Şuşalı oğlan bütün SSRİ-nin necə sevimlisinə çevrildi?

Şuşalı oğlan bütün SSRİ-nin necə sevimlisinə çevrildi?
Azərbaycanın qəhrəmanlar diyarı olduğu hər kəsə bəllidir. Tariximizi vərəqlədikcə neçə-neçə ərən oğullarımızın keçdiyi şərəfli döyüş yolunun şahidi oluruq. Arxivlərin toz basmış otaqlarında hələdə tanımadığımız ərən babalarımızın döyüş yolu haqda sənədlər yatır. Bu tarixi sənədləri araşdırmaq ərən babalarımızın keçdiyi şərəfli döyüş yolunu gənclərimizə catdırmaq missiyası isə bizlərin üzərinə düşüb. 
   
İstər I Cahan savaşında, istərsə II Cahan savaşında döyüşən Azərbaycanlılara qarşı ayrıçeckilik  var idi. Azərbaycan oğulları bu savaşlarda öz qəhrəmanlıqları ilə tarix yazdılar. II Cahan savaşında döyüşən igid azərbaycan oğlu general-mayor Yaqub Quliyevdə adı ilə şanlı bir tarix yazdı.
               
Yaqub Quliyev 1900-cu il yanvarın 25-də Qarabağın tacı olan Şuşa şəhərində dünyaya gəlib. Yaqub Quliyevin anadan olduğu illərdə erməni daşnak dəstələri yenidən Azərbaycana qarşı ərazi iddialarına qalxmışdılar. Ermənilər hücum edərək əlisilahsız azərbaycanlılara amansız işgəncə verir,onları qətlə yetirdilər. Aclıq, səfalət və təhlükə tüğyan edirdi. İnsanların üz-gözündən bədbəxtlik, fəlakət yağırdı. Güzəran Şuşada ağır idi. Hamı ölümdən, aclıqdan qaçıb qurtarmaq istəyirdi.
                           
Həmin dövrü bir çox ziyalılarımız öz xatirələrində əbədilləşdirib.  Yazıçı Yusif Vəzir Çəmənzəminli xatirələrində yazırdı : "Çar höküməti Şuşadakı erməni kilsəsinə məxsus əmlaka həbs qoymuşdu. Bizim vəqf əmlakı da müsadirə edilmişdi. Bizimlə hesablaşan kim idi ki?.. Rus-yapon müharibəsi və inqilab iğtişaşlarından istifadə edərək daşnaq firqəsi terrora başladı: günün günorta çağı hökumət məmurlarını küçələrdə öldürməyə başladılar. Şuşada da az adam qırmadılar.
 
Ermənilər bərk hazırlaşır, bol tüfəng, tapanca, patron alırdılar. Daşnak fədailərinin əlindən şəhərdə yer yoxdur. Şuşanın iqtisadi vəziyyəti ağır olduğu üçün sənət və işi olmayanlar çəkilib kəndlərə və başqa şəhərlərə gedirdilər. Əhalinin ziyalısını Bakı və bir qismini də Aşqabad cəlb edirdi.”
   
Bütün bu cətinliklərdən qurtulmaq ücün Allayar kişi  öz ailəsini və balaca Yaqubu götürərək Türkmənistanın Mərv şəhərinə gəldi. Onda oğlu Yaqub altıaylıq körpə idi. Az müddət burada yaşadılar. Onlardan əvvəl Türkmənistanın şəhər və kəndlərinə xeyli Qarabağlı ailəsi köçüb gəlmişdi. Şəhərdə dolanmaq çətin olduğu üçün Allahqulu kişi həmyerlilərinin məsləhəti ilə köçüb Yolötən qəsəbəsində yaşamağa başladı.
 
Bütün cətinliklərə rəğmən  Quliyevlər ailəsi burada məskunlaşa bildilər. Yaqubun atası Allahqulu  ailəni saxlamaq üçün torpaq aldı, tərəvəz əkib-becərməklə gün-güzəranını xeyli yaxşılaşdırdı. 1916-ci ildə atasının ölümündən sonra Yaqub işləməyə başladı. Balaca Yaqub artıq sərhədçi uşaqları ilə dostluq edirdi. Tez-tez hərbi hissəyə gedir, rus sərhədçilərinə həsrət baxan Yaqub Quliyev onların təkidi ilə hərbi xidmətə yazılır.Elə həmin gündən hərbiçi olmağı qarşısına məqsəd qoyan Yaqub Quliyev qarşısına qoyduğu məqsədə addım-addım yaxınlaşırdı. 
     
