Gündəm

"Söyüş maşını”na milyonlar ayrılacaq: "müstəqil bloqer”lərin "hami”lərinin yeni planı var

"Ərəb baharı” ssenarisini və "narıncı inqilab” taktikasını Azərbaycanda reallaşdırmağa çalışan fondlarla təşkilatlar xarici ölkələrdəki "müstəqil bloqer” adlandırılan soydaşlarımıza külli miqdarda "maliyyə yardımları” göstərməyə hazırlaşırlar.

2001-ci ildə Yaxın Şərq və Şimali Afrika ölkələrində "kütləvi xalq etirazları” adlandırılan, əslində isə uzaqdan idarə olunan və eyni ssenari üzrə hərəkət edən qrupların hazırlayaraq reallaşdırdıqları hakimiyyət dəyişiklikləri strategiyasını bu dəfə Azərbaycanda təkrarlamaq niyyəti var.

Daha doğrusu, niyyət 8 il əvvəl açıqlansa da, indiyədək reallaşdırıla bilməyib.

Amerikalı ekspert Metyu Şvartsın dediyinə görə, "səbəb Azərbaycan müxalifətinin zəifliyi, qeyri-populyarlığı və hakimiyyətin dayaqlarının səbatlı olmasıdır”.

Azərbaycanda "hakimiyyət dəyişikliyi” adı altında kütləvi etirazlar, üsyan, hətta vətəndaş müharibəsini gerçəkləşdirməyə hazırlaşanlarsa sakitləşmək niyyətində deyillər. Onlar məqsədlərindən əl çəkməyiblər, hədəflərini də unutmaq istəmirlər.


Bu dəfə "baş hami” rolunu ABŞ-ın "Milli Demokratiya Fondu” (National Endowment for Democracy, NED) oynamaq fikrindədir.

Missiyasını "bütün dünyada demokratiya ilə azadlığın inkişafı və bərqərarı” elan etmiş NED ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsillə Konqres tərəfindən dövlət büdcəsindən maliyyələşdirlir.

NED-in əsas media orqanı olan "Journal of Democracy” Azərbaycanla bağlı sürəkli "araşdırmalar” dərc etsə də, təşkilatın ölkəmizi nəzərdə tutan, daha doğrusu, Azərbaycanın daxili işlərinə kobud müdaxiləni planlaşdıran yeni ssenarisi barədə bir kəlmə də yazmayıb.

Halbuki…

Yeni taktika hazırlanır.

NED Azərbaycanla bağlı budəfəki strategiyasını Ümumdüyna Demokratiya Hərəkatını (WMD), Beynəlxalq Demokratik Tədqiqatlar Forumunu (IFDS), "Reagan-Fascell Democracy Fellowship” fondunu, "Kütləvi İnformasiya Vasitələrinə Beynəlxalq Yardım Mərkəzini” (CİMA) vasitəsilə reallaşdırmaq niyyətindədir.

Ssenaridə ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutuna (International Republican Institute, İRİ), "Beynəlxalq Məsələlər üzrə Milli Demokratik İnstitutu”na (National Democratic Institute for International Affairs, NDİ) və "Transparency International” təşkilatına da "iştirak hüququ” nəzərdə tutulub.


Azərbaycanda fəaliyyəti ilə bağlı illər əvvəl həyata keçirdiyi taktikaya NED bu dəfə də riayət etmək niyyətindədir. Taktika çox sadədir: NED hansı təşkilata nə qədər "yardım” ayırdığını, bu "yardım”ların istiqamət və məramını açıqlamır.

Tanış oyundur. Məsələn, 2014-cü ildə NED Azərbaycanda fəaliyyət göstərən QHT-lərə 871578 dollar qrant ayırmışdı. Həmin qrantların heç biri Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmişdi.

NED-in internet səhifəsi olan ned.org saytında 2014-cü ildə Azərbaycanda QHT-lərə ayrılan qrantın məbləği qeyd olunub. Lakin digər ölkələrdən fərqli olaraq, Azərbaycanla bağlı məlumatlarda qrant ayrılan təşkilatların və qrantların adı qeyd olunmayıb. Yalnız qrantların istiqamətini qeyd ediblər. Halbuki Ermənistan və Gürcüstanla bağlı məlumatlarda isə təşkilatların adları da qeyd edilmişdi.

NED nizamnaməsinə görə, heç bir siyasi partiyanı dəstəkləmir. Ancaq bunlar yalnız kağız üzərində yazılmış ifadələrdir. Çünki NED nəinki dünyanın ayrı-ayrı ölkələrində, hətta ABŞ-da keçirilən seçkilərdə belə tərəflərə təsir və ya təzyiq edir, hətta açıq şəkildə seçkilərə müdaxilələr də olur.

Türkiyədə mövcud hakimiyyətə düşmən mövqeyi ilə seçilən "Taraf” qəzetini müxtəlif "proqram”lar vasitəsilə maliyyələşdirən, 2002-ci ildə Venesula prezidenti Uqo Çavesə qarşı çevriliş cəhdini hazırlayan (bunu məşhur amerikalı vəkil Yeva Qolinqer araşdırıb və sübut edib), Ukraynadakı "Maydan” hərəkatının baş sponsoru olan və ən nəhayət, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə sonuclanan "xalq etiraz”larının "müəllifi” kimi tanınan NED bu dəfə Azərbaycanda "yeni layihə”yə 4,24 milyon dollar ayırmaq fikrindədir.

