Tanınmış həkimdən Çindəki öldürücü virusla bağlı həyacan siqnalı: “ÖLKƏNİN GİRİŞ-ÇIXIŞ QAPILARI…”

Tanınmış həkimdən Çindəki öldürücü virusla bağlı həyacan siqnalı: “ÖLKƏNİN GİRİŞ-ÇIXIŞ QAPILARI…”

"Korona virusuna qarşı mübarizə üçün Azərbaycanda karantin tədbirləri görülməlidir” .


Sfera.az-a açıqlamasında bu sözləri Çində yayılan və onlarla insanın ölümünə səbəb olan korona virusunun Azərbaycanın sərhəd qapılarını döyməməsi üçün nə kimi tədbirlərin görülməsinə ehtiyac olduğuna aydınlıq gətirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:

 

"Rəsmi məlumatlarda ölkəmizdə iki nəfərin soyuqdəymədən dünyasını dəyişdiyi bildirilir. Ancaq onların dünyasını dəyişmələrində söhbətin konkret nədən getdiyini bilmirik. Demirəm ki, bu korona virusudur. Amma hər halda ölümə gətirib çıxaran soyuqdəymə halı baş veribsə, bu barədə ciddi araşdırma aparılmalıdır. Görünən odur ki, mövcud vəziyyət məsələyə ciddi yanaşmanın olmasını tələb edir. İnfeksiyanın Çində, Yaponiyada və yaxud digər ölkələrdə olmasına baxmayaraq, hava-damcı yolu ilə yayılan infeksiya olduğundan, qısa müddətdə böyük areala yayıla bilər. Azərbaycan əhalisi Çinlə ciddi ticarət əlaqələri yaradıb. Ölkəmizə Çindən çoxsaylı mallar daşınır. Yəni, iki ölkə arasında miqrasiya prosesi daim gedir. Belədə təbii ki, həmin infeksiya çox asanlıqla ölkəmizə daşına bilər. Ona görə də məsələyə "bu bizdə ola bilməz” prinzmasından yanaşmamalıyıq”.

 

Həkim mövcud situasiyada ölkəyə gəliş-gedişin ciddi nəzarətə alınmasının vacibliyini vurğuladı: "Karantin tədbirləri görülməlidir. Ölkəyə keçid zonalarında nəzarət gücləndirilməlidir. Bu istiqamətdə əhalinin maarifləndirilməsi məsələsinə də xüsusi diqqət yetirmək lazımdır. İnsanlar ən azından maskalardan istifadə etməli, xəstələndikdə yataq rejiminə keçməlidirlər. Həkim qəbuluna qədər maye qəbul etməlidirlər”.

 

A. Qeybulla təklif edir ki, virusa yoluxan insanları müəssisələr mütləq şəkildə evə buraxsın: "Təəssüf ki, insanlar xəstələndiyi halda bunu ayaq üstə keçirmək məcburiyyətindədir. İnsanlar indiki şəraitdə iş yerlərini itirməkdən qorxur, bunu istəmirlər. Ona görə dövlət səviyyəsində dövlət və özəl müəssisə rəhbərlərinə göstəriş verilməlidir ki, xəstələnmiş insanların yataq rejiminə keçməsi mütləq təmin olunsun, onlara bülletenlər verilsin. Məsələyə ciddi yanaşmalıyıq. Ancaq hələlik təəssüf ki, bunların müşahidə etmirik”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR