Tarixin 20 ən qalmaqallı casusu: Aralarında bakılı da var - FOTOLAR

Tarixin 20 ən qalmaqallı casusu: Aralarında bakılı da var - FOTOLAR
Son dövrlər bütün dünyanın gündəmini "işğal edən” ingilislərin lehinə casusluq etdiyinə görə Rusiyada həbs yatmış polkovnik Sergey Skripalın zəhərlənməsi indiyə qədər dünyada tarixə düşən ən məşhur casusların və onların ətrafında baş verən qalmaqalların xatırlanmasına ehtiyac yaradıb.

XX əsrdə baş verən müharibələr, siyasi böhranlar və gərginliklər kəşfiyyatın vacibliyini labüdləşdirmişdi. Bunun nəticəsi olaraq dünyanın siyasətini müəyyən edən dövlətlərdə bir çox peşəkar casuslar yetişmişdi. Maraqlıdır ki, casuslardan ən məşhurlarının əksəriyyəti ya ingilislərə işləyib, ya da həm onlara, həm də ruslara xidmət edib. Onların arasında hər peşənin nümayəndəsi var: rəqqasə, fizik, jurnalist, hərbçi, tarixçi, aparıcı və s. Qalmaqallı casusların arasında jurnalistlər də çoxluq təşkil ediblər. Amma bir məsələ dəqiqdir ki, məşhurların siyahısına düşən və ya qalamqalda iştirak etməyən, fərqi yoxdur, onların əksəriyyətinin taleyi faciəli olub.

Dünya müharibələrindən "soyuq müharibə”yə qədər XX əsrdə tarixə düşən 20 məşhur casusun kimliyini təqdim edirik.

1. Mata Hari

I Dünya müharibəsi zamanı Almaniyanın lehinə casusluq edən məşhur rəqqasə olub. Hollandiyadan olan Mata Harinin əsl adı Marqarita Gertruda Zelle idi. Fransız, ingilis və rus zabitləri, habelə dövlət xadimlərindən gizli hərbi məlumatları toplayıb, onları "qızına yazılmış məktub” adı altında almanlara çatdıran M.Hari 15 oktyabr 1917-ci ildə fransızlar tərəfindən güllələnərək edam edilib.

2. Xuan Puyol

Tarixdə ən məşhur "ikili agent”lərdən biri Xyan Puyol Qarsiya İspaniyanın Barselona şəhərində anadan olub. II Dünya müharibəsində həm faşist Almaniyası, həm də Böyük Britaniyanın kəşfiyyatına işləyib. İngilislər onu "Qarbo”, almanlar isə "Alarik Arabel” məxfi adı ilə tanıyırdılar. 1988-ci ildə Venesuellanın paytaxtı Karakasda vəfat edib.

3. Oldriç Heyzen Eyms

10 il həm ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə, həm də SSRİ-yə casusluq edib. 1969-cu ildə MKİ-də işə başaldıqdan sonra Ankaraya göndərilən O. Eymsin əsas vəzifəsi SSRİ kəşfiyyat zabitlərini ABŞ-ın lehinə casusluq üçün cəlb etmək olub. Həyat yoldaşını tərk etdikdən sonra maliyyə problemləri ilə üzləşən O. Eyms 1985-ci ildə Vaşinqtondakı Sovet İttifaqı səfirliyinə gedib, onlara o vaxt sirr hesab edilən ABŞ-ın məxfi məlumatlarını satıb və ruslar üçün çalışmağa başlayıb. Digər tərəfdən, hələ də MKİ-dəki vəzifəsini davam etdirən O. Eyms SSRİ DTK-sı və Sovet ordusundakı Amerika casuslarının kimliyini ruslara xəbər verib, nəticədə onlardan 10-u öldürülüb. Həyat tərzinin birdən-birə müsbət yöndə dəyişməsi Federal Kəşfiyyat Bürosunun diqqətini çəkib və bir müddət sonra casusluqda günahlandırılaraq ABŞ-da həbs edilib. Hələ də həbsxanada olan O.Eyms tarixə "ən bahalı casus” kimi düşüb. "Xain” adlı film onun həyatından bəhs edir.

4. İsser Harel

Əsl adı İzrail Natanoviç Qalperin olub. İsrailin məşhur MOSSAD təşkilatının əsasını qoyan İ. Qalperin Belarusda anadan olub. Alman faşistlərinin əsas simalarından hesab edilən Adolf Eyxmanın 1960-cı ildə Argentinanın Buenos-Ayres şəhərində ələ keçirilməsi əməliyyatına başçılıq edib. 11 il İsrail kəşfiyyatına rəhbərlik edən İ.Qalperin 1963-cü ildə istefa verib və MOSSAD-dakı fəaliyyətini dayandırıb. 2003-cü ildə İsrailin paytaxtı Tel-Əvivdə vəfat edib.

