Tarix heç nəyi unutmadı, Həmidov…

Tarix heç nəyi unutmadı, Həmidov…
Bəzi insanlar var ki, onların keçmişini zaman-zaman təkrarlamaq lazımdır, əks təqdirdə özlərinin də xəbəri olmadan çox irəli gedirlər. Keçmiş daxili işlər naziri İsgəndər Həmidov da öz iddiaları ilə belə insanlar kateqoriyasına daxil olur. Əslində 70 yaşlı keçmiş nazir ahıl vaxtında bir güşənişinliyə çəkilməli, ömrünü daha sakit yaşamalıdır. Amma o, "hər şeyi mən etmişəm” iddialarından əl çəkmir.

"Hər şeyi mən etmişəm” iddiası AXC-nin şinelindən çıxmış indiki müxalifətin sağalmaz mərəzidir. AXC dövründə daxili işlər naziri olmuş İsgəndər Həmidov da 25 ildir eyni mərəzlə yaşayır.

Misal üçün, İsgəndər Həmidov iddia edir ki, bugün Azərbaycanda bir çox generallara ilk dəfə o vəzifə verib, ardınca əlavə edir ki, 1990-cı illərdən başlayaraq əsas qayəsi korrupsiya ilə mübarizə olub. 

Hərçənd, Azərbaycanda İsgəndər Həmidovun adı gələndə hər kəs onun AXC hakimiyyəti dövründə AzTV-yə hücumunu və canlı yayımda insanları təhqir etməsini xatırlayır. Lakin onun haqqında xatirələr bununla yekunlaşmır.

1992-ci ilin mayın 16-dan 1993-cü ilin 16 aprel tarixinə qədər daxili işlər naziri postunu tutan İsgəndər Həmidovun törətdikləri həmin vaxt onunla eyni hökumətdə təmsil olunanların dilindən dəfələrlə səsləndirilib.

AXC hakimiyyəti dövründə baş prokurorun birinci müavini işləmiş Mətləb Mütəllimli "Sındırılmış adam” məqaləsində İsgəndər Həmidov törətdiyi əməlləri açıqlayır:

– "Subtropik əməliyyatı” adı ilə Astara rayonunda günahsız bir ailəni, o cümlədən azyaşlı uşağı və iranlı qonağı məhv edib;

– Qadınların boyunbağısına, sırğasına qədər zorla alıb;

– DİN-nin kollegiyasında nazirlik əməkdaşına butulka atıb;

– Kənd Təsərrüfatı Nazirliyinin ünvanına göndərilmiş 260 ədəd "Jiquli” markalı avtomaşını mənimsəyib;

– Həmin dövrdə jurnalist işləyən Zərdüşt Əlizadəni maşının yük yerinə zorla salaraq həbs edib;

İ. Həmidov Z. Əlizadəyə qarşı etdiklərini xatırlayanda açıq şəkildə bildirir ki, "kaş onu döyməyəydim, öldürərdim!”. Bu gün iqtidarı qanunu pozmaqda ittiham edən bir şəxsin jurnalisti öldürməməkdə heyfslənməsi hər şeyi çılpaq şəkildə ortaya qoyur.

Həmidov deyir ki, "Bakatinə salam vermədim ki, əlin mənim xalqımın qanına batıb”. Lakin M. Mütəllimli məqaləsində Həmidovun Bakatin iddiasının uydurma olduğunu deyir. Əlavə edir ki, İ. Həmidov sahə müvəkkili işlədiyi vaxtdan nazir olduğu dövrə qədər "smeçka” satandan da belə rüşvət alırmış. Lakin Mütəllimli bütün bunların Həmidovun etdiklərinin cüzi hissəsi olduğunu da qeyd edir. 

Keçmiş nazir isə bu gün 90-cı illərdən indiyə qədər korrupsiya ilə mübarizə apardığını danışır, cəsarətli iddialar irəli sürür.

Milli Məclisin deputatı, 1992-93-cü illərdə Bakı şəhər prokuroru vəzifəsini icra edən Çingiz Qənizadə isə İsgəndər Həmidovun Azərbaycan dövləti qarşısında necə "xidmət” etdiyini, necə "cəsarətli” olduğunu açıqlayır:

– 15 may, 1992-ci ildə xalq Ayaz Mütəllimovun hakimiyyətə yenidən qayıtmasına etiraz edərək küçələrə çıxıb Ali Sovetin binasına yürüş keçirərkən sən də xalqın arasında idin. "Moskva” mehmanxanasının qarşısına çatarkən atəş səsini eşidib yoxa çıxdın. Mənim rəhbərliyimlə AzTV-nin binası tutulandan və mənim televiziya ilə xalqa müraciətimdən 2-3 saat sonra sən Ali Sovetə gələrək aşağıdakıları bildirdin: "Məni snayperlə vurdular. Güllə zəhərli idi. Şükür Allaha ki, güllə qolumu sıyıraraq keçdi”. Və qaşığın arxası ilə sıyırdığın qolunu göstərdin. Hamı sənin "cəsarətinə” gülürdü.

– 1993-cü ildə mərhum Rövşən Cavadov sənin nazir otağına hücum edərkən arxa qapıdan qaçdın. Köməkçin Nizamini qolundan güllə ilə vurmuş, Nazir Kabinetini darmadağın etmişdilər. Sən isə otağında mənə yalvarırdın ki, fakta görə cinayət işi başlamayım, çünki Rövşəndən qorxurdun!

