\"Şuşaya həyat və gülüş yenidən qayıdır”
10:49 / 08.05.2021
4384
Bu gün Şuşanın işğalından 29 il ötmür. Şuşa artıq tarixi sahiblərindədir. Bu zəfər, bu tarixi hadisə Ali Baş Komandan İlham Əliyevin, müzəffər ordumuzun əzminin, iradəsinin nəticəsidir.
Milli Məclisin deputatı Elman Məmmədov Sfera.az-a açıqlamasında bu günün anlamından söz açıb. Deputat qeyd edib ki, Şuşamızın da, digər bölgələrimizin də - hər bir yaşayış məntəqəmizin işğal gününü unutmuruq, unutmamalıyıq:
"Bu birmənalıdır və bizim tariximizdir. Tarixə diqqətlə yanaşmalıyıq. Bu gün canlarını torpaq uğrunda fəda edən şəhidlərimiz anılır. O ağır günlər yada düşür. Ermənilər 29 ildə hər il bizə göz dağı çəkərək, acıq verərək bu günü Şuşada bayram edir, parad keçirirdilər. İndi isə biz bu günü azad Şuşada qeyd edirik.
Bir neçə gündən sonra da Şuşada çox möhtəşəm "Xarı Bülbül” festivalı keçiriləcək. 8 mayı təbii ki, bütün tariximiz boyu Şuşanın işğal günü kimi həmişə anacayıq, ancaq bu gün biz artıq azad Şuşa haqqında danışırıq. Bir qürur hissi ilə, məğlub olmuş durumda yox, qalib millət, qalib dövlət kimi bu günü anırıq, qeyd edirik. Hər birimiz Şuşaya qayıdışımızı səbrsizliklə gözləyirik. Yaxın vaxtlarda işğaldan azad olunmuş bütün şəhərlərimizə, kəndlərimizə də qayıdacağıq. Yəni artıq böyük qayıdışın təməli qoyulub, bərpa və yenidənqurma işləri çox sürətlə gedir”.
Millət vəkili Vüqar Bayramov isə xatırladıb ki, Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncama əsasən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib:
"Mədəniyyət paytaxtımız Azərbaycan üçün eyni zamanda geosiyasi və geoiqtisadi baxımdan vacib şəhərdir. Qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub. Həm şəhər, həm də eyni adlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqənib. Ötən əsrin əvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə də xüsusi iqtisadi potensiala malik olduğunu göstərir. 20.9 min hektar yararlı torpağı olan Şuşada kənd təsərrüfatı, əsasən də heyvandarlıq inkişaf edib.
1992-ci ildə, Şuşa işğal olunmamışdan öncə şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı "Radioqurma" istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada eyni zamanda inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi”.
V.Bayramov qeyd edib ki, turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutur:
"Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxınmdan xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi. Bu zona Laçın yolunun üstündə və Daşaltı çayının yaxınlığında yerləşir. Turşsu müalicəvi vannaları ilə də məşhur idi.
Füsünkar gözəlliyi ilə seçilən Cıdır düzündə 1992-ci ilədək hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilirdi. Növbəti festival isə cəmi 4 gün sonra yenidən keçiriləcək. Şuşaya həyat və gülüş yenidən qayıdır”.
Günay Rəsulqızı
Sfera.az