5. Markus Volf

Şərqi Almaniyanın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olub. 34 il ərzində "soyuq müharibə” dövründə kəşfiyyatın ikinci şəxsi kimi tanınıb. 1950 – 1980-ci illər arasında M. Volf Qərb ölkələrində təxminən 4000 casus yerləşdirib və agentləri seçərkən cazibədar olmalarına diqqət yetirirmiş. Bunun səbəbi isə dövlət idarələrində katiblərin zəif cəhətlərindən yararlanmaq idi. Seçimdə bu cəhətə üstünlük verməsinə görə M.Volfun casusları "Romeo agentlər”’ adlandırılırdı. M. Volf 2006-cı ildə 83 yaşında Berlində vəfat edib.

6. Rixard Zorqe

1895-ci ildə Bakıda anadan olan Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci Dünya müharibəsindən əvvəl və sonra Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə Rixard Zorqe "Ramzay” ləqəbindən istifadə edib. R. Zorqenin ən mühüm fəaliyyətlərindən biri 1940–1941-ci illərdə Yaponiyada işləyəndə SSRİ mənbələrini Hitler Almaniyasının hücum edəcəyi barədə məlumatlandırması olub. Lakin o, 1941-ci ildə Tokioda yaxalanıb və 1944-cü ildə edam edilib. Sovet İttifaqına işlədiyini inkar etsə də, ölümündən iyirmi il sonra SSRİ onu "qəhrəman” elan edib. Hal-hazırda Bakı şəhərində onun adına küçə var.

7. Kim Filbi

Harold Adrian Rassell Filbi, ingilis kəşfiyyatının keçmiş zabiti "Soyuq müharibə” dövrünün ən məşhur ikili casusu olub. Britaniya kəşfiyyatının yüksək vəzifəli nümayəndəsi olan K. Filbi daha sonra, 1933-c üildən Sovet İttifaqı üçün çalışıb. 11 may 1988-ci ildə vəfat edib.

8. Mixail Koltsov

Kiyevdə anadan olan yəhudi əsilli jurnalist, publisist M.Koltsov İspaniyadakı vətəndaş müharibəsi zamanı jurnalst kimi fəlaiyyət göstərsə də, əslində SSRİ kəşfiyyatı üçün çalışıb. O, 2 fevral 1940-cı ildə öldürülüb. M. Koltsov hazırda vaxtilə İspaniya vətəndaş müharibəsindən bəhs edən kitabları ilə məşhurdur.

9. Sidney Reyli

Sidney Corc Rayley kimi də tanınan Britaniya kəşfiyyatçısı 1873-cü ildə Odessada anadan olub. 10 il müddətində Rusiyada və Yaxın Şərqdə Britaniya kəşfiyyatına məlumat ötürüb. "Ceyms Bond” obrazının yaradılmasında fəaliyyət xüsusiyyətindən istifadə olunduğu iddia edilən iki agentdən biri olan S.Reyli XX əsrin ilk "süper agenti” hesab edilir. 6 dildə sərbəst danışa bilən S.Reyli 1925-ci ildə Moskvada vəfat edib.

10. Qay Byorces

Britaniya xəfiyyəsi üçün çalışan, eyni zamanda SSRİ kəşfiyyatına da məlumat ötürən Q.Byorses BBC-nin aparıcısı olub. "Soyuq müharibə” dövründə fəallığı ilə seçilən C.Byorces "Kembric beşliyi”nin üzvü olmaqla sovet "NKVD”-sinə də casusluq edib. 1963-cü ildə Moskvada vəfat edib.

11. Entoni Blant

Tarixçi, sənətşünas Entoni Frederik Blant 1937–1945-ci ildə SSRİ əleyhinə işləyən "Kembric beşliyi”nin üzvü olmaqla yanaşı, Britaniyanın xəfiyyəsində Sovet İttifaqı lehinə (1937–1951) casusluq edib. Britaniya ictimaiyyəti onun SSRİ-yə casusuluq etdiyini çox sonra, 1979-cu ildə sabiq baş nazir M. Tetçerin açıqlamasından öyrənib.

12. Dusko Popov

II Dünya müharibəsində ingilis xəfiyyəsi üçün çalışan, Almaniya kəşfiyyatına isə səhv məlumat ötürən "ikili agent” olub. Yaponların "Pearl Harbour” hücumu üçün ABŞ-ı xəbərdar etmiş, ancaq FƏB ona etibar etmədiyi üçün bu xəbərdarlığı nəzərə almamışdı. Serb əslli olan casusun fəaliyyətinin "Ceyms Bond” filmlərinin çəkilməsi üçün istifadə edildiyi ikinci şəxs olduğu deyilir.