– Populist bəyanatlarla, "bir maşın erməni qulağı gətirəcəm” deyərək ilk atəş səsləri eşidəndə yoldaşlarını qoyub qaçan, səni nazir postuna təyin edən bir şəxsin, rəhmətlik Əbülfəz Elçibəy hakimiyyətinin əleyhinə 4 iyun Gəncə qiyamından 1 gün sonra – iyunun 5-də mitinq keçirmək istəyən, sonra bir komandada olduğun və çörək kəsdiyin şəxslərin özləri və ailələri haqda tərbiyəsiz ifadələr işlətməyin, sonra da həmin şəxsin təşkil etdiyi mətbuat konfransında oturub özünə qarşı söyüşlərin üzünə deyilməsinə heç nə olmamış kimi qulaq asmağın və 2 gün öncə dediklərindən imtina etməyin hamının gözü qarşısında olub. O şəxslərin adını və sənin dediklərini etika naminə açıqlamıram. Kişi çörək kəsdiyi, ünsiyyət etdiyi insanların arxasınca danışmaz.

– Sən nazir olarkən Naxçıvanda daxili işlər naziri təyinatına rəhmətlik Heydər Əliyev etiraz etmişdi. Bir dəstə qoşun götürüb, hərbi paltar geyib Naxçıvana hücum etmək istəyini televiziya ilə bəyan etdin. Biz bir qrup hakimiyyətdə olanlar buna etiraz olaraq rəhmətlik prezident Elçibəyin kabinetinə getdik. Bəy çox əsəbi idi. Bizi sakitləşdirib dedi ki, narahat olmayın, o, qorxağın biridir, dəniz vağzalının yanından o yana gedə bilməz. Belə də oldu. Nəinki Naxçıvana, heç dəniz vağzalının yanına qədər də gedə bilmədin.

– 19 fevral, 2011-ci il tarixdə "Yeni Müsavat” qəzetinin müxbirinə müsahibə verərkən jurnalistin suallarına ana söyüşü ilə cavab vermisən! 

– 18 may, 1992-ci ildə sən zorən nazir postuna sahib çıxdın. Mayın 20-də rəhmətlik Əbülfəz bəy məni evə dəvət edib dedi ki, İsgəndər Mahir Cavadovu Bakı şəhər prokuroru təyin etdirmək istəyir. Bizi artıq boğaza yığıb.

– Sənin nazir işlədiyin dövrdə Nəsimi rayonunda bir ölüm hadisəsi baş vermişdi, sənin "Boz qurdlar”ın qapı arxasında evə atəş açaraq yaşlı bir qadını öldürmüşdü. Müavinim Hüseyn Əlixanovla hadisə yerində olduq. Yas yerində söz verdim ki, cinayətkar cəzasız qalmayacaq. Yasa ərzaq köməkliyi də etdik. Sən isə mənə boğaz çəkdin ki, mən ölüm, onları tutma! O şəxsə 14 il cəza verdirdim. 

– O vaxtki,baş prokurorun müavini Mətləb Mütəllimlini həbs etdirmək üçün Sumqayıta 20 nəfərlik polis dəstəsi göndərmişdin. Tapşırmışdın ki, onu maşının baqajına basıb gətirin. 

– Sənin o vaxtlar heç bir səbəb olmadan işdən kənarlaşdırdığın, həbs etmək istədiyin neçə-neçə şəxsi, layiqli kadrı qoruyub saxlaya, həbsdən qurtara bildim. Onlar bu gün də işləyir, aralarında hətta generallar da var.

(İsgəndər Həmidov vaxtilə işdən uzaqlaşdırdığı, həbs etdirmək istədiyi, lakin bu gün general olan şəxslərin yüksəlişini öz adına yazmaq istəyir, amma Çingiz Qənizadə əsl həqiqətin üstünü açır).

Çingiz Qənizadə 1993-cü ilin 17 iyulunda parlamentdə İsgəndər Həmidovun Heydər Əliyevin qarşısında özünü necə aparmasını da xatırlayır: "Parlamentdə rəhmətlik Heydər Əliyevə dediklərini yadına salıram: "Heydər bəy, hamı mənə deyir ki, mən Sizin bacınız oğluyam. Elə Siz də olun mənim dayım”. Amma yarına bilmədin. Çünki rəhmətliyin sənin kimi bacı uşaqlarına ehtiyacı yox idi!”.

Tarix heç nəyi unutmur, tarix vaxtilə Heydər Əliyevin önündə özünü itirən İsgəndər Həmidovun iqtidara qarşı niyə "üsyan bayrağı” qaldırmasını da unutmayıb.

1992-ci ilin avqust-oktyabr aylarında Prezidentin fərmanı olmadan 701 nəfər məhbusun həbsdən azad etmək, "İstiqlal” qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il azadlıqdan məhrum edilən İsgəndər Həmidov 2003-cü ilin dekabrında Prezident İlham Əliyevin əfv fərmanı ilə azad edildi. Həbsdən çıxandan sonra onun vəzifə istəyi təmin edilmədiyi üçün onu vaxtından əvvəl azad edən Prezidentə qarşı çıxdı. Onun vəzifə istəyi təmin olunsaydı, belə danışardımı?!

İ. Həmidovun korrupsiyaya qarşı mübarizədən danışması onun təmsil olunduğu AXC-Müsavat hakimiyyətinin 1993-cü ilin may ayının 25-də Prezidentin İcra Aparatında keçirdiyi hüquq-mühafizə orqanları işçilərinin müşavirəsinin stenoqramını xatırladır:

Dövlət katibi: "Respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edir”.

Baş prokuror: "İflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır”.

Ədliyyə naziri: "Hakimiyyətimiz dövründə rüşvətxorluq kommunist dövründəkindən də çoxalıb”.

Gömrük Komitəsi sədri: "Xalqın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmir”.

Ali Məhkəmə sədri: "Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir”.

Əlavə şərhə ehtiyac yoxdur!

Asif Nərimanlı


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...