1918-ci ilin yazında Mərv şəhərində orduya yeni gələnlər üçün iki aylıq hərbi kurs açılır. Hərbi işə güclü marağı olan Yaqub Quliyev əlaçı əsgər olduğuna görə həmin kursa göndərilir. O, burada hərbi təlimlər keçir, müxtəlif silahları həvəslə öyrənir.
Yenidən rotaya qayıdan Yaqub ağqvardiyaçılara qarşı döyüşlərdə iştirak edir. Həmin illərdə onunla birgə xidmət edən general Sergey Skoroboqatov sonralar Yaqub haqqında yazırdı: "Ordu sıralarında düşmənlərə qarşı cəsarətlə döyüşən Yaqub son dərəcə cəsur və qorxmaz idi. Yaqub döyüşlərin birində əsir düşür. O, əsirlikdən qaçaraq Yolötənə, ordan da piyada Bayram-Əliyə gəldi və yenidən ordu sıralarında vzvod komandiri kimi düşmənlərlə mübarizəyə başladı. Yaqub əsirlikdən bir qrup yoldaşlarını da xilas eləmiyi bacarmışdı".
 
1924-cü ildə Yaqub Quliyev Daşkənddəki Orta Asiya milli hərbi məktəbinə təhsil almağa göndərilir. Məktəbi əla qiymətlərlə bitirən Yaqub Quliyev orada müəllim saxlanılır və eskadron komandiri vəzifəsinə təyin olunur. Beş ildən sonra - 1929-cu ildə gənc zabit Yaqub Quliyevə daha mühüm vəzifə tapşırılır. O, ikinci Türkmənistan süvari alayının nəzdindəki hərbi məktəbin rəisi təyin olunur.
 
General Yaqub Quliyevin haqqında yazılmış çoxsaylı xatirələrlə, tanış olanda onun igidliyinə və peşəkar hərbiçiliyinə heyran qalmamaq mümkün deyil. Cəmi qırx iki il ömür sürmüş istedadlı sərkərdə əsgər və zabit heyəti arasında böyük nüfuza malik olub.
Otuzuncu illərdə Yaqub Quliyevin komandalıq etdiyi eskadron Qızıl-Arvatda, Qaraqum səhrasının ənginliklərində, Ağ-Zila çöllərində, Qırx quyu ərazisində basmaçılara və ağqvardiyaçılara qarşı müvəffəqiyyətli əməliyyatlar aparıb.
   
1932-ci ildə Yaqub ikinci Tükmənistan süvari alayının qərargah rəisi təyin olunub. Bir il sonra o, M.Frunze adına Hərbi Akademiyaya oxumağa göndərilib. Orta Asiya komandirləri arasında ilk ali hərbi təhsil alan həmyerlimiz Yaqub Quliyev olur.
 
Onun keçmiş kursant dostu, general-mayor Mixail Qryaznovun xatirəsində yazırdı:
"Otuz il əvvəl Hərbi Akademiyada Yaqub Quliyevlə birgə təhsil almışam. O, qrupumuzun komandiri idi. Yaqub yaxşı oxuyurdu. Bacarıqlı komandir idi. Ona görə də təlim qrupumuzun rəisi general Pavel Alekseyeviç Kuroçkin Yaqub Quliyevi həmişə bizə nümunə göstərirdi. Həssas, təvazökar gənc komandirə hamı hörmət edərdi. İlk baxışdan sakit görünən qaraşın zabit təlim qrupları arasında keçirilən yarışlarda od-alova dönərdi. Onun başçılıq etdiyi eskadron həmişə birinci yeri tuturdu. Yaqub geridə qalan kursantlara elə kömək göstərirdi ki, o özünü təhqir olunmuş hesab etməsin. Elə dostluğumuzun təməli də akademiyada oxuyanda qoyuldu, çətinliyə düşəndə Yaqub həmişə köməyimə çatardı. 1936-cı ilin payızında təhsilimizi başa vurduq. Moskvada keçirilən paradda iştirak elədik. Yadımdadı, 1936-cı ilin noyabr ayında ayrıldıq. Yaqub özünün Qafqaz qılıncını mənə hədiyyə verdi: "Al, - dedi, - yadıgar qalsın ki, xatırlayasan. Amma unutma ki, dədə-baba Vətənimin əl işidir. Qafqazdandır. O qılıncı indi də evimdə saxlayıram. Ordu sıralarında xidmətdə olanda dostum az olmayıb. Yaqub Quliyevin onların arasında xüsusi yeri var. Belə dostun itkisi çox ağır olur. Heyf, çox heyf ki, nə qələbəni gördü, nə də qocaldı. Qırx iki yaşında istedadının çağlayan vaxtı həlak oldu..."                                   
 
