Cəmİyyət

Sərdar Cəlaloğlu deputatın təklifini eşidib əsəbləşdi: "Bu biabırçılıqdır"

Sərdar Cəlaloğlu deputatın təklifini eşidib əsəbləşdi:
"Büdcəyə daxil olmadan cərimələrdən hansısa bir faizin deputatlara verilməsi quldurluq əlamətidir. Təklif bu mənada quldurluq etməyə oxşayır”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin cərimələrdən tutulan vəsaitin müəyyən faizinin deputatların maaşına əlavə edilməsi təklifinə münasibət bildirərkən ADP sədri Sərdar Cəlaloğlu deyib.
 
Partiya sədrinin fikrincə, belə təkliflə çıxış edənlər büdcənin nə olduğundan, necə formalaşdığından bixəbərdirlər:
 
"Cərimələrdən gələn vəsaitlər əslində dövlət büdcəsinə daxil olmalıdır. Dövlət büdcəsindən isə mənfəət kimi təqaüdçü də, deputat da maaş alır. Bu mənada nəyə görə, cərimələrdən ayrıca olaraq mütləq deputatlara pul verilməlidir? Bu onu göstərir ki, həmin təkliflə çıxış edənlərin büdcənin nə olduğundan, gəlirlərin necə formalaşmasından, əmək haqqının necə təyin olunmasından başları çıxmır. Nəticədə bu kimi cəfəng təkliflər irəli sürürlər. Bu gülməli təklifdir. Büdcəni təsdiq edən bu kəslər aldıqları mandatın mahiyyətini başa düşmür.
 
Düzdür, tutulan cərimələrdən yol polisinin əmək haqqına əlavələr daxil edilir. Bu da əslində yol polisində mövcud olan rüşvətin aradan qaldırılmasına xidmət edir. Yəni bu hal fərəhləndirici əmək haqqı sistemidir. Yaxşı işləyənin əmək haqqı, zəif işləyənin əmək haqqından çox olmalıdır. Amma deputatlar bir halda ki, cərimə toplamaqla məşğul deyilsə, oradan gələn vəsaitdən niyə onlara da ayrılmalıdır? Burada onların nə rolu var ki, cərimələrdən onlara da pay verilsin? Onda belə çıxır ki, hansı başqa bir qanun verilsə, ondan gələn gəlirdən də deputata pay düşməlidir. Deməli, fəhlələrin, pensiyaçıların əmək haqları, şəhid ailələrinə ayrılan vəsaitlərdən də pay götürə bilərlər. Ağılsız insanlar nə desən təklif edə bilər. Bu bir biabırçılıqdır. Hətta əmək haqqının nə olduğu barədə təsəvvürü olmayan insanlar guya millət vəkili olaraq parlamentdə oturub xalqın taleyini həll edirlər”.
 
Qeyd edək ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev təklif edib ki, cərimələrdən yığılan vəsaitin 3 faizi deputatlara əmək haqqına əlavə olaraq verilsin. Xatırladaq ki, cərimələrdən yığılan vəsaitin bir hissəsi onu toplayan yol polisi əməkdaşlarına əmək haqqına əlavə olaraq ödənilir. Bu fonda bir sıra deputatlar şirniklənərək, həmin paydan onlara da müəyyən faiz ayrılması eşqinə düşüb.
 
ELÇİN
Sfera.az
AdRiver

XƏBƏR LENTİ