13. Corc Bleyk

Britaniyalı casus Corc Bleyk Şimali Koreya tərəfindən ələ keçirilməsi ilə dünyanın diqqətini cəlb edib. 3 il orada qaldıqdan sonra Böyük Britaniyaya artıq "ikili agent” və kommunist olaraq qayıdıb. Daha sonra Şimali Koreyanın lehinə işləyib.

14. Kristina Skarbek

Kristina Qrenvil kimi tanınan casus Polşada anadan olub. İkinci Dünya müharibəsində İngilislər üçün işləyib. Nasist Almaniyasının işğalı altında olan Polşa və Fransadan əldə etdiyi gizli məlumatları ötürməsi onu daha da məşhurlaşdırıb. İngilislərə ən uzun müddət xidmət edən qadın casuslardan biri olub. 15 iyun 1952-ci ildə Londonda bir oteldə bıçaqlanaraq öldürülüb.

15. Rozenberq cütlüyü

Amerikalı Etel və Yulius Rosenberq cütlüyü ABŞ-ın atom bombası və nüvə sirlərini Sovet İttifaqına satmaqda günahlandırılıblar və mühakimə edilərək 1953-cü ildə elektrik oturacaqlarında edam olunublar. Edamın bu növünün icrası o vaxt böyük mübahisələr yaratmışdı. ABŞ Kommunist Partiyasının üzvü olan cütlüyün edamı uzun müddət müzakirə edildi. İllər keçdikdən sonra Sovet yazışmaları deşifrlənib ictimaiyyətə açılanda Yulius Rozenberqin fəal casusluq etdiyi ortaya çıxıb, amma həyat yoldaşı Etel Rosenberqin casusluq etdiyi barədə heç bir dəlil tapılmayıb. Yəni o da ərinin badına gedibmiş.

16. Oleq Penkovski

Oleq Vladimiroviç Penkovski "Agent Hero” ləqəbi ilə SSRİ-nin hərbi kəşfiyyatında xidmətdə olan bir polkovnik idi. 1950 – 1960-cı illərdə Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının Kubaya yerləşdirdiyi raketlər və Kuba böhranı barədə ölkəsini xəbərdar edib. 1955-ci ildə Ankarada hərbi ataşşe vəzifəsində çalışıb. Lakin 1963-cü ildə Moskvada ölkəsinə xəyanətdə günahlandırılıb, ABŞ və Böyük Britaniyaya casusluq etdiyinə görə güllələnib.

17. Mark Felt

"Dərin qırtlaq” ləqəbi ilə tanınan Mark Felt ABŞ-ın Fedral Əks-kəşfiyyat Bürosunun ikincisi şəxsi olub. "Watergate” (Vatergeyt) qalmaqalında ABŞ prezidenti Riçard Niksonun istefasına zəmin hazırlayan iki jurnalistdən biri – Vudvard əsas məlumatları M.Feltdən aldığını söyləmişdi.

18. Ramon Merkader

Sovet əks-kəfiyyatına işləyən İspaniyadan olan casus Hayme Ramon Merkader 1945-ci ildə Lev Trotskiyə sui-qəsd törətdikdən sonra aşkara çıxıb. Stalinin əmri ilə Meksikada Trotskini öldürən R. Merkader kommunist olub. Sovet İttifaqında DTK arxivlərində məxfilik aradan qaldırılanda R. Merkaderin Sovet "NKVD”-si üçün casusluq etdiyi ortaya çıxıb. 20 il həbs cəzası alan Merkader 1978-ci ildə Kubada vəfat edib.

19. Klaus Fuks

Emil Julius Klaus Fuks atom bombasının istehsalında iştirak edən fiziklərdən biri olub. K.Fuks Alman Kommunist Partiyası ilə yaxınlığı ilə seçilib. ABŞ-ın "Menhetten” Layihəsində əldə etdiyi məlumatları Sovet İttifaqına satdığına görə məhkum edilib. Yanvar 1950-ci ildə casus olduğunu etiraf edib. Britaniya vətəndaşlığından çıxarılıb. O, doqquz il həbsdə yatıb və çıxdıqdan sonra Şərqi Almaniyaya köçüb. 28 yanvar 1988-ci ildə, Berlin divarı sökülməmişdən bir qədər əvvəl Berlində vəfat edib.

20. Daniel Ellsberq

1931-ci ildə Çikaqoda anadan olan Daniel Ellsberq indi də yaşayır. Vyetnam müharibəsi zamanı ABŞ hökumətinin sirlərini yaydığına görə tanınıb. Amerikalı fəal və hərbi analitik olan D. Ellsberq 1971-ci ildə Pentaqonun məxfi sənədlərini çap etdirib. Tam məxfi qrifi olan bu sənədlər "Nyu York Tayms” və digər qəzetlərdə nəşr olunub. (bizimyol.info)

OXŞAR XƏBƏRLƏR