə də "əti sənin, sümüyü mənim” deyirdilər. Yəni sümüyünə qədər ixtiyar sahibisən, nə edirsən, et, amma adam et. Sovet dövründə müəllim peşəsinin daha da bütləşdirilməsi uşağın adama döndərilməsi prosesində müəllimin ilahi qüdrət sahibi olması ilə bağlı qənaətimizi daha da möhkəmləndirmişdi. Bu gün də belə düşüncədə olan kifayət qədər adam var və tuği- lənət olub keçiblər təhsil işçilərinin boğazına. Müəllim zavallı bilmir şagirdə elm öyrətsin, yoxsa öyüd versin. Yeri gəlmişkən, uşaq vaxtı dəcəllik edəndə, nənəm mənə öyüd verən müəllimin dədəsini söyürdü. Ancaq söyülməli adamlar deyildilər. Onlardan bəziləri dünyasını dəyişib, bəziləri təqaüddədir. Az bir qismi hələ də pedaqoji fəaliyyətlə məşğuldur.

Dünyanın ən cəfakeş və yaxşı insanlarıdırlar. Həmin insanları təbrik edirəm. Öz müəllimlərimin simasında bütün təhsil işçilərinin bayramını təbrik edirəm, onlara can sağlığı, iş avandlığı, özümüzə-valideynlərə isə insaf arzulayıram. Amma elə müəllimlər də var ki, onlara da insaf arzulanmalıdır. Belələrindən isə bayram günü olduğundan yazmaq istəmirəm. Bəlkə nə vaxtsa yazdım. Bir daha bayramınız mübarək olsun, əziz müəllimlər!

 

Share Button

DİGƏR XƏBƏRLƏR