Gündəm

Sumqayıt hadisələri KQB-nin sifarişi idi - Prokurorluq

Sumqayıt hadisələri KQB-nin sifarişi idi - Prokurorluq
Erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıt şəhərində törədilmiş cinayətlər Ermənistanın uzun illər Azərbaycan Respublikasına, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə, ərazi iddiaları, terror və soyqırım siyasətinin tərkib hissəsidir.

Sfera.az Report-a istinadən bildirir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə deyib.

Sultanovun sözlərinə görə, ötən illər ərzində erməni separatçıları öz işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edir, öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədi ilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması və tarix boyu tətbiq etdiyi digər çirkin üsullara tərəddüd etmədən əl atır:

"Sumqayıt şəhərində törədilmiş iğtişaşlarla əlaqədar 28 fevral 1988-ci il tarixdə Sumqayıt şəhər prokurorluğu tərəfindən cinayət işi başlansa da, 1 mart 1988-ci il tarixdə həmin cinayət işi SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupu tərəfindən icraata qəbul edilərək istintaqı aparılıb. İstintaq-əməliyyat qrupu SSRİ-nin ermənipərəst rəhbərliyinin göstərişi ilə hadisələrin xuliqanlıq edən elementlər tərəfindən törədilməsi fərziyyəsi üzərində dayanıb və bu istiqamətdə istintaq aparıb. Hadisələrdən dərhal sonra Ermənistanda, sovet mətbuatında və beynəlxalq səviyyədə Azərbaycana qarşı informasiya kampaniyasına start verilib”.

E.Sultanov bildirib ki, Sumqayıt şəhərində təşkil olunmuş kütləvi iğtişaşlarla bağlı 1988-1990-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə obyektiv hüquqi qiymət verilməyib, onların əsl sifarişçiləri və təşkilatçıları müəyyən edilib məsuliyyətə cəlb olunmayıblar:

"Hadisələrə obyektiv hüquqi qiymət verilməsi, bu cinayətin əsl mahiyyətini açmaq, Azərbaycanın qəti siyasi iradəsinin ifadəsi olaraq Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq iğtişaşlarla əlaqədar istintaqı dayandırılan 5 cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə təzələnərək bir icraatda birləşdirilib və istintaqın davam etdirilməsi Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və həmin dövrdə fəaliyyət göstərmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupuna həvalə edilib.

İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına, habelə Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər xarici ölkələrə müvafiq sorğular göndərilib, Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq-əməliyyat qrupuna daxil olan şəxslərin ifadələri alınıb, arxiv sənədləri açılıb, mətbuatda verilmiş məlumatlar təhlil edilib, digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupu tərəfindən istintaq olunmuş cinayət işlərinin öyrənilməsi göstərib ki, bu hadisələrlə bağlı işin istintaqı tam, hərtərəfli və obyektiv aparılmayıb, hadisələrin əsl mahiyyəti açılmayıb. Cinayətin bütün iştirakçıları müəyyən edilməyib, bu hadisələrin təşkilatçıları isə ümumiyyətlə məsuliyyətdən kənarda qalıb, onların müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmayıb".

Baş prokurorluğun mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, hadisələrlə əlaqədar SSRİ Baş Prokurorluğunun ölkənin müxtəlif respublikalarından 231 müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən böyük həcmdə material toplanıb, bir çox şəxslər məsuliyyətə cəlb edilib:

"Lakin hadisələrlə bağlı iştintaqın bilavasitə əvvəlindən hadisələrdə zərərçəkənlərin guya ermənilər, təqsirkar şəxslərin isə azərbaycanlılar olması barədə irəli sürülmüş fərziyyələr istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olub. Hazırki istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunan ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanan ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib. Dediklərimin əyani sübutu kimi bir məsələni diqqətinizə çatdırım ki, 31 mart 2016-cı il tarixdə Moskva şəhərində jurnalist Səadət Qədirovanın "Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ Prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və qeyriləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər”.
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31