 Maraqlıdır ki,bütün sənədlərdə bu cəsur general türkmən kimi təqdim edilir. Lakin qısa bir araşdırma kifayətdir ki,  general-mayor Yaqub Quliyevin əsl kimliyi bəlli olsun. Yaqub Quliyev hər zaman əsrarəngiz Qarabağdan,Şuşadan yana-yana danışıb. Generalın sadiq dostu olan general-mayor Mixail Qryaznov özünün xatirə kitabında general-mayor Yaqub Quliyevə xüsusi diqqət ayırır. Mixail Qryaznov Yaqub Quliyev haqqında yazaraq qeyd edir:”Yaqub tez-tez deyərdi:”Mən Qafqazlıyam təmiz azərbaycanlıyam. Biz gözəl bir diyarın övladlarıyıq. Azərbaycanlılar döyüşkən olur.” Yaqub Əliyev hətta zarafatla deyərdi ki,o həm türkmən dilini,həmdə doğma dili olan Azərbaycan dilini bilir.Buna görə bəzən bizə cavabı ya türkmən dilində,ya da azərbaycan verərdi. ”
       
Müharibədən iyirmi beş il keçəndən sonra türkmən tarixçisi Roza Bazarova general haqqında yazdığı monoqrafiyasında ilk dəfə etiraf edir ki, general Yaqub Quliyev azərbaycanlıdır. Tarixçi Roza Bazarova 1970-ci il yanvarın 25-də "Ədəbiyyat və sunqat" qəzetində monoqrafiyadan bir parçanı dərc edir. Tarixçi Roza Bazarova yazır: "General-mayor Yaqub Quliyev Azərbaycan torpağında - Şuşa şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Onun həyat yolu sıravi döyüşçüdən generaladək yüksəlmiş həqiqi insanın həyat yoludur".
 
1941-ci ilin may ayında polkovnik Yaqub Quliyev Orta Asiyadakı şöhrətli iyirmi birinci süvari diviziyasının komandiri təyin olundu. İyulun 14-də Baş Qərargahdan əmr gəldi: diviziya eşalonlara dolub, cəbhəyə yola düşdü. Yaqub Quliyevin diviziyası qanlı döyüşlərə başladı.
Yaqub Quliyevin döyüşçü dostu, polkovnik-leytinant Aleksandr Kibalnikovun xatirəsində yazır:
"Meşədə gizlənməyimizə baxmayaraq, düşmənin qırıcı təyyərələri tez-tez diviziyamızı atəşə tuturdu. Ağır dəqiqələr idi. Düşmən qırıcısı növbəti dəfə hücum edəndə Yaqub özü yaxınlıqdakı əl pulemyotunun arxasına keçib faşist təyyərəsinə atəş açdı. Arxadan gələnlər atəşi görüb dərhal geri döndülər. Komandir Yaqub Quliyevin bu şücaəti bizim süvariləri cəsarətə gətirdi. Bir az aralanan düşmən təyyərəsi tüstülənə-tüstülənə meşəyə düşüb partladı. Bu, vurduğumuz ilk düşmən təyyarəsi idi. ".             
   
 Yaqub Quliyevin igidliyinin və şücaətinin şahidi olan Sovet İttifaqı marşalı Sergey Biryuzov sonralar "Toplar atəş açmağa başlayanda" hərbi memuarlarında general Yaqub Quliyevin döyüş fəaliyyətindən və insani keyfiyyətlərindən geniş söhbət açıb. Marşal yazır: "O zaman 21-ci Dağ-süvari diviziyası Orta Asiya Hərbi Dairəsindən cəbhəyə yenicə gəlmişdi. Diviziyaya qarabəniz, qaragöz, çox cəld və cəsur polkovnik Yaqub Quliyev komandanlıq edirdi. Quliyevin qarşısına tapşırıq qoyulan kimi o dərhal dedi:- Bircə bu bataqlıqdan açıqlığa çıxsaydıq... Orada heç nədən qorxumuz olmazdı.Mən cəsur döyüşçüləri və onların komandiri polkovnik Yaqub Quliyevi indiyədək minnətdarlıqla xatırlayıram".”
 
  1942-ci il yanvarın axır günlərində polkovnik Yaqub Quliyevi Moskvaya çağırılır, və o 4-cü süvari korpusunun müavini təyin edilir.Həmin il fevralın 11-də ona SSRİ Xalq Komissarları Sovetinin əmri ilə general-mayor rütbəsi verildi.Onu da xatırladaq ki, Böyük Vətən müharibəsi illərində ilk dəfə general-mayor rütbəsi ilə təltif olunan azərbaycanlı hərbçi Yaqub Quliyev olmuşdur.
 
Stalinqrad cəbhəsində qəti qələbəyə az qalmış - 1942-ci il dekabrın 22-də ağır döyüşdə general-mayor Yaqub Quliyev qəhrəmancasına həlak oldu. Türkmən xalqı bu günə qədər onu öz oğlu kimi sevir əzizləyir. Gözəl bir deyim var oğul our onu hamı sevsin. Bax bu sevgini hamı tərəfindən qazanan general-mayor Yaqub Quliyevi iftixarla yad  edilməlidir.
 
Qoşqar Salmanlı


OXŞAR XƏBƏRLƏR