“Səsvermə zamanı xeyli vaxt növbədə qaldım” – Sabiq nazir ATƏT-in bəyanatını PİSLƏDİ

“Səsvermə zamanı xeyli vaxt növbədə qaldım” – Sabiq nazir ATƏT-in bəyanatını PİSLƏDİ
"Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrilə bağlı ATƏT nümayəndələrinin verdiyi bəyanat əvvəlcədən hazırlanmış və Azərbaycandakı reallıqları görmək istəməyən qrupların qərəzli mövqeyidir”. 

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil naziri Misir Mərdanov bildirib.

Misir Mərdanov deyib ki, ən vacib məsələ Azərbaycan xalqının istəyi və seçimidir:

"Mən seçkilər ərəfəsində İsmayıllı və Qobustan rayonlarında görüşlər keçirtmişəm. Demək olar ki, həmin rayonların bütün kəndlərinin əhalisi ilə görüşmüşəm, tədbirlərdə iştirak etmişəm. Ona görə də deyə bilərəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti İlham Əliyevi prezident görmək istəyirdi. Seçkilər zamanı da bu nəticəyə nail olundu. İndi kim nə deyirsə, desin. Əsas xalqın seçdiyi namizəddir”.

Keçmiş nazir qeyd edib ki, prezident İlham Əliyevin qələbə qazanması münasibətilə dünyanın bir çox dövlət başçıları Azərbaycana təbrik məktubu göndərir:

"Bütün beynəlxalq təşkilatların rəhbərləri də cənab İlham Əliyevi təbrik edərək, ona uğurlar arzu edirlər. Ona görə də ATƏT-in hər hansı nümayəndəsinin verdiyi qərəzli bəyanatlara çox da fikir vermək lazım deyil. Çünki həmin sənədlər Azərbaycanın uğurlarını istəməyən qüvvələr tərəfindən əvvəlcədən hazırlanıb. Bizim üçün əsas xalqımızın seçimidir. Əsas odur ki, 11 apreldə xalq gəlib səsini verdi və İlham Əliyevi prezident seçdi. Bunu da bütün dünya gördü. Mən bütün seçkilərdə iştirak etmişəm. Ancaq heç bir zaman 11 apreldəki kimi seçici fəallığını müşahidə etməmişəm. Azərbaycan seçiciləri bu dəfə çox fəal idilər. Ailə üzvlərimlə bir yerdə mən də gedib səs verdim. İnanın ki, insanların çoxluğuna görə. nə qədər vaxt növbədə dayandıq. Yəni, insanlar kütləvi şəkildə gəlib səsvermədə iştirak edirdilər. Bu da onu göstərir ki, artıq Azərbaycanda ən yüksək səviyyədə seçki mədəniyyəti formalaşıb. Bu baxımdan da heç bir xarici təşkilat Azərbaycana hər hansı haqlı irad tuta bilməz”.

Orxan Məmmədov

OXŞAR XƏBƏRLƏR