Son üç meymun ilində Azərbaycanda və dünyada baş verən ən mühüm hadisələr – TARİX

Son üç meymun ilində Azərbaycanda və dünyada baş verən ən mühüm hadisələr –  TARİX

Üzümüzə gələn 2016-cı il meymun ilidir.

İlk olaraq onu qeyd etmək lazımdır ki, meymun illəri özündən əvvəl gələn keçi ilinin davamı olaraq ağır keçib. Keçi ilində yaranıb, inkişaf edən proseslər meymun ilində özünün kəskin davamını tapıb.

Hər halda son 3 meymun ili belə olub.

Sonuncu meymun illəri 1980, 1992, 2004-cü illərə təsadüf edib ki, bunlardan da yalnız 1980-ci il nisbətən sakit olub.

1992, 2004-cü illər dünya üçün, o cümlədən Azərbaycan üçün faciəvi hadisələrlə yadda qalıb.

Sfera.az gün.az-a istinadən son 3 meymun ilində dünyada və Azərbaycanda baş verən hadisələrin ən vaciblərini xatırladır:

1980

Yanvarın 1-də Türkiyə ordusunun rəhbərliyi hökumətə partiyalarası qarşıdurmanın dayandırılması və ölkədə situasiyanın normallaşdırılması barədə memorandum göndərir ki, bu da planlaşdırılan hərbi çevrilişin başlanğıcı idi. Sentyabrın 12-də çevriliş baş tutur və hakimiyyətə general Kənan Evren başda olmaqla Milli Təhlükəsizlik Şurası gəlir.

Yanvarın 4-də ABŞ Prezidenti Cimmi Karter Əfqanıstana qoşun yeritdiyinə görə SSRİ ilə əlaqələrin kəsilməsi və Moskva olimpiadasının boykotu haqqında qərarı elan edir.

Martın 29-da Türkiyə 1975-ci ildən fəaliyyəti dayandırılan ABŞ hərbi bazalarının işinin bərpa edilməsi barədə müqavilə imzalayır. 

Aprelin 8-də ABŞ prezidenti Cimmi Karter amerikan diplomatlarını girovluqdan buraxmamasına görə İranla əlaqələrin kəsilməsini bəyan edir.

İyulun 19-da Moskvada XXII Yay Olimpiya Oyunlarının açılışı baş tutur.

İyulun 30-da İsrail Qüdsü “İsrailin əbədi və bölünməz paytaxtı” elan edir. Sonradan dekabrın 15-də BMT Baş Assambleyası bu qərarın əleyhinə çıxış edir.

Avqustun 14-də Polşada Qdansk gəmiqayırma zavodunda fəhlələrin tətili başlayır və bununla da “Solidarnost” hərəkatının əsası qoyulur. Tətil bütün ölkəyə yayılır.

Noyabrın 10-da Polşa hökuməti “Solidarnost” hərəkatını rəsmi olaraq Həmkarlar İttifaqı kimi tanımağa məcbur olurlar.

Noyabrın 4-də Ronald Reyqan ABŞ prezident seçkilərində qalib gəlir.

Dekabrın 8-də “Bitls” qrupunun üzvü Con Lennon onun fanatı Mark Çepmen tərəfindən öldürülür.

1992
Bu meymun ili də özündən əvvəl gələn 1991-ci ildə (keçi ili) əsası qoyulan hadisələrin faciəvi şəkildə davam etməsi ilə səciyyələnib.

Bu ildə elə təkcə Azərbaycanın başına gələn hadisələr bunu sübut edir.

Belə ki, yanvarın 28-də Şuşa yaxınlığında Ağdamdan blokadaya alınan Şuşaya sərnişinləri aparan Mi-8 vertolyotu ermənilər tərəfindən vurulur. Vertolyotda əsasən qadın və uşaqlar olmaqla 41 sərnişin və 3 ekipaj üzvü  həlak olur.

Fevralın 25-dən 26-a keçən gecə Xocalı soyqırımı baş verir.

Martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov müxalifətin təzyiqi altında istefa verir.

Mayın 8-də Şuşa, 18-də Laçın Ermənistan tərəfindən işğal edilir.

Bu arada mayın 14-də Ayaz Mütəllibov hakimiyyətə qayıtmaq cəhdi edir. Səhəri gün o, müxalifətin silahlı təzyiqi ilə yenidən vəzifəsini tərk edir.

Bununla belə 1992-ci ilin yayı həmçinin də Azərbaycan ordusunun cəbhədə uğurları ilə də yadda qalır. Belə ki, iyunun 12-dən avqustun 26-a qədər olan müddət tarixə Azərbaycan ordusunun yay hücumu kimi düşüb. İşğal olunan ərazilərin bir çoxu azad edilsə də, sonradan hücum dayanır və qazanılan mövqelər əldən verilir.

Sentyabrın 25-də Azərbaycan və Ermənistan atəşkəs haqqında müqavilə imzalayırlar. Lakin bir neçə gündən sonra tərəflər arasında döyüşlər yenidən başlayır.

Qarabağ müharibəsinə aid və yadda qalan epizodlardan biri də məhz bu il baş verir. Belə ki, Rusiyada xidmət keçən azərbaycanlı hərbi pilot Vaqif Qurbanov Sitalçayda hərbi aerodromdan aprelin 8-də Su-25 hərbi təyyarəsini qaçırır. Digər iki azərbaycanlı texnik, leytenant Məmmədov və aviamexanik praporşik Quliyevin köməyi ilə o, qırıcı Su-25-i qaçıraraq Yexlax aerodromuna gətirir. Rusiya müdafiə nazirliyi təyyarəni məhv etmək əmri verir. Buna görə Vazianidəki hərbi bazasında döyüş hazırlığında daimi iki MiQ-23 təyyarəsi olur.

Bir aydan sonra mayın 8-dən V.Qurbanov uçuşlara və erməni mövqelərini bombardman etməyə başlayır. Onun təyyarəsi 1992-ci ilin iyunun 13-də Əsgəran istiqamətində vurulur və V.Qurbanov həlak olur.

Həmin il Azərbaycana aid digər yaddaqalan hadisələrə gəldikdə isə, qeyd edilməlidir ki, məhz 1992-ci ildə ölkəmiz BMT-ə tam hüquqlu üzv kimi qəbul edilib. Bu martın 2-də baş verib.

Bu il həmçinin bir sıra ölkələrlə qarşılıqlı diplomatik münasibətlər qurulub.  Bunların arasında yanvarın 14-də Türkiyə ilə, aprelin 4-də Rusiya və aprelin 7-də İsraillə qurulan diplomatik münasibətləri qeyd etmək lazımdır.

Həmin il, iyunun 7-də Azərbaycanda prezident seçkiləri keçirilir. 59,4% səs toplayan Xalq Cəhbəsinin lideri Əbülfəz Elçibəy prezident seçilir. İyunun 17-də parlamentdə onun andiçmə mərasimi baş tutur.

Avqustun 15-də Azərbaycanda milli valyuta - manat dövriyyəyə daxil olur. 

Oktyabrın 7-də Azərbaycan parlamenti MDB-ə aid olan bütün təsisedici sənədləri ratifikasi etməkdən imtina edir.

Qeyd edək ki, 1992-ci il meymun ilində faciəvi hadisələr təkcə Azərbaycanda baş veriməyib.

Gürcüstan, keçmiş Yuqoslaviyada qanlı hadisələr də məhz bu il baş verib və ya daha da dərinləşib.

Belə ki, yanvarın 6-da Gürcüstanda hakimiyyət Hərbi Şuraya keçir və prezident Zviad Qamsaxurdiya Ermənistana qaçır.

Martın 7-də Eduard Şevardnadze Gürcüstana qayıdır və martın 10-da Dövlət Şurasının sədri seçilir.

Avqustun 14-də Gürcüstanın hərbi qüvvələri dəmir yolunun və anbarların müdafiəsi üçün Abxaziya regionuna daxil olurlar və bununla da gürcü-abxaz müharibəsi başlayır.

Oktyabrın 11-də E.Şevardnadze Gürcüstanın rəhbəri seçilir və parlamentin sədri olur.  

Maraqlıdır ki, E.Şevardnadze meymun ili olan 1992-də hakimiyyətə gəlir və növbəti meymun ilində 2004-də hakimiyyətdən gedir.

Bu il artıq qeyd etdiyimiz kimi qanlı Balkan müharibəsinin ən şiddətli döyüşlərinin getdiyi ildir. Belə ki, aprelin 6-da Bosniyada serb və müsəlmanlar arasında insidentlər silahlı qarşıdurmaya çevrilir və Bosniyada müharibə başlayır. Sarayevo şəhərinin serblər tərəfindən 3 illik mühasirəsi də məhz bu gündən başlayır.

Mayın 30-da BMT Serbiyanın Bosniya və Herseqovinaya qarşı aqresiyasının davam etməsinə görə Yuqoslaviyaya ticarət, hava əlaqəsi və idman embarqosu tətbiq edir.

Nəticədə bu gözlənilmədən qarşıdan gələn futbol üzrə Avropa Çempionatının ümumi nəticəsinə də təsir göstərir. Belə ki, çempionata artıq vəsiqə qazanan Yuqoslaviya yığması yarışdan kənarlaşdırılır. Onun əvəzinə qrupda ikinci yeri tutan Danimarka çempionata vəsiqə qazanır. Bir ay içində məzuniyyətdə olan futbolçuları toplayıb turnirə qatılan Danimarkda gözlənilmədən Avropa Çempionatının qalibi olur. İyunun 26-da danimarkalılar finalda almanlara 2:0 hesabı ilə qalib gəlirlər.

Başqa ölkələrdə də qanlı toqquşmalar baş verir.

Mayın 5-də Tacikistanda klanlararası silahlı münaqişə baş verir. Nəticədə hakimiyyət tərəfdarları və birləşmiş tacik müxalifəti arasında vətəndaş müharibəsi başlayır.  

Aprelin 16-da Əfqanıstan prezidenti Nəcibulla hakimiyyəti devrilir.  Bunun ardınca aprelin 27-də mücahidlər Kabili tuturlar və Əfqanıstan İslam Dövləti elan edilir.

İyunun 29-da Əlcəzairdə prezident Məhəmməd Budiaf öz mühafizəçisi tərəfindən öldürülür.

Elə həmin il Avropada post-sosialist məkanında ən dinc inqilab baş verir. İyulun 17-də slovak deputatlar Çexoslovakiyadan çıxmaq barədə qərar qəbul edirlər.  Noyabrın 25-də Çexoslovakiyanın Federal Məclisi ölkənin Çexiya və Slovakiyaya bölünməsinin lehinə səs verir. Qərar 1993-cü il yanvarın 1-dən qüvvəyə minir.

İyulun 29-da Almaniya Demokratik Respublikasının keçmiş rəhbəri Erik Honeker gizləndiyi Çilinin Moskvadakı səfirliyindən çıxmalı olur və Almaniya məhkəməsinin qarşısına çıxır. Onu Berlin divarından keçib qərbə getmək istəyən almanların bilərəkdən öldürülməsində günahlandırırlar.

Oktyabrın 15-də dünyanı dəhşətə gətirən cinayətkar Andrey Çikatilo 53 nəfərin öldürülməsində günahkar bilinir.

Noyabrın 3-də ABŞ-da Bill Klinton prezident seçkisində böyük Corc Buşa qalib gəlir.

Həmin il müsbət hadisələr də baş verib. Belə ki, aprelin 12-də Paris yaxınlığında "Disneylend" açılır.

Dekabrın 2-də İngiltərədə mobil rabitə sahəsində fəaliyyət göstərən "Sema" şirkətinin əməkdaşları tərəfindən dünyada ilk dəfə olaraq SMS göndərilir. Onun mətni belə olur: “Merry Christmas”.

Kübar həyat da öz axarı ilə davam edir. Dekabrın 9-da Prins Çarlz və şahzadə Diana ayrı yaşadıqlarını rəsmi elan edirlər.

2004

Növbəti meymun ili 2004-cü il olub. Bu il də qanlı hadisələrlə, qarşıdurmalarla tarixə düşüb. Bu meymun ilində dünyada çoxlu sayda terror aktları baş verib.


Fevralın 6-da Moskva metropolitenində terror aktı törədilib. Nəticədə terrorçudan başqa 42 nəfər həlak olub, 250 nəfər yaralanıb.

Martın 11-də Madriddə dəmiryolunda silsilə terror aktları törədilib – 191 nəfər dünyasını dəyişib.

Mayın 9-da Qroznıda Qələbə Günü qeyd edilərkən stadionun tribunasında quraşdırılmış partlayıcı qurğu işə salınıb. 7 nəfər, o cümlədən Çeçenistanın prezidenti Axmad Kadırov həlak olublar, 50 nəfər yaralanıb. 

Avqustun 24-də Rusiyada demək olar ki, eyni vaxtda iki təyyarə partladılıb. Moskva vaxtı ilə 22:56-da Moskvadan Soçiyə uçan Tu-154  təyyarəsi Rostov vilayətində qəzaya uğrayıb, 51 nəfər həlak olub. Eyni vaxtda Moskvadan Volqoqrada uçan digər Tu-134 təyyarəsi isə Tula vilayətində qəzaya uğrayıb və 42 nəfər həlak olub. Sonradan araşdırma zamanı məlum olub ki, hər iki təyyarədə qadın-kamikadzelər özlərini bomba ilə partladıblar. 

Avqustun 31-də Moskvada “Rijskaya” metrostansiyasında qadın-kamikadze özünü partladıb. 10 nəfər həlak olub. 

Sentyabrın 1-də çeçen silahlıları Şimali Osetiyanın Beslan şəhərində orta məktəbin binasını ələ keçiriblər. Bina minalanıb və 1128 nəfər girov götürülüb.  Sentyabrın 3-də Rusiya hüquq-mühafizə orqanları terrorçulara qarşı əməliyyat keçiriblər. Nəticədə 28 terrorçu məhv edilib, bir nəfər saxlanılıb. Hücum zamanı girovlardan 314 nəfər, o cümlədən 186 uşaq həlak olub. Ümumilikdə xilasedicilərlə birlikdə hadisə zamanı 333 nəfər həlak olub, 800 nəfər yaralanıb. 

2004-cü il, həmçinin də post-sovet məkanında rəngli inqilablar ili olub. Belə ki, yanvarın 4-də Gürcüstanda Mixail Saakaşvili prezident seçkilərində qalib gəlib.

Noyabrın 10-da Ukraynada prezident seçkilərinin birinci turunun nəticələrinə əsasən Viktor Yuşenko 39,87, Viktor Yanukoviç isə 39,32 faiz səs toplayıblar.

Noyabrın 21-də ikinci turda V.Yanukoviç 49%, V.Yuşenkoya 46% nəticə elan edilib. Noyabrın 22-də Ukraynada “Narıncı inqilab” başlayıb.

İyulun 1-də İraqda keçmiş prezident Səddam Hüseyn və onun tərəfdarlarının məhkəmə prosesi başlayıb.

Noyabrın 11-də həkimlər rəsmi olaraq Fələstinin lideri Yasir Ərəfatın ölümünü təsdiq ediblər.

Dekabrın 26-da Hind okeanı sahillərində, Cənub-Şərqi Asiyada dəhşətli zəlzələ baş verib. Zəlzələdən yaranan tsunami nəticəsində 230 minə yaxın insan həlak olub.

Bununla belə 2004-cü ildə xoş hadisələr də baş verib.

Belə ki, məhz bu il, fevralın 4-də sonradan bütün dünyanı əhatə edən “Facebook” sosial şəbəkəsi fəaliyyətə başlayıb.

Mayın 1-də Macarıstan, Kipr, Latviya, Litva, Malta, Polşa, Slovakiya, Sloveniya, Çexiya, Estoniya Avropa İttifaqına qəbul ediliblər.

Sentyabrın 21-də Dubayda dünyanın ən hündür binası Bürc Dubayın tikintisinə başlanılıb.

Növbəti meymun ili olan 2016-nın uğurlu olması arzusu ilə ...(GÜN.AZ)


OXŞAR XƏBƏRLƏR

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarıldı - FOTOLAR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...