\"Sipark” şirkəti ittihamlara cavab verdi
15:28 / 29.03.2019
3396
"Sipark” tikinti şirkəti ötən gün mətbuatda yayılan məlumatlarla bağlı açıqlama yayaraq şirkət və onun rəhbəri Seymur İsayevlə bağlı ittihamlara münasibət bildirib.
Sfera.az-ın redaksiyasına daxil olan açıqlamanı təqdim edirik:
"Ötən gün "Baku Art lab" adlı prodakşının əsassız iddiaları səbəb götürülərək şirkət və rəhbərliyinin onları dolandırdığı iddia olunub. Əvvəla "Sipark İnşaat" və rəhbərliyi əsassız şəkildə televiziyaları aldatmaqda təqsirləndirib. Nə şirkətin, nə də şirkət rəhbərliyinin heç bir televiziya ilə aldatmaq və aldadılmaq kimi problemi olmayıb, yoxdur. Əksinə "Sipark İnşaat"ın televiziya layihələrində (serial, veriliş və s) rəsmi şəkildə əməkdaşlıqları kifayət qədər olub.
"Baku Art Lab" adlı prodakşının qaldırdığı əsassız ittihamlara gəlincə, adıçəkilən şirkət "Sevgi naminə” adlı serialın çəkilişləri üçün əməkdaşlıqla bağlı "Sipark"a müraciət edib. "Baku Art Lab" nümayəndəsinə "Sipark" nümayəndəsi tərəfindən bildirilib ki, əməkdaşlıq yalnız reytinq üzərində qurula bilər. Belə ki, serial efirlərdə reytinq qazanarsa, rəsmi əməkdaşlıq müqaviləsi bağlaya bilərik. Bununla belə serialın çəkilişləri üçün şirkət məkan və avtomobil dəstəyini "Baku Art Lab"dan əsirgəməyib. Təəssüflər olsun ki, sözügedən serial elə ilk həftədən uğursuz nəticə göstərdiyinə görə əməkdaşlıq şirkət tərəfindən rəsmiləşməyib. Yəni, "Baku Art Lab" və "Sipark İnşaat" arasında reklam əməkdaşlığını təsdiq edəcək heç bir rəsmi müqavilə yoxdur. Rəsmi sənədin olmamasına baxmayaraq, "Baku Art Lab" rəhbərliyi məsuliyyətsizlik, yaxud da işbilməzlik göstərərək efirdə 2 ay şirkətin reklamını sponsor kimi təqdim edib. Halbuki, reklamın yayımlanması üçün heç bir rəsmi müqavilə nə "Baku Art Lab", nə də serial yayımlanan televiziya ilə yoxdur. Öz məsuliyyətsizlikləri və işbilməzliklərindən çıxılmaz durumda qalan "Baku Art Lab" indi başqasını ləkələməklə əsassız şəkildə fırıldaqçılıqda ittiham edir. Normal əməkdaşlıqlar sivil şəkildə danışıqlıqlar aparıldıqdan sonra rəsmi müqavilə əsasında başlayır".