Korrupsiyaya qarşı mübarizə?

Sən demə, NED Azərbaycanda rüşvətxorluq və korrupsiyaya qarşı "vətəndaş müqavimətini gücləndirmək” istəyir.

"Dövlət strukturları və məmurlar üzərində ictimai nəzarət gücləndirilməli, sosial şəbəkələr vasitəsilə vətəndaşlar antikorrupsiya fəaliyyətinə daha aktiv cəlb olunmalıdır. Yerli məmurlar və vəzifəli şəxslərlə bağlı mümkün qədər çox neqativ məlumatlar yayılmalı, sosial şəbəkələrdə aktiv paylaşımlar olunmalıdır”, – "yeni taktika”nın preambulasında vurğulanır.

Bu "taktika” xarici ölkələrə sığınan və orada Azərbaycan hakimiyyətinə qarşı fəaliyyət göstərən "siyasətçi”lər, "siyasi fəallar” və "müstəqil bloqer”lərin fəaliyyətlərinə nəzazarətlə yanaşı, onların yönləndirilməsini və "yeni ideyalar, məlumatlar və informasiyalar”la təcşiz olunmasını da nəzərdə tutur.

Adətinə xilaf çıxmayan NED saytında, rəsmi sənədlərdə və hesabatlarda ayrılacaq vəsaitləri alacaq şəxslərlə qrupların adlarını açıqlamır.


Fəqət, ilkin məlumatlara görə, pullar bu şəxslərə çatacaq:

"Azərbaycan Naminə Demokratiya” (AND) strukturu ilə "Turan TV”, "Azərbaycan saatı” YouTube kanalları – jurnalist Qənimət Zahid və sabiq səfir Arif Məmmədov
"Meydan TV” – Emin Abdullayev
"Sülh və Demokratiya İnstitutu” – Leyla və Arif Yunuslar
"Demokratik Talış Birliyi” – Əlikram Hümbətov
"Müsavat Avropa Koordinasiya Mərkəzi” (AKM)
"Oyan” hərəkatı və "Kineskop” YouTube kanalı (Nahid Cəfərov)
"Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” (RATİ) – Emin Hüseynov
"Osmanqızı TV” – Sevinc Osmanqızı
"Azad söz” YouTube kanalı – Tural Sadıqlı
"AzerFreedom” YouTube kanalı – Qurban Məmmədov
"Müstəqil bloqerlər” – Tural Sadıqlı, Sevinc Osmanqızı, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli, Orduxan Temirxan Bəbirov, Natiq Adilov və daha 6 nəfər.
"Maliyyə yardım”larını NED birbaşa yox, 4 təşkilat vasitəsilə ("Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzi” (CİPE), "Beynəlxalq Respublikaçılar İnstitutu” (İRİ), "Milli Demokratiya İnstitutu” (NDİ) və "Amerika Həmrəylik Mərkəzi” (Solidarity center) fərqli, yalnız kağız üzərində olan strukturların hesablarından ödənilməklə gerçəkləşdirməyi planlaşdırır.


Əslində, təəccüblü deyil. Ən azı ona görə ki, elə ABŞ-ın nüfuzlu "Foreing Policy” jurnalı NED-in fəaliyyətinin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə çox sıx bağlı olduğunu bəyan etmişdi. NED-in prezidenti Karl Qerşman da bunu danmır.

"Bizim təşkilat ona görə yarandı ki, dünyanın bütün ölkələrindəki demokratik dairələri üçün Mərkəzi Kəşfiyyat İdarəsindən birbaşa maliyyə yardımları almaq arzuolunmazdır”, – K.Qerşman söyləmişdi.

Ötən il Azərbaycanda keçirilmiş prezident seçkiləri ərəfəsində təcili olaraq yaradılan "müstəqil bloqerlər şəbəkəsi”, daha doğrusu, Avropa Birliyi ölkələrində və ABŞ-da yaşayan, özlərini "siyasi motivasiyadan mühacirət etmiş adamlar”dan ibarət qruplaşma qəflətən çox aktiv fəaliyyətə başlamışdılar. Onların məqsədi seçkilər ərəfəsində Azərbaycandakı siyasi situasiyaya təsir göstərmək, sosiumda "müxalifət güclənir, Azərbaycana təzyiqlər artır” təsəvvürü yaratmaqdı.

Fəqət, həmin plan baş tutmadı və "müstəqil bloqer”lərin təhqir, söyüş, habelə "şok açıqlamalar” kampaniyası fiaskoya uğradı.


Son aylarda onlar mütəşəkkil şəkildə eyni mövqedən çıxış edir, Azərbaycan vətəndaşlarını kütləvi etirazlara və silahlı qarşıdurmaya çağırır, sürəkli olaraq "Mitinqlərə çıxın!” deyirlər.

Bu taktikanın da uğursuzluqla sonuclanacağını görən "hamilər” nəzarətlərindəki "siyasi fəallar”ın işini daha "effektiv” etməyin yollarını arayırlar.

O yollar isə hələ ki, görünmür.
 
Elçin Alıoğlu





AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728