“Soruşanda ki, harda işləyirsən, deyirdim, qapıçıyam” – Xalq artisti AzTv-dəki yeniliklərdən danışır

“Soruşanda ki, harda işləyirsən, deyirdim, qapıçıyam” – Xalq artisti AzTv-dəki yeniliklərdən danışır
İlk tamaşalarını sadalayıram - "Mən, sən, o və telefon”, "Ötən ilin son gecəsi”... Özü əlavə edir ki, ondan əvvəl də tamaşalarım olub, amma onlar indi qalmayıb. Sonra davam edir: "Topal Teymur”, "Günahsız Abdulla”, "Ordan burdan”, "Ac həriflər”, "Nigarançılıq”, "Yaşıl eynəkli adam”,  "Dəvətnamə” "Müraviyyə vəkilləri”...
 
Yəqin bildiniz söhbət kimdən gedir. Rejissor, xalq artisti Ramiz Həsənoğludan. Bu televiziya tamaşaları onun vizit kartıdır. Özü də etiraf edir ki, teatrı və kinonu çox sevsə də, oradakı fəaliyyəti televiziyada işinin səngiməsindən, yaranan boşluqdan olub. 
 
Milli Dram Teatrının səhnəsində "Brüsseldən məktublar” və "Generalın son əmri”, Yuğ teatrında "Sonuncu” adlı tamaşalara quruluş verib.  Kinoda "Cavid ömrü”, "Ailə” kimi filmlərin altından rejissor imzasını atıb. Sadaladığım teletamaşalar isə 90-cı illərdə Azərbaycan televiziyasında "Sabah” yaradıcılıq studiyasının məhsuludur. O vaxtlar ona rəhbərliyi Ramiz Həsənoğlu edirdi, həm də bu tamaşaların rejissorudur. Bu gün isə həmin televiziyada "Azərbaycantelefilm”ə yeni təyinat alıb.
 
- İşləriniz necədir "Azərbaycantelefilm”də, hardan başlamısınız işə?
 
- Yeni işlərə başlamaq ərəfəsindəyik. Yeni düşüncə tərzi olan, yeniliyə açıq, onu qavrayan adamlar lazımdır. Görülən işlərə arxalanmaq olar. Arxalanırsan ki, müəyyən bir sədd var, mən onu keçmişəm və ondan aşağı enmək olmaz, amma yuxarı getmək üçün şərtlər var. Bir bina tikilməyə bünövrədən başlayır. Özül qazılır, bünövrə qoyulur, materiallar keyfiyyətli olmalıdır, mərtəbələr qalxmalıdır, içəridən və bayırdan işlər görülüb bitməlidir ki, yaşamaq üçün hazır olsun. Film də tez, asan başa gəlmir, böyük bir kollektivin əməyinin məhsuludur. Heç yadımdan çıxmaz, Xudiyev təzə gəlmişdi, yığdı hamımızı tanışlıq üçün. Mən özümü təqdim edəndə - hə, tanıyıram dedi və soruşdu ki, indi nə ilə məşğulsan? Dedim, planda olan proyektləri həyata keçiririk. Ondan sonra neynəyəcəksən? - soruşdu. Dedim, ondan sonra zaman lazımdır ki, yeni ideyalar gəlsin, müzakirə edək, plan tutaq. Qayıtdı ki, ə, mən neynirəm ondan sonra, mənə indi lazımdır. Yəni belə yanaşma da var. Hər bir komanda gələndə istəyir ki, tez bir zamanda onun işi görünsün.  İllərlə bu bədii quruluş sahəsində Azərbaycan televiziyasında iş görülməmişdi. Son 12 ildə cəmi iki tamaşaya qol çəkmişəm. 2006-cı ildə "Bəylik dərsi”, bir də "Müraviyyə vəkilləri”. Yaxşı ki, teatr var, kino var, gedib orda qurdumu öldürürdüm. Məndən kimsə soruşanda ki, harda işləyirsən, nə işləyirsən? Deyirdim, qapıçıyam. Qapını açıram, otağın havasını dəyişib, bir də bağlayıram. İndi yenidən komanda toplayırıq, iş getmək üzrədir. Təzə rəhbərlik serial istəyir. Bizim çəkəcəyimiz serial fərqli olmalıdır, formatımız başqadır. Özəl kanalların işini kölgəyə salmaq fikrim yoxdur, onlar reytinqə işləyirlər və bu təbiidir. 1996-cı ildə biz "Fatehlərin divanı”nı çəkdik, dörd seriya oldu, amma 50 seriya olmalı idi. Bütün türk, Azərbaycan dövlətçilik tarixini biz orda  bədii süzgəcdən keçirmək fikrində idik. Müəlliflər, aktyorlar hamısı müəyyən olunmuşdu. Xudiyevin komandası gəldi işi dayandırdı. Babək Hüseynovun dövründə "Sabah” hər ay premyera edirdi, 40-dan artıq tamaşa vermişdik. Şərif Qurbanəliyev də rejissor işi görürdü, dəvətli rejissorla işləyirdik, orda debüt edənlər vardı. Məsələn, İlhamiyyə Rzayevanın debütü "Sabah” da olub. Kamran Şahmərdanov orda debüt elədi, Elxan Cəfərov həmçinin. O zaman bizə inandılar və xeyli işlər gördük, yaxşı kadrlar yetişdi.
 
- Əsas məsələ də odur, indi kadr yetişmir.
 
- Onu bərpa etməyə çalışırıq, cəmi iki aydır bu imkan verilib. Biz də təkliflərimizi vermişik. Bədii quruluşlar, seriallar olacaq.
 
- Dedikləriniz hamısı "Sabah” yaradıcılıq studiyasının işləridir, amma indi "Azərbaycantelefilm”ə rəhbər təyin olunmusunuz, təbii ki, fərqlidir.
 
- Əlbəttə, fərqlidir. "Azərbaycantelefilm” yaradıcılıq birliyi 60 illiyini qeyd edir.  1959-cu ildə "Albin” filminin istehsalata buraxılmasına qol çəkilib. Bu 60 ildə böyük işlər görülüb. 1993-cü ilə qədər əsas materiallar kinolentə çəkilirdi, sonra rəqəmsala keçdi.
 
- Hansı daha effektlidir?
 
- Elm və texnika inkişaf etdikcə bundan irəli gedəcək. Kinonun imkanları da çox genişlənəcək. 60 ildə müxtəlif sənətkarlar onun tarixini yaradıblar. Təklif olunanda əvvəl mənə qəribə gəldi ki, axı, mənim profilim deyil. Düşünüb qərar gəldim ki, prioritetlər dəyişir. Telefilmin maddi imkanları genişdir, dövlət büdcəsindən maliyyələşir və bu baxımdan iş görmək mümkündür.  Bir adam qanunvericiliyə görə, iki vəzifəni icra edə bilməz, ona görə də "Sabah” yaradıcılıq birliyinə də mənim yetirməm Şərif Qurbanəliyev gəldi. Deməli, "Sabah”la da iş görəcəyik, telefilmə də. Orda da görülən işlərin üstündən xətt çəkmirik, davam edirik. Yeni insanlar dəvət edirik, özləri ilə yeni nəfəs gətirsinlər.
 
- Telefilmdə indi konkret hansı işlər görülür?
  
- Telefilmin profili, ümumiyyətlə, ölkədə baş verən hadisələrə sənət tərəfdən yanaşma və reaksiyadır. Sənət adamlarının portretləri. Həmin istiqamətlər davam edəcək, ola bilsin ki, sadəcə yanaşma fərqli olacaq. On illiklərlə davam edən trafaretlərdən bir az imtina etmək lazımdır. Qəhrəmanı bir qədər fərqli rakursdan görəcəyik. Məsələn, tabular vardı ki, sənətkarın şəxsi həyatına toxunmaq olmaz, amma bəzən sənətkarın şəxsi həyatı onun bütün yaradıcılığına təsir edir.
 
- Can Dündarın "Nazim Hikmət belgeseli” adlı sənədli filmi var, orda şairin bütün həyatı sənədli kadrlarla verilib. Hətta üç xanımının hamısı ilə keçirdiyi anlar. Hamısını özü vaxtında lentə aldırıbmış.
 
- Onun taleyi də çox maraqlı olub, o həyatı məcbur yaşayıb.
 
- Siz deyəni həmin sənədli film verir. Ona görə nümunə gətirdim.
 
- Nazim Hikməti çox sevirəm. Bolqarıstanda Nazim Hikmətin türk dilində külliyyatı çap olunmuşdu. Bizim evdə vardı, onu oxuya-oxuya böyümüşəm.
 
- O zaman keçək şəxsi həyata. 73 yaşın dönəmində gəldiyiniz yola bir nəzər salaq. Bir az da şəxsi həyatınızdan danışaq, elə bilin yeni sənədli film çəkirik.
 
- Xanımım dünyasını dəyişib, üç qızım ailə qurublar, xarici ölkələrdə yaşayırlar, nəvələrim var. Heç biri bizim sənətdə deyil.
 
- Təzə öyrənmişəm ki, siz İrəvanda doğulmusunuz.
 
- Mənim valideynlərim sənət adamları idilər. Anam Ətayə Əliyeva, atam Həsənağa Mirzəyev. Atam köklü bakılıdır. Anam Aşqabadda doğulmuşdu, amma onun valideynləri cənublu idilər, Təbriz və Marağadan. Burda hər ikisi – atamla anam Teatr texnikumunda oxuyarkən tanış olublar. Onları Gülxar Həsənova tanış edib. İrəvanda teatrda çalışıblar hər ikisi. 48-ci ildə ordan deportasiya olunanda aktyorları müxtəlif teatrlara yerləşdiriblər. Mənim valideynlərim Gəncə teatrında işə başlayıblar. Atam sonra sənətdən uzaqlaşıb, amma anam yox. Mənə də anamla birlikdə işləmək qismət olub, ustadım idi, indi düşünürəm ki, gərək onu tamaşalarımda çəkəydim.  Üç uşaq olmuşuq, bacım alman dili müəlliməsi idi, yaxınlarda rəhmətə gedib. Qardaşımla mən bu sənətdəyik. Məxsusi rejissor olacam deyə bir fikrim yox idi. Dəqiqi elmləri sevmədiyim üçün anam məsləhət gördü ki, Teatr institutuna gedim. Hazırlaşdım, imtahan verdim, bir az da yəqin tanıyıb hörmət elədilər, qəbul olundum mədəni maarif fakültəsinin axşam şöbəsinə. Oxuya-oxuya adi fəhlə işləyirdim. Dedilər, gərək öz ixtisasında işləyəsən. Anam məni gətirdi telestudiyaya, üzümdəki xallara görə diktor olmağa yaramadım, işıqçı olmaq istədim yer olmadı.  Arif Mədətov adlı rejissor məni köməkçi kimi işə götürdü. Sonradan onu "Ac həriflər”də çəkmişəm. Bəyəndim bu işi, gördüm yerimdəyəm. Həyat mənə belə bir şans verdi, bu gün də o şansla yaşayıram.
 
- Demək, sənədli filmlərdə yeni dövr başlayır?
 
- Hər işin arxasında dayanan şəxsin dünyaya öz baxışı var. Mən hamısının bir qəlibdən çıxmasının əleyhinəyəm, qoyun, hərə öz dünyagörüşünə görə fərqli iş qoysun ortaya, bax, uğur da o zaman olacaq. Mən istəyərdim ki, "Fatehlərin divanı”nı davam etdirək. Serial çəkək, amma köpük yox.
 
- Həm də klassik əsərlərin serial həlli.
 
- Bəli, klassik, tarixi mövzuda əsərləri çəkmək fikrindəyik. İstəyirəm "Qılınc və qələmi” gətirək ekrana, hətta o istiqamətlərdə işlər görürük. Görək nə dərəcədə buna imkanlarımız çatacaq. Türklərin "Möhtəşəm yüz il” kimi təcrübəsi var. Döyüş meydanlarını əhatə edən səhnələr olmadan, saray içində dramaturgiya, aktyor oyunu, rejissor yanaşması ilə o marağı oyada biliblər. Bir az təvazökarlıqdan uzaq da olsa, deyəcəm. 96-cı ildə biz "Fatehlərin divanı”nı çəkəndə türklərdə o təcrübə  heç yox idi. TQRT ilə müştərək görürdük o işi, yəni kostyumları-filanı onlardan götürürdük. Orda prodüsserim Ömər Çalışkan idi. Film hazır olandan sonra onu apardıq Türkiyəyə. Orda onların formatına uyğun altı seriya etdik və üstünə subtitrlər qoyduq. Gəlib baxıb deyirdilər ki, siz çox irəli getmisiniz, biz bunu bacarmırıq. Biz də o işi yarı yolda qoyduq. Onlar başladılar və "Möhtəşəm yüz il” qoydular ortaya, keçdilər bizi. O vaxt bizə "Hocam, bunu nasıl yapdınız? – demişdilər. "Topal Teymur”u, o biri işlərimizi demirəm hələ. Sənətə sənətdən uzaq adamlar rəhbərlik edəndə problemlər yaranır. Bizdə təəssüf ki, belə olur.
 
- İndi "Qılınc və qələm”də natura olacaq, yoxsa dekorasiya?
 
- Hökmən dekorasiya. Janr bunu tələb edir. Onu dünya televiziyasına BBC-nin tarixi dramları gətirib. Gənc nəslin tarixi bilməsi üçün önəmlidir bu janr. Burda televiziyanın rolu əvəzolunmazdır. Yaxşı təqdim etsək, uğurlu olar.
 
P.S. Aprelin 13-ü xalq artistinin doğum günüdür. Təbrik edirik! 
lent.az

OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...