Sezən Aksunun ermənilərlə bağlı fikirlərinə görə Türkiyə hökumətinə müraciət olunacaq
17:55 / 14.02.2018
1036
İstanbuldakı Türkiyə-Azərbaycan Həmrəyliyi və Mədəniyyəti Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu Türkiyənin tanınmış müğənnisi Sezən Aksunun ermənilərlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Səfər Qaraqoyunlu Sfera.az-a bildirib ki, Sezen Aksunun həyat yoldaşı erməni olub:
"Sezən Aksunun kökündə erməni qarışığının olması mütləqdir. Ona görə də zaman-zaman Sezən Aksu bunu biruzə verir. Biz onun bu hərəkətini qınayırıq. Sezən Aksunun ermənilərlə bağlı söylədiyi fikirlər Türkiyənin mövqeyi deyil. Bu, onun şəxsi düşüncələridir. Türkiyə-Azərbaycan Həmrəyliyi və Mədəniyyəti Dərnəyi olaraq biz də müvafiq qurumlara bu barədə müraciət edəcəyik, bəyanatımız olacaq. Biz Sezən Aksunun bu hərəkətini qınayırıq".
Səfər Qaraqoyunlu vurğulayıb ki, hazırda Türkiyədə yaşayan xeyli sayda erməni var:
"Onlardan bəziləri pis, bəziləri isə yaxşı niyyətlidir. Hətta, bu gün Türkiyənin aparıcı siyasi partiyalarında da təmsil olunan ermənilər var. Həmin ermənilər Türkiyə dövlətinin suverenliyinə və bayrağına hörmətlə yanaşır, dövlətin güclənməsi uğrunda çalışırlar. Bu mənada Sezən Aksunun ermənilər haqqında söylədiyi fikirlərin pis niyyətlə olmadığını düşünürəm. Amma istənilən halda Sezən Aksu "ermənilərə canım qurban" deməməli idi. Burada qardaş azərbaycanlıları nəzərə almaq lazım idi".
Aydan Lətifova