"Söyüş aparatları" - KÖŞƏ

Doğrusu, Avropadakı "söyüş aparatlarına” münasibət bildirməyin lüzumu barəsində uzun müddət tərəddüd etdim. Söz var, deyirlər ki, "kəm söz sahibinə aiddir” və yenə söz var, deyirlər ki, "hər qab, öz içindəkini sızdırar”. Bu "qabların” içində – daxilində, qəlbində nə olduğu, çölə "sızdırdıqlarından” da məlum olmaqdadır. Ancaq bir məsələ də var ki, ağızlarını açmasaydılar, guya bunların nə olduqlarını bilmirdik?! Böyük əksəriyyəti yalan-dolanla, adları it dəftərində belə olmadığı halda guya adam yerinə qoyulub təqib edildiklərinə dair uydurmalarla, bəziləri hətta cinsi azlıqların nümayəndələri olduqları üçün Azərbaycanda sıxışdırıldıqlarına dair bəyanatlarla –bəlkə bir qismi doğrudan da cinsi azlıqların nümayəndələridir, bunlardan nə desən çıxar – avropalıların qapısına sığınan bu "insancıqların” öz həqiqi mahiyyətlərini günün birində meydana çıxarmaları labüd deyildimi?! Ağzına beş qəpik atıb, istədiyiniz şəxsə söyüş sifariş edə bildiyiniz bu "söyüş aparatlarına” bu qədər önəm verməyə dəyərmi?! 

Əslində bu "aparatların” özlərindən çox, onların içinə beş qəpikləri atıb sifarişləri verənlər önəmli ola bilərdi. Ancaq bir məsələ də var ki, bu beş qəpikləri "aparatlara” atan əllərin sahibləri "burnunun ucundan” uzağı görə bilməyən, bu qədər bəsit və ucuz "priyomlara” əl atan şəxslərdirsə, deməli onlara da elə bir əhəmiyyət verməyə dəyməz. Onlar guya belə mənfur üsullarla nəyə isə nail olacaqlar?! Bir insan eyni anda həm bu qədər mənəvi eybəcər, həm bu qədər çirkab, həm də bu qədər ağılsız olmağı necə bacarır görəsən?!

Prezidentin köməkçisi, professor  Əli Həsənovun dediyi kimi:
 
"Mən hər bir insanın mahiyyətində və əxlaqında bir xeyir başlanğıcı olduğuna inanıram və inandırmaq istəyirəm ki, bu və ya digər yad təsirlər, şəxsi və ya siyasi uğursuzluqlar üzündən yaranmış hər hansı kin-küdurət hissi azərbaycanlıların öz dövlətinə düşmən kəsilməsi üçün səbəb ola bilməz”. Lakin hörmətli Əli müəllimin bu humanist çağırışı  da mayası şər, böhtan və iftira ilə yoğrulmuş bu şəxsləri öz çirkin əməllərindən çəkindirə bilmədi. Bu çağrış əslində çox vaxtında onlara dövlət adından doğru yola qayıtmaları üçün verilmiş bir  fürsət, güclünün zəifə mərhəmətə, müdrikin yoluna azmışa verdiyi lütfkarlıq idi. Çünkü dövlət və onun qanunları prezidentdən tutmuş sıravi vətəndaşadək istənilən insanın şərəf və ləyaqətinin alçaldılmasını cinayət əməli kimi nəzərdə tutur və şübhəsiz ki, "söyüş aparatları” da bu məsələdə heç bir imtiyazlara malik deyillər.

Yaxşı, bəs indi necə olacaq? Olmayan ağıllarına söyüşdən başqa bir şey gəlməyən dar düşüncəli o xəbis "əllərin” də, daxilində söyüşdən başqa bir şey olmayan o "aparatların” da bütün cidd-cəhdləri əlbəttə ki, puç olacaq. Azərbaycan xalqı seçkilərdə öz azad iradəsini bir daha meydana qoyacaq, prezidentinə inamını bir daha nümayiş etdirəcək. Hər şey qurtarandan sonra bu "aparatlar” artıq lazımsız əşya kimi bir küncə tullanacaqlar. Daha onlara beş qəpiklik atıb sifariş verənlər də olmayacaq. Onda bu "ac aparatlar” başlayacaqlar öz əvvəlki sahiblərinə hürməyə və bir-birlərini didməyə. Bax, əsl mərəkə onda qopacaq! 

Çingiz Bayramov  
"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri
AdRiver
loading...

XƏBƏR LENTİ