\"Tahir Kərimli bir sözdü də deyib\"-Aqil Abbas

\
 T.Kərimlinin təklifi həmkarları arasında rəğbət qazanmadı  

"Bunun heç bir mənası yoxdur”
Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Tahir Kərimlinin Azərbaycanda ayların adlarının dəyişdirilməsi ilə bağlı verdiyi təklifə münasibət bildirərkən onun həmkarı Aqil Abbas deyib: 
 
"Tahir müəllim bir sözdü də deyib. Düşünürəm ki, ayların adını dəyişdirməyə heç bir ehtiyac yoxdur. Dünyanın qəbul etdiyi müəyyən məqamlar var ki, onları Azərbaycan da qəbul edib. Bu mənada da ayların adının dəyişdirilməsini məqbul hesab etmirəm. Bunun mənası yoxdur. Aprel apreldir, may da may. Başqa ad qoyanda nə olur ki?”
Digər deputat Araz Əlizadə də ayların adının dəyişdirilməsi istiqamətində addım atmağa ehtiyac olmadığı qənaətindədir: "Tahir Kərimli deputat olaraq öz təkliflərini verib. Burada hər hansı dəhşətli bir şey yoxdur. Ancaq düşünmürəm ki, bu istiqamətdə nəyisə dəyişməyə ehtiyac var. Artıq xalqımız ayların adları ilə bağlı mövcud vəziyyətə öyrəşib”.
 
Deputat  Nizami Cəfərov təklifə maraqla yanaşsa da, onun həyata keçəcəyinə inanmadığını bildirdi: "Tahir Kərimli nəsə bir fikir söyləyirsə, onu dəqiq təhlil edir. Yəni əsassız fikir söyləmir. Bu cür cəhdlər həmişə olub. Azərbaycanda da, digər türk respublikalarında da buna bənzər cəhdlər olub. Amma prinsipcə özünü doğrultmur. Çünki cəmiyyətimiz bu müstəvidə dəyişiklikləri qəbul etmir. Bu həm də paralellik yaradır. Ona görə ki, ölkəmizdə daha çox beynəlxalq terminalogiya aparıcıdır. Ona görə təklif nə qədər maraqlı olsa da, onun həyata keçəcəyinə şübhə ilə yanaşıram. Təcrübə göstərir ki, bu kimi təklifləri geniş ictimai səviyyədə qəbul etmək demək olar, mümkünsüzdür”.       
 
Qeyd edək ki, Milli Məclisin deputatı tahir Kərimli Azərbaycanda ayların adının dəyişdirilməsini təklif edib. Onun təklif etdiyi dəyişiklikdə  yanvar ayı ilk ay kimi göstərilib. Bundan başqa ardıcıl olaraq fevral ayını soyuq (çillə ayı), martı boz, apreli yağış, mayı çiçək, iyunu əkin, iyulu 
Isti, avqustu biçin, sentyabrı məhsul, oktyabrı qızıl, noyabrı xəzəl və nəhayət dekabr ayının son ay olaraq adlandırılmasını təklif